Cabbarlı A.
Min çinarlı
“Heydər parkı”
Qədim
dövrlərlə, elə indinin özündə də
şəhərlər ilk növbədə yaşıl
libası, yaşı əsrlərlə
ölçülən, insanlara kölgəlik, rahatlıq,
təmiz hava bəxş edən qos-qoca ağacların, cavan
pöhrələrin bəzədiyi park və xiyabanları,
məxmər çəmənlikləri ilə
seçilib, sevilib, şöhrət tapıblar.
Şəhərlər də eyni ilə insanlar kimidir -
həmişə təmiz, pak, səliqə-sahmanlı olmaq
istəyindədirlər. Bu, bir həqiqətdir
ki, özünə hörmət qoyan insanlar ilk
növbədə yaşadıqları, qoynuna
sığındıqları yurdun yaraşığına,
abadlığına öz əzizlərinə,
övladlarına bəslədikləri hissləri, ən
ülvi duyğularını
əsirgəməməlidirlər. Əks halda, oturduğu
budağı mişarlayan nadanlar təki sonralar
əlimizi dizimizə vurmaqla sadəcə olaraq,
peşimançılıq çəkməkdən savayı
çarəmiz qalmaz.
Bakını -
paytaxtımızı sevir, nazını çəkməyi
özümüzün vətəndaşlıq borcu
sayırıq. Tələbə də,
məmur da, bağban da bu barədə düşünür,
qələm sahibləri də. Paytaxtın yaşıl
libasının həmişə təzə-tər, gözəgəlimli
olması üçün hər kəs əlindən
gələni edir. Doğrudur, ara-sıra yaşıl
pöhrələrə balta çalan, uzun illərin
bağ-bağçasına buldozer saldıran
kəmfürsətlərə də rast gəlirik. Yeni
yaşayış binalarının, şadlıq evlərinin,
müxtəlif təyinatlı obyektlərin tikintisi
bəzən Bakının yaşıl köynəyində
silinməz, xoşagəlməz izlər, yamaqlar qoyur. Yolboyu
sıralanan ağacların dibi yararsız torpaqla doldurulur,
qalaq-qalaq inşaat materialları təbiətin incilərinin
nəfəsini kəsir, günün günorta
çağı ağaclar doğranır. Belə
əməllərin qarşısını almalı olanlar
isə açıq-aşkar biganəlik
göstərırlər. Beləliklə də,
gözümüzün qabağındaca səhralaşma
prosesinə, oksigen qıtlığına, tamamilə boz bir
həyatın başlanğıcına rəvac verilir.
Müdriklər deyib ki,
hansı məmləkətin yaşıllığı
çoxdursa, o diyarın məzarlığı az olar. Bu,
bir danılmaz həqiqətdir ki, ekoloji tarazlığın
qorunması, yaşıllıqların artırılması
sağlamlığın əsasıdır. Mütəxəssislərin
hesablamalarına görə, yağışdan sonra ağac
dibindəki mamır, yaxud otun hər kvadratmetri təxminən
dörd litr su saxlayır. İqlimin saflığı, oksigenin
bolluğu xeyli dərəcədə
yaşıllığın çoxluğu ilə
bağlıdır və biz bu faktı heç vaxt yaddan
çıxarmamalıyıq. "Aqraliya" MMC-nin
baş direktoru, təcrübəli yaşıllıq
təsərrüfatı işçisi Eyvaz Hümbətov
ekoloji maarifləndirmənin və tərbiyə işlərinin
səviyyəsinin qaldırılmasını
günümüzün zəruri problemi hesab etdiyini bildirir.
- Əgər
şəhərin hər hansı məktəbində, yaxud
sənaye müəssisəsində bir ağacın
budağı qırılırsa, yol kənarındakı xan
çinarın dibinə sement kisələri, taxta-şalban
qalaqlanırsa, neçə ilin zeytun bağı buldozerin
qabağına verilirsə, deməli, biz sadəcə,
keçmişimizə balta çalır,
gələcəyimizi məhv edirik.
Uzun illər paytaxtın
yaşıllaşdırma işlərinə rəhbərlik
edənlərdən biri olan Eyvaz Hümbətov hələ
ötən əsrin 60-cı illərində təbiətin
böyük dostu kimi ad-san qazanan akademik Həsən
Əliyevin təşəbbüsü ilə Bakının
əksər guşələrində, əsasən də
sənaye müəssisələrinin həndəvərində
zəhərli qazlardan qorunmaq məqsədilə yaşıl
mühafizə zolaqlarının salındığını
xatırlayır: "Görkəmli alimin
təşəbbüsü və bilavasitə iştirakı
ilə təkcə 8-ci kilometr qəsəbəsində
neftayırma müəssisələri ilə
yaşayış massivi arasında təxminən min hektar
ərazidə minlərlə qarağac, eldar şamı,
sərv və küknar ağacları əkilmişdi. Bu
yerlər əslində bütöv meşəliyə
dönmüşdü. Amma çox təəssüf ki, uzun
illər min bir əziyyət, xüsusi qayğı hesabına
başa gələn yaşıl zolaqdan indi
əsər-əlamət yoxdur. Yerində isə restoranlar,
şadlıq evləri tikilib. Görəsən bu
işlərə qol qoyanlar ulu öndər Heydər
Əliyevin "Bir ağacın budağı
kəsiləndə elə bilirəm ki, qolumu
kəsirlər" məşhur kəlamını niyə
yaddan çıxarırlar. Görkəmli siyasi
xadim xalqımızın yaddaşında həm də
yaşıllığın, abadlığın
himayəçisi kimi, gözəlliyə qəsd
edənlərə qarşı barışmazlığı
ilə yaşayır. Ümummilli lider Azərbaycana
rəhbərlik etdiyi müddətdə xalqımızı
fərqləndirən həmişəyaşar ənənələrə, bəşəri
dəyərlərə üstünlük verirdi. Ötən
əsrin 70-80-ci illərində onun şəxsi
təşəbbüsü və iştirakı ilə
Şıx yamacında salınan "Dostluq" parkı bomboz
ərazidə yaranan əsil cənnəti
xatırladırdı. Amma bu gün ürək
ağrısı ilə demək lazımdır ki, bu
yaşıllıqlardan, gözəlliklər ünvanından
əsər-əlamət qalmayıb.
Vaxtilə Heydər
Əliyev prospekti ətrafında, Milli parkda
yaşıllaşdırma işlərində xüsusi
fəallıq göstərmiş E.Hümbətovun
başçılıq etldiyi "Aqraliya" MMC -nin Ramana
qəsəbəsi yaxınlığında 13 hektar tinglik
sahəsi var. 60 nəfərin çalışdığı
(onlar əsasən qaçqın və məcburi
köçkünlərdir), 4 istixananın fəaliyyət
göstərdiyi təsərrüfatın kollektivi istər
xarici ölkələrdən gətirilən ağac və
gül kollarının yerli mühitə
uyğunlaşdırılması, istərsə də
yalnız Azərbaycan şəraitində yetişən
tinglərin hazırlanması ilə məşğuldur. Eyvaz müəllim bildirir ki, hazırda
təsərrüfatda mindən çox xan çinar, yüz
minlərlə sərv, akasiya, evkalipt, eldar şamı,
yasəmən, naznazı, palma, evonimus, dovşan alması,
zərinc, ərik, lequstrum və digər bəzək və
meyvə ağacları, gül kolları yetişdirilir.
Ölkədə elmin, mədəniyyətin,
təhsilin inkişafında misilsiz xidmətlər
göstərən Heydər Əliyev Fondunun
"Hərəyə bir ağac əkək"
təşəbbüsünə ürəkdən qoşulan
və bu təşəbbüsü əməli
fəaliyyəti ilə dəstəkləyən kollektiv
Heydər Əliyev adına Bakı Dərin Dəniz
Özülləri Zavodunda, "Hyatt Regensy" mehmanxanasının
həyətində, paytaxtın yeni yaşayış
komplekslərində, respublikanın bir sıra rayonlarında
landşaft dizaynı, drenaj və digər
bəzək-tərtibat işlərini həyata keçirir.
- Ən böyük
arzumuz paytaxt ərazisində min çinarlı "Heydər
parkı" salmaqdır. Bu ideya hələ 2000-ci ilin
aprelində 6-cı mikrorayonun ərazisində görkəml
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
adını daşıyan parkın açılış
mərasimində ortaya çıxıb. O vaxtlar 1-ci
Yaşıllaşdırma trestinin rəhbəri idim və
ümummilli lider parkda öz yaşıl avtoqrafını
qoyarkən ürəyimdən keçən fikri
özümdə cəsarət tapıb Heydər
Əliyevə açıqladım. Söhbət
şəhərin abadlığından,
yaşıllıqların artırılmasından getdiyi
üçün razılaşdı və paytaxtın
gözəlləşdirilməsi naminə hər cür
imkanlardan səmərəli istifadə edilməsi
zərurətini xatırlatdı, tövsiyələrini verdi.
İndi çalışdığım kollektiv bu
təşəbbüsün
reallaşdırılmasına tam hazırdır. Kifayət
qədər çinar tingi yetişdirmişik. Sadəcə,
park üçün müvafiq ərazi ayrılmasına
ehtiyac var. Sözün düzü, bu işi hansısa
parkın, bağın bazasında görmək istəmirik.
Qoy lap baxımsız, yararsız ərazi olsun,
şəhərdən kənarda yerləşsin, oranı
əsil cənnətə döndərmək
mümkündür. Onsuz da paytaxt həndəvərində
gəzintiyə çıxmaq, dincəlmək, qonaq-qara
yanında öyünmək üçün bütün
parametrlərə cavab verən istirahət zonasına ciddi
ehtiyac duyulur. Belə yerlər Moskva, Kiyev, Sankt-Peterburq, Tallinn
ətrafında qədərincədir. Niyə bizdə də
olmasın? Kollektivimiz müasir standartlara cavab verən, üz
ağardası mədəniyyət və istirahət
guşəsi yaratmağa qadirdir. Təbii ki, bu
məsələdə Heydər Əliyev Fondunun mənəvi
dəstəyinə, digər strukturların yardımına da
bel bağlayırıq. İdeyamızın gerçəkləşdirilməsi
ulu öndərin xatirəsinə bəslədiyimiz
ehtiramın ifadəsi və vətəndaş borcumuzun
yerinə yetirilməsi demək olardı.
Heydər Əliyevin
xatirəsinə salınacaq park yeganə layihəmiz deyil. Kollektivin ümumi yığıncağında daha
bir qərarın gerçəkləşdirilməsi ilə
bağlı müzakirələr aparmışıq.
Şəhərin istənilən prospekt və ya
küçəsinin landşaft memarlığını
həyata keçirmək, abadlaşdırılmasını,
gözəlləşdirilməsini öz üzərimizə
götürmək niyyətindəyik. Həmin
ərazinin tamamilə yeniləşməsi, görkəminin
dəyişməsi üçün əlimizdən
gələni etməyə hazırıq.
E.Hümbətov
söhbətində yol qıraqlarında, körpülərin
və yolötürücü qovşaqların
kənarlarında həmişəyaşıl ağacların
və bəzək kollarının əkilməsində rast
gəlinən uyğunsuzluq barədə də fikirlərini
bildirdi:
- Şəhərin
yaşıllaşdırılması ilə məşğul
olan strukturların bu sahədəki fəaliyyəti
alqışlanmalıdır. Lakin bəzi xırda
nüanslar sonradan problemlər yaradır. Fikir vermisinizsə,
küçə və prospektlər boyunca sarı
çiçəkləri olan evonimus kolları
basdırılır. Bu kollar Abşeronun sərt,
küləkli iqliminə o qədər də tab gətirmir,
tezliklə sıradan çıxırlar. İrandan
yüksək qiymətə alınıb gətirilən
kolları yenidən həmin çalalara basdırırlar. Bu proses ildə neçə
dəfə təkrar olunur, bir Allah bilir. Belə
israfçılıq kimə lazımdır? Bunun
əvəzində yerli mühitdə yetişdirilən,
zəhərli istehsalat qazlarından, nəqliyyat
vasitələrinin tüstüsündən qorunmaqda
əvəzi olmayan eldar şamı,
küknar və sərv ağaclarının əkilməsi
daha məqsədəuyğundur. Uzun illər
belə olub və faydası göz qabağındadır.
Vaxtilə Aeroport şosesi, Heydər Əliyev
prospekti boyu əkilən iki-üç sıralı
ağaclar həm yaraşıq verirdi, həm də ekoloji
tarazlığı qoruyurdu. Elə vaxtlar
olurdu ki, müəyyən hökumət tədbirləri,
xarici qonaqların gəlməsi ərəfəsində biz
həmin ağacları yanğınsöndürən
maşınların köməyi ilə yuyub
təmizləyirdik. Ağaclara,
yaşıllıqlara qulluqla bağlı gərək hər
cür imkandan səmərəli istifadə edəsən,
yağışın yağmasını, qarın
düşməsini gözləməyəsən. Yeri gəlmişkən, yol qıraqlarındakı
alçaqboylu ağac və kollar qara, toz-torpağa
dözümsüz olur və tez sıradan
çıxırlar. Bu cür kollar
körpülər üzərindəki aralıq
məsafədə əkilsə, daha yaxşıdır. Yoxsa, körpülərin üstündə
hündür ağacları basdırırlar ki, bu da potensial
qəza deməkdir. Bərk
küləklər əsəndə, qar yağanda bu
ağacların qırılıb maşınların
üstünə düşməyəcəyinə heç
kəs zəmanət verməz.
"Aqraliya" MMC-nin
işçiləri yalnız ağac və gül
kollarını yetişdirməklə deyil, həm də
ayrı-ayrı təşkilatlarda, ofislərdə,
mənzillərdə saxlanılan otaq güllərinin
yetişdirilməsi və qulluğu ilə də
məşğuldurlar. E.Hümbətov bu işin olduqca xeyirxah mahiyyətini
açıqlayarkən onu da dedi ki, Azərbaycana gələn
hər bir xarici qonağın, turistin, iş adamının
ölkəmiz haqqındakı təəssüratı məhz
bu gül-çiçəklə, bəzək və meyvə
ağacları ilə təmasdan qaynaqlanır. Onlar dərhal
aydın dərk edirlər ki, təbiətin yetişdirdiyi
incilərin, gözəlliyin həmişəyaşıl
daşıyıcılarının qayğısını,
nazını çəkənlər mütləq incə
qəlbli, ürəyiyumşaq, gözələ və
gözəlliyə həssas olmaqla vətənini
ürəkdən sevən, insanlığa məhəbbət
bəsləyən, qədir-qiymət bilən, bu
gününü və gələcəyini düzgün
dəyərləndirən, dostun, qonağın qədrini
bilən insanlardır.
Azərbaycan.-
2008.- 24 oktyabr.- S. 5.