Hidayətova E.
Mingəçevirin qurucularının
şərəfinə park
salınır
Son vaxtlar dövrü
mətbuatda Mingəçevirlə
bağlı çox yazılar dərc olunur. Təbii ki, İkinci Dünya müharibəsindən
sonra salınmış
bu şəhərin dünəninin, bu gününün gündəmdə
olması sevindiricidir.
Lakin təəssüf
doğuran odur ki, bəzi yazarlar bu şəhərin
dünənindən söz açarkən müəyyən
yanlışlıqlara yol verirlər. Bu
barədə bizimlə
söhbətində Mingəçevir
şəhərinin tarixi
ilə bağlı bir neçə kitab (“Onlar Mingəçeviri
qurmuşlar”, “İslam
İslamzadə”, “Ayrılıq
karvanı”) ərsəyə
gətirmiş Pənah
Qurbanzadə məlumat
verdi. Qeyd edək ki, Pənah
bəy həmin kitabları Mingəçevir
qurucularının təəssüratları
əsasında qələmə
alıb. Onun sözlərinə görə,
hazırkı Mingəçevirin
ərazisi o zamanlar heç də yalnız qamışlıqdan, bataqlıqdan
ibarət olmayıb: “İndiki Mingəçevir
vaxtilə mövcud olmuş Xaldan rayonunun əkənək-biçənək, örüş
yerlərində inşa
olunub”. O daha sonra dedi ki,
əslində o zaman həmin ərazidə Mingəçevir
kimi böyük bir şəhərin salınması ideyası olmayıb: “Kürün sahilində Mingəçevir
Su-Elektirik Stansiyasının
tikinti personalı üçün, sadəcə,
kiçicik qəsəbənin
tikintisi nəzərdə
tutulmuşdu. Lakin dövrünün
uzaqgörən qurucusu,
Mingəçevir SES-in
ilk rəisi İslam İslamzadə (o həm də
bir sıra məsul vəzifələrdə
- Azərbaycan SSR Nazirlər
Soveti Sədrinin müavini, SSRI Energetika Tikintisi Nazirliyinin kollegiya üzvü və s. çalışıb)
bununla razılaşmadı.
Belə ki, məhz o, burada
yeni tikililərə rəvac verməklə bu qəsəbəni inkişaf etdirdi: “Çünki o, stansiyanın tikintisində
çalışan 5000 nəfər
mülki vətəndaşın
sonrakı aqibəti barədə də düşünürdü. Elə
buna görə də o, burada yeni bir
sənaye şəhərinin
salınmasında israrlı
oldu. Təbii ki, onun bu fikirləri sonradan yuxarı təşkilatların bəziləri
tərəfindən də
müsbət qarşılandı.
Onu da qeyd
edim ki, o zaman stansiyada
çalışanların əksəriyyəti öz
yurdlarını tərk
edib, bura gəlmiş və 10 il burada çalışmışdılar”.
“Bəli, Mingəçevir
quruculuğu çox çətin, ağır
mərhələlərdən keçib” sözləri ilə söhbətini davam etdirən Pənah müəllimin sözlərinə görə,
nəhayət, gərgin
mübahisələrdən sonra, o dövrün
təbirincə desək,
burada ümumxalq tikintisi elan olunub: “1947-ci ilin avqustunda Mingəçevirə
şəhər tipli qəsəbə adı verildi. 1948-ci ilin noyabr ayının 11-də isə Mingəçevirə şəhər
statusu verildi: “Lakin bəzi yazarlar bu tarixi
Mingəçevirin tarixi
kimi qələmə verirlər”. Pənah müəllim ötən əsrin 50-ci illərini Mingəçevirin sosial-iqtisadi
inkişaf illəri kimi xarakterizə etdi. Bildirdi ki, Mingəçevir 20 il əvvəl ölkəmizin dördüncü
sənaye şəhəri
kimi tanınırdı.
Bu şəhər eyni zamanda müasirliyinə
görə də o zamankı ittifaqın şəhərlərindən
fərqlənirdi. Onun
sözlərinə görə,
son illər Mingəçevir yenidən
abadlaşıb. Bu prosesdə Mingəçevir
Şəhər İcra
Hakimiyyətinin başçısı
Mübariz Ağayevin kifayət qədər xidmətləri var. Qeyd edək ki, 60 illik yubileyi
ərəfəsində olan
Mingəçevir bu gün yeni tikililəri
ilə, həqiqətən
də, öz müasirliyinin qayğısına
qalmaqdadır. Bu prosesdə Mingəçevirin
ilk qurucuları da unudulmayıb. Belə ki, şəhərin
Heydər Əliyev prospektində yeni inşa olunan istirahət ocağı şəhərin 60 illik yubileyində onlara ən dəyərli ərməğan olacaq.
Zaman.- 2008.- 16-17 oktyabr.-
S. 9.