Tahirov K.
Kitabxana işinə dair yeni
Dövlət Proqramı mədəni
dəyərlərimizə qayğının
təzahürüdür
"Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı"
Azərbaycanda kitabxana işinin inkişafında yeni bir
mərhələyə başlanğıc verən mühiim
sənəd oldu.
Bu Dövlət
Proqramı Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfındən işlənib
hazırlanmışdır. Təqribən bir il
yarımlıq qısa zaman kəsiyində respublikamızda
kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə
dair 2 mühüm sənədinin qəbul olunması bu gün
kitabxana quruculuğunun Azərbaycan dövləti
tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini
təsdiq edir. Bu fikir Dövlət Proqramının elə ilk
cümləsində aşağıdakı kimi təsbit
olunmuşdur: "Tarixi-mədəni, ədəbi-bədii
və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında,
nəsildən-nəslə çatdırılmasında
və cəmiyyətin intellektual, mənəvi
potensialının inkişafında əvəzsiz rol oynayan
kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi
bu sahədə əsaslı islahatların aparılmasını,
fondların müasir informasiya daşıyıcıları
ilə zənginləşdirilməsini, dünyanın
qabaqcıl kitabxana-informasiya müəssisələrinin
təcrübəsindən istifadə edilməsini, elektron məlumat
banklarının yaradılmasını, kitabxanaların maddi-texniki
bazasının möhkəmləndirilməsini zəruri edir
və bütün bunlar mədəniyyət sahəsində
dövlət siyasətinin əsas
prioritetlərindəndir."
Yaxın onilliklər
üçün Azərbaycanda kitabxana-informasiya sahəsinin
inkişafının əsas prioritet inkişaf istiqamətlərini
müəyyən edən Dövlət Proqramı iki
hissədən ibarətdir. Birinci hissədə 2008-2013-cü
illərdə ölkəmizdə kitabxana-informasiya sahəsinin
inkişafının əsas istiqamətləri və bu
yöndə həyata keçirilməsi vacib olan
tədbirlər öz əksini tapmış, ikinci
hissədə isə bu tədbirlərin həyata
keçirilməsi üzrə tədbirlər planı
təsdiq olunmuşdur.
Çox mühüm
əhəmiyyəti olan proqram sənədinin ilk
bölməsində Azərbaycanda kitabxana işinin
bugünkü vəziyyətinə ekskurs edilir, respublikanın
kitabxana şəbəkəsinin durumu, kitabxana fondlarının
zənginləşdirilməsi, kitabxanaların maddi-texniki
bazasının və texniki təchizatının
yaxşılaşdırılması istiqamətlərində
Azərbaycan hökuməti tərəfindən atılan
inamlı addımlardan bəhs edilir. Daha sonra 80-ci illərin
sonunda və 90-cı illərin əvvəllərində
ölkədə cərəyan edən hadisələr fonunda
respublikada kitabxana şəbəkəsinin iflic
vəziyyətinə düşməsindən, kitabxanaların
kitabla təchizatı sisteminin tam dağılmasından,
kitabxanalara gələnlərin və potensial oxucuların
sayının xeyli azalmasından və nəhayət bir
sıra kitabxanaların bağlanmasından, bütün
bunların məntiqi nəticəsi olaraq ölkə
kitabxanalarının 90 faizindən çoxunun müasir
tələblərə cavab verməməsindən bəhs
olunur.
Belə bir
şəraitdə ölkədə fəaliyyət
göstərən 12 mindən artıq kitabxananın kitab
fondlarının zənginləşməsində
"Azərbaycan dilində latın qrafıkası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamın
əhəmiyyəti xüsusi qeyd olunur. Bu sərəncama
əsasən artıq 450 adda kitab hər biri 25 min nüsxə
tirajla və ümumilikdə 10 milyon nüsxədən
artıq olmaqla çap edilərək ölkə Prezidentinin
hədiyyəsi kimi təmənnasız olaraq
kitabxanalarımıza göndərilmişdir ki, bu gün
həmin kitablar ölkə kitabxanalarının latın
qrafikası ilə çap olunmuş kitab fondunun əsas
özəyini təşkil edir. Artıq nəşrinə
başlanılan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası",
100 cildlik "Dünya uşaq ədəbiyyatı
kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı
kitabxanası" seriyasından kitabların çap
olunması respublika kitabxana şəbəkəsinin latın
qrafikalı ədəbiyyat fondunun tam şəkildə
formalaşması ilə nəticələnəcəkdir.
Ölkə Prezidenti tərəfindən həyata
keçirilən bu məqsədyönlü tədbirlər nəticəsində
artıq kitabxanalarımızın 90-cı illərin
əvvəllərində itirdikləri oxucuların yenidən
kitabxanalara qayıdışı prosesi başlanmışdır.
Qloballaşma
dövründə informasiya-kommunikasiya texnologiyalarının
kitabxana işinə tətbiqi mühüm əhəmiyyət
kəsb edir və Dövlət Proqramında Azərbaycan
kitabxanalarında bu istiqamətdə görülən
işlərdən danışılır. M.F.Axundov adına
Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi
Kitabxanasında, Dillər Universitetinin, Xəzər universitetinin,
Qərb Universitetinin kitabxanalarında, F.Köçərli
adına Dövlət Uşaq Kitabxanasında və digər
kitabxanalarda elektron kataloqların və elektron kitabxanaların
artıq yaradıldığı qeyd olunsa da, hələ bu
sahədə xeyli işlərin görülməsinə
ehtiyac olduğu göstərilir.
Təkcə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan kitabxanaların
cəmi 4-də (0,07%) kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması işlərinə
başlanılmışdır, cəmi 14 kitabxana (0,19%)
İnternet xidmətlərindən istifadə edə bilir.
Bütün bunlar isə müasir qloballaşma və informasiyalı
cəmiyyət quruculuğu şəraitində, dünya
miqyasında kompyuterin və İnternetin insanların
məişətinə daxil olduğu bir vaxtda çox
aşağı göstəricidir.
Kitabxana-informasiya sahəsində
mövcud olan ciddi problemlərdən biri də kitab
fondlarının mühafizəsi ilə əlaqədardır.
Ölkə kitabxanalarının demək olar ki, tam
əksəriyyətində kitabların mühafizəsi
üçün elementar şərait belə yoxdur,
qiymətli kitabların etibarlı mühafizə olunaraq
gələcək nəsillərə
çatdırılması məqsədilə
yaradılmış xüsusi mühafizə
şəraitindən danışmaq isə heç
mümkün deyildir: xüsusi bərpa mərkəzləri,
diqitallaşdırma-skanerləşdirmə və
mikrofilmləşdirmə, nadir kitabların elektron
daşıyıcılara köçürülməsi
üçün avadanlıqlar yoxdur. Hətta M.F.Axundov
adına Milli Kitabxananın nəzdində də tarixi
yaddaşımız olan qiymətli kitabların bərpası
və konservasiyası üçün emalatxana da yoxdur.
Nəhayət
kitabxanaların maddi-texniki bazasının zəifliyi, onların
əksəriyyətinin binalarının yararsız və qəza
vəziyyətində olması, kadrların peşə
hazırlığının aşağı olması və
s. amillər ölkədə kitabxana işinin
inkişafında ciddi problemlər yaradır.
Məhz
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı" respublikamızda kitabxana-informasiya
sahəsində mövcud problemlərin sistemli
şəkildə həllinə yönəldilmişdir.
Dövlət
Proqramının növbəti bölməsində onun
məqsəd və vəzifələri geniş şərh olunur.
Sənəddə göstərilir ki, proqramın əsas
məqsədi "Kitabxana işi haqqında" Azərbaycan
Respublikası Qanununda nəzərdə tutulan müddəalara
uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasətinin
həyata keçirilməsini, ölkədə mədəni sərvətlərin
toplanmasını, mühafizəsini və onlardan istifadə
imkanlarının artırılmasını təmin
etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya
sahəsində yeni texnologiyaların tətbiqi və
istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun
yaradılması, istifadəçilərə
göstərilən kitabxana-informasiya xidmətinin dünya
standartları səviyyəsinə çatdırılması,
habelə əhalinin fasiləsiz təhsilinin təmin
edilməsi üçün şəraitin yaradılmasından
ibarətdir.
Daha sonra bu
məqsədlərə nail olmaq üçün
qarşıda duran əsas vəzifələrin şərhi
verilir. Bunların sırasında: beynəlxalq standartlar və
normativ hüquqi aktlar əsasında ölkədə
fəaliyyət göstərən kitabxanaların
modernləşdirilməsi, kitabxana sahəsində
köklü islahatların aparılması və
kitabxana-informasiya resurslarının dünya məkanına
inteqrasiyasının təmin edilməsi, elektron informasiya
fondlarının formalaşdırılması və virtual
kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan
ədəbiyyatının virtual kitabxanası"nın
təşkili, elektron kataloq və elektron kitabxanaların
inkişaf etdirilməsi, kompyuterləşdirilmiş kitabxana
infrastruktrunun qurulması və kitabxanaların yeni informasiya
texnologiyaları ilə təchiz edilməsi, Beynəlxalq
Kitabxanalar və Cəmiyyətlər Assosiasiyası, Avropa
Milli Kitabxanalar Konfransı Təşkilatı, ABŞ-ın
Kitabxana Assosiasiyası və digər beynəlxalq
təşkilatlarla əməkdaşlığın
genişləndirilməsi, mövcud kitabxana binalarının
təmiri və müasir tipli yeni kitabxana binalarının inşası
və digər ən vacib vəzifələr göstərilmişdir.
Birinci hissənin üçüncü
bölməsi Dövlət Proqramının icrasının
əsas istiqamətlərinə həsr olunmuşdur. Burada
yuxarıda qeyd olunan vəzifələrin icrası
üçün bir neçə istiqamətdə
işlərin aparılmasının nəzərdə tutulduğu
göstərilir. Bütün işlərin kitabxana
fondlarının kitabla təchizatı sisteminin
yaradılması və müasir tipli informasiya
daşıyıcıları ilə təmin edilməsi, kitabxanaların
kompyuter və informasiya-proqram təminatı, respublika
avtomatlaşdırılmış kitabxana-informasiya
şəbəkəsinin yaradılması, xalqımızm
zəngin mədəni irsinin və informasiya ehtiyatlarının
mühafizəsi və gələcək nəsillərə
çatdırılması nəzərdə tutulur.
Həmçinin əhaliyə kitabxana xidmətinin
əhatə dairəsinin genişləndirilməsi, forma və
məzmunca yeniləşdirilməsi, respublika kitabxana
şəbəkəsinin idarəetmə strukturunun
təkmilləşdirilməsi və kadr islahatlarının
həyata keçirilməsi, kitabxana işi sahəsində
elmi tədqiqatların aparılması, yeni kitabxana
binalarının tikilməsi və kitabxanaların maddi-texniki
bazasının müasir dövrün
tələblərinə uyğun möhkəmləndirilməsi
də xüsusi olaraq qeyd edilir. Kitabxanaların beynəlxalq
əlaqələrinin genişləndirilməsi, M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir tipli informasiya texnologiyaları
ilə təmin edilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi yolu ilə həyata
keçirilməsi burada əksini tapmışdır.
Dövlət
Proqramında nəzərdə tutulan bütün
tədbirlərin Dövlət büdcəsinin vəsaiti
hesabına və qanunvericiliklə qadağan olunmayan digər
mənbələrdən gələn gəlir hesabına
maliyyələşdirilməsı nəzərdə tutulur.
Birinci hissənin sonuncu
bölməsi "Gözlənilən
nəticələr" adlanır və burada Dövlət
Proqramında nəzərdə tutulan bütün
tədbirlər kompleksinin uğurla həyata
keçirilməsi nəticəsində əldə olunması
gözlənilən nəticələr sadalanır.
"Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın ən vacib və əsas hissəsi “Dövlət
Proqramının həyata keçirilməsi üzrə
Tədbirlər Planı" adlanır. Bu hissədə sənədin
birinci hissəsində nəzərdə tutulan bütün
tədbirlər kompleksinin icrasının müddətləri
və icraya məsul olan təşkilatlar
müəyyənləşdirilmişdir.
Dövlət
Proqramının ikinci hissəsində kitabxana
fondlarının müasir komplektləşdirmə mexanizminin
yaradılması, kitabxanaların kompyuter və
informasiya-proqram təminatı, respublika
kompyuterləşdirilmiş kitabxana-informasiya
şəbəkəsinin yaradılması və
inkişafı Azərbaycan Respublikasının milli-mədəni
irsinin və informasiya ehtiyatlarının qorunması və
gələcək nəsillərə çatdırılması,
kitabxana xidmətinin əhatə dairəsinin
genişləndirilməsi, onun forma və məzmunca
yeniləşdirilməsi, kitabxana şəbəkəsinin
idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin
optimallaşdırılması və kadr islahatlarının
həyata keçirilməsi və s. məsələlər
əhatə edilmişdir. Burada həmçinin kitabxana işi
sahəsində elmi tədqiqatların aparılması,
kitabların hazırlanması və nəşri, yeni kitabxana
binalarının tikilməsi, yeni və fəaliyyət
göstərən kitabxanaların maddi-texniki bazasının
müasir tələblərə uyğun möhkəmləndirilməsi
kitabxanaların beynəlxalq əlaqələrinin inkişafi
və beynəlxalq tədbirlərin təşkili
məsələlərinə də xüsusi yer verilir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir informasiya texnologiyaları
ilə təmin edilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi Dövlət Proqramında
xüsusi yer tutur.
Artıq, 2009-cu ilin
investisiya proqramında M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının yenidən qurulması,
modernləşdirilməsi və müasir
tələblərə uyğun texniki təchizatının
gücləndirilməsi məqsədilə müəyyən
vəsaitin nəzərdə tutulması "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın müvəffəqiyyətlə yerinə
yetiriləcəyindən xəbər verir.
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü
ilə Almaniyadan, Avstriyadan, Belorusdan yüksək ixtisaslı
mütəxəssislər dəvət olunaraq layihə-smeta
sənədləri hazırlanmışdır və 2009-cu
ilin əvvəlindən Milli Kitabxanada əsaslı
yenidənqurma işlərinə başlanılacaqdır.
Azərbaycanda kitabxana
sahəsinin inkişafına dair Dövlət Proqramının
təsdiq olunması ölkə mədəniyyətinin
inkişafına, milli-mənəvi dəyərlərimizin
mühafizəsinə diqqət və qayğısının
bariz nümunəsi, müstəqil Azərbaycan
mədəniyyətinin inkişafına yönəldilən Heydər
Əliyev siyasətinin uğurlu davamıdır.
Xalq qəzeti.- 2008.- 15 oktyabr.- S. 5.