Ələddinqızı N.

 

                   “Prezident İlham Əliyev və mədəniyyət”

                  ikicildlik kitabının təqdimat mərasimi keçirildi

 

Dünən Muzey Mərkəzində Prezident İlham Əliyevin mədəniyyət sahəsində 5 illik uğurlu fəaliyyətini əks etdirən "Prezident İlham Əliyev və mədəniyyət" ikicildlik kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış ziyalılar, mədəniyyət xadimləri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdilər. Toplu Mədəniyyət və Turizm Nazirliyi və Prezident Kitabxanasının birgə layihəsidır.

Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm naziri, layihənin rəhbəri və baş məsləhətçisi Əbülfəs Qarayev açaraq, sənətkarlar diyarı olan Azərbaycanımıza məhz sənəti duyan, qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsini mədəniyyətimizin böyük uğuru olduğunu bildirdi. O, Prezidentin xalqın milli xüsusiyyətlərinin qorunub saxlanmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq, dediyi fikirləri xatırlatdı: "Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur". Xalqın iftixar mənbəyi  olan  mədəniyyətin çiçəklənməsi, yeniləşməsi  prosesi  get-gedə daha böyük vüsət alır.

İlham Əliyev Prezident secildiyi ilk gündən mədəniyyətin  inkişafına  böyük diqqət və  qayğı  göstərmiş, mədəniyyəti dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxlamışdır. Nazir Azərbaycanın  mədəniyyət salnaməsinin qızıl səhifələrini əks    etdirən bu toplunun vətənini, xalqını sevən, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət bəsləyən hər bir insanın stolüstü kitabı olacağına əminliyini bildirdi.

Qeyd edim ki, kitabın tərtibçiləri Lətifə Məmmədova və Mayıl Əhmədov, elmi məsləhətçiləri Teymur Əhmədov və Əli Eyvazovdur.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi Ramiz  Zöhrabov, xalq artisti Arif Babayev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, xalq artisti İlham Namiqkamal, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, "Azərbaycanfilm" kinostudiyasının direktoru, xalq artisti Xamis Muradov və b. iştirak edirdilər.

Tədbirdə çıxış edənlər müstəqililk illərində Azərbaycan xalqının mənəvi potensialının daha da zənginləşməsindən söz açdılar. Bu gün milli mədəniyyət və incəsənət ideoloji buxovlardan azad olaraq azərbaycançılıq məfkurəsi əsasında inkişaf etmişdir. Dövlət Azərbaycanın mədəni həyatının daha da inkişafı üçün öz işini davam etdirməkdədir. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan mələniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyət, elm xadimlərini hər zaman diqqətdə saxlamışdır və bu gün Azərbaycanda bu ideologiya eyni tərzdə davam etdirilir.

Müsəlman Şərq aləmində ilk kinonun və ilk operanın yaradıcısı olan Azərbaycan xalqı mədəniyyətinin yeni yüksəliş mərhələsini yaşayır. Muğam Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirən xalq sənətidir. Bu sənətin YUNESKO-nun dünya irs siyahısına daxil olması bütövlükdə onun nə dərəcədə unikal sənət növü olduğunu bir daha təsdiqləyir. Klassik ədəbiyyat nümunələrinin müəlliflərinin yaradıcılığına və sənətinə dövlət tərəfindən verilən qiymət də, hər zaman bu sahə mütəxəssislərinin sevincinə səbəb olmuşdur.

"İlham Əliyev və mədəniyyət" toplusu dünya azərbaycanlılarına ölkə Prezidentinin 24 noyabr 2003-cü il tarixi təbrik məktubu ilə başlayır. Ramazan bayramı, Beynəlxalq Qadınlar Günü, Novruz bayramı və digər bayrmalarla bağlı Prezidentin ünvanladığı təbriklər də kitabda yer almışdır. Azərbaycan mədəniyyət və incəsənətini mütəmadi olaraq izləyən ölkə Prezidenti ənənəvi beynəlxalq Şərq-Qərb kinofestivalına, xalq şairi Vaqif Səmədoğluna, Nəbi Xəzriyə və onlarla belə sənətkarlara ünvanladığı məktub və müraciətlərin hər birində İlham Əliyev cənablarının dövlətçilik siyasətində mədəniyyət və incəsənət xadimlərinə ayırdığı diqqət özünü büruzə verir.

Kitabda İlham Əliyev cənablarının bir çox sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamlar və fərmanlara xüsusi yer verilmişdir. Mədəniyyət və Turizm Nazirliyimn fəaliyyətinin təkmilləşdirilməsi, incəsənət xadimlərinə dövlət qayğısının artırılması, Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq işlərinin yaxşılaşdırılması, tarix və mədəniyyət abidələrinin qorunması, mədəniyyət və ədəbiyyat sahəsində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyədə əsərlər yaratmağa təşviq etmək və s.

İlham Əliyev cənablarının fərmanlarının hər birində mədəniyyət və incəsənətimizin bu və ya digər sahələrində inkişafı nəzərdə tutulmuşdur. Eyni zamanda, fəxri adlar və mükafatların verilməsi, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamların hər biri məhz mədəniyyətimizin təməl daşının möhkəmlənməsinə istiqamətlənib.

Tədbirdə çıxış edənlərin hər biri İlham Əliyev cənablarının beşillik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərdən, dövlət rəhbərinin mədəniyyət və incəsənət işçilərinin maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində gördüyü işlərdən söz açaraq, qarşıdan gələn prezident seçkilərində İlham Əliyev cənablarına səs verəcəklərini bildirdilər.

 

Səs.- 2008.- 11 oktyabr.- S. 16.