Salmanlı R.
Bakının ən
böyük xiyabanlarından olan Azadlıq prospektindəki 161
saylı binada geniş təmir və yenidənqurma
işləri gedir. Çoxlarının diqqətini
çəkən bu ünvanda Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin Siyasi Partiyalar
və İctimai Hərəkatlar Dövlət Arxivi
yerləşir. Ölkə Prezidentinin 22 iyun 2007-ci il tarixli
Sərəncamı bu binaya ikinci həyat bəxş edib. Yeni
yaradılmış kitabxananın çox zəngin fondu var.
Kitabxanada müəyyən tarixi sənədlərlə
yanaşı, 120 min kitab, 45 minə yaxın müxtəlif
adda jurnal və 600 adda qəzet arxivi saxlanılır.
Azərbaycanın
qədim tarixinə, milli mədəniyyətinə
qayğı baxımından cari ilin yaz-yay aylarından
binanın kitabxana və arxiv fondlarında əsaslı
təmir və yenidənqurma işlərinə
başlanılıb. Binanın üzlüyündən
tutmuş bütün mərtəbələri,
ayna-qapıları, döşəməsi, tavanı, elektrik
və su xətləri, sanitar qovşaqları təzələnir.
Ustalardan Seyfulla Əliyev, Ramin Mirzəyev, Kamal Ramazanov Aslan
Aslanov və Əli Məmmədovun gördükləri iş
keyfiyyəti ilə seçilir. Yanğın
təhlükəsizliyinə qarşı həyətdə
hərəsi 400 və 150 kubluq iki yeraltı sututar tikilib,
inşa olunan 100 kubluq sututar isə içməli su
üçün nəzərdə tutulub.
Binanın bütün
mərtəbələrində xüsusi işıqlandırma
və istilik sistemlərinin çəkilişi başa
çatıb, yeni kondisionerlər quraşdırılıb.
Kitabxananın
maddi-texniki bazası zənginləşdirilib, müasir
surətçıxarma aparatları, faks və digər
avadanlıqlar alınıb. Arxiv və oxu zalları bu
günlərdə əsaslı təmirdən sonra
tədqiqatçıların və oxucuların
istifadəsinə veriləcək. Müasir
tələblərə cavab verən elektron kitabxana
yaradılacaq. Burada saxlanılan nadir kitabları,
jurnal-qəzet dəstlərini lazımi səviyyədə
qorumaq məqsədilə onların bərpasına,
cildlənməsinə, dezinfeksiyasına xüsusi fikir verilir.
Bəzi materialların surətləri çıxarılaraq
oxuculara təqdim olunur, əslləri isə xüsusi otaqlarda
mühafizə olunur. Yaxın gələcəkdə belə
kitab və qəzetlər xüsusi elektron disketlər vasitəsilə
oxucuların istifadəsinə veriləcəkdir.
Azərbaycan.- 2008.- 22 oktyabr.- S. 6.