Azərbaycan Prezidenti
İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış
mərasimində iştirak etmişdir.
Qala kəndinin
sakinləri Prezident İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı ehtiramla qarşıladılar. Milli
geyimli oğlan və qız onlara gül dəstələri
təqdim etdilər.
Prezident İlham
Əliyev kompleksin açılışını bildirən
rəmzi lenti kəsdi.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən yeni layihə Azərbaycanın
tarixi keçmişinin qorunub saxlanması ilə
yanaşı, ölkəmizin turizm mərkəzlərindən
birinə çevrilməsinə də xidmət
edəcəkdir. Burada hələ 1988-ci ildə Qala
Dövlət Tarix Etnoqrafiya qoruğu
yaradılmışdır. Qoruğun 156 hektar sahəni
əhatə edən ərazisində eramızdan əvvəl
III minillikdən XX əsrə qədər dövrə aid
kurqanlar, sərdabalar, yaşayış evləri, 4 ovdan,
qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s.
var. Bu abidələrin qorunması, eləcə
də Abşeronda aşkar edilən arxeoloji tapıntılar
hesabına qoruğun daha da zənginləşdirilməsi
məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun
dəstəyi ilə burada açıq səma altında ilk
arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır.
İki hektar ərazisi olan muzey
kompleksdə Abşeron yarımadasında tapılmış
və eramızdan əvvəl III-II minilliklərdən orta
əsrlərə qədər dövrü əhatə
edən qayaüstü rəsmlər, Qavaldaş, keramika,
məişət və bəzək əşyaları, silah
və sikkələr, qədim yaşayış kompleksinin
konservasiya olunmuş qalıqları və sair
yerləşdirilmişdir.
Prezident İlham
Əliyev əvvəlcə muzey kompleksinin yerləşdiyi
ərazinin ilkin və indiki görünüşünə,
Qala kəndinin 1916 və 1938-ci illərdə
çəkilmiş planına, kəndə gələn yolların
sxeminə, Abşeronun arxeoloji-etnoqrafik abidələrinin,
XIII-XIV əsrlərə aid Qala və Mərdəkan
qəsrlərinin, Buzovna, Şağan, Zirə və Türkan
kəndlərindəki qədim yaşayış evləri,
məscid, türbə, qəsr, qala, qəbiristanlıq və
s. fotoşəkillərinə baxdı.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov muzey kompleksinin yaradılması və
fotoşəkillər barədə məlumat verdi.
Dövlət başçısı və xanımı muzey
kompleksini gəzdilər, buradakı eksponatlarla tanış
oldular.
"Qala"
Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Fikrət
Abdullayev məlumat verdi ki, dünyanın ən qədim insan
məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji
abidələrlə, maddi-mədəniyyət
nümunələri ilə zəngindir. Tarixi
abidələr baxımından Abşeron
yarımadasının da xüsusi yeri vardır. Abşeron
yarımadasının şimal-şərqində
yerləşən Qala qəsəbəsində və ona
bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə
mövcuddur. Abidələrin öyrənilməsinə
ötən əsrin 60-cı illərində
başlanılmışdır. Qayaüstü rəsmlər
mövzusu və süjetlərinə görə çox rəngarəngdir.
Burada ov, insanı qurban vermə, nikah, astronomik rəmzlər
və sair səhnələr təsvir olunmuşdur.
Qayaüstü təsvirlərdə həndəsi, xonça görünüşlü
nişanlar mühüm yer tutur. Dübəndi, Türkan
kurqanlarındakı antropomorf heykəlləri bəzi
mütəxəssislər ölənlərin ruhunu axirət dünyasına
yola salan ölüm Allahı ilə eyniləşdirirlər.
Bu kurqanlar yalnız dəfn abidələri deyil, həm də
qədim Azərbaycan tayfalarının maddi və
mənəvi mədəniyyətinin öyrənilməsi
üçün zəngin mənbədir.
Prezident İlham
Əliyev dedi ki, Qobustanı çox adam tanıyır, o,
ölkə daxilində və dünyada tanınır. Çünki
qoruqdur. Amma Qala qəsəbəsində belə yer qədim
mədəniyyətimizin bir əsəridir, onu göstərir
ki, qədim dövrlərdə insanlar necə
yaşamışlar. Gərək bura muzey kimi daim
fəaliyyət göstərsin.
Muzey komplekslə
tanışlıq zamanı Azərbaycanın ən qədim
sənətkarlıq növlərindən sayılan
dulusçuluq emalatxanaları da maraq doğurdu.
Dövlət
başçısı qədim abidələrdən olan
Qavaldaşa, Şüvəlan, Ağdaş düzü,
Xaşaxuna, Zirə yaşayış məskənlərinin
planına, qədim toyxana yerinə, tacir evinin maketinə,
məşhur Qala qoyunlarına, dəvələrə,
Dübəndi və digər ərazilərdə arxeoloji
qazıntılar zamanı aşkar olunmuş tapıntılara,
qədim qəbiristanlıqdakı abidələrə də
baxdı.
Muzey kompleksinin inzibati
binası ilə tanış olduqdan sonra Prezident İlham Əliyev
qəsəbə sakinləri ilə görüşüb
söhbət etdi:
- Sizi Qala muzey kompleksinin açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Çox
gözəl muzeydir, kəndin qədim tarixini əks etdirir.
Həm qədimliyi saxlayır, həm də burada bütün
işlər ən müasir üsullarla
görülübdür, abadlıq işləri
aparılıbdır. Bu, bir daha onu
göstərir ki, Azərbaycan nə qədər zəngin
tarixə, mədəniyyətə malikdir. İnsanlar burada
əsrlər boyu yaşamışlar, yaratmışlar və
bizim borcumuzdur ki, bütün tarixi-mədəni irsimizi qoruyaq
və gələcək nəsillər üçün
saxlayaq.
Əminəm ki, bura Qala sakinləri üçün
çox gözəl bir yer olacaqdır, burada insanlar
istirahət edəcəklər. Eyni zamanda, ölkəmizə
gələn xarici qonaqlar üçün də burada çox
maraqlı bir ekspozisiya nümayiş etdiriləcəkdir.
Ağaverdi Bədəlov
(qəsəbə ağsaqqalı): Hörmətli, sevimli
Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım, Sizi qalalılar adından,
qəsəbə sakinləri adından salamlayırıq. Sizə
"Xoş gəlmisiniz!" deyirik. Vallah, əgər bir
neçə il bundan əvvəl Qaladan çıxmış
insan indi gəlib buranı belə görsə tanımaz.
Elə bilər ki, başqa ölkəyə
düşübdür. Sizin zəhmətinizlə,
rəhbərliyiniz altında respublikanın hər yerində
olduğu kimi, bizim rayonda da çox işlər
görülür. Qalada belə bir muzeyin
açılmasında da Sizin xidmətləriniz çox
böyükdür. Bu yaxınlarda Zirəyə
açılışa getmişdik. Zirə geridə
qalmış bir yer idi. İndi hamı deyir ki, ora
şəhərdir. Mən özüm də bunu deyirəm.
Şüvəlan, Mərdəkan da həmçinin.
Mərdəkan-Şüvəlan yolu asfaltlanmış,
genişləndirilmiş, gözəl olmuşdur. Allah Sizin
canınızı sağ eləsin.
İnanın ki, bütün camaat bu işlərlə fəxr
edir. Bunlar yalnız Sizin zəhmətinizdir. Ona görə
Sizə minnətdarlığımızı bildirir,
uğurlar arzu edirik.
İlham Əliyev: Bu
gözəl tarixi-etnoqrafiya muzeyi Heydər Əliyev Fondu
tərəfindən yaradılıbdır. Çox
böyük zəhmət qoyulubdur. Eyni zamanda,
siz qeyd etdiyiniz kimi, Qala kəndinin ümumi inkişafı
üçün də çox böyük işlər
görülür: yollar, tibb məntəqələri, uşaq
bağçası. Yəni insanların yaxşı
yaşaması üçün nə lazımdırsa,
Azərbaycan dövləti onu da edir və edəcəkdir.
Bilirsiniz ki, Azərbaycanda sosial məsələlərin
həlli ilə bir tərəfdən Azərbaycan
dövləti, digər tərəfdən də Heydər
Əliyev Fondu çox ciddi məşğuldur. Heydər
Əliyev Fondunun həm bizim mədəni irsimizin qorunması,
həm də səhiyyə, təhsil, mədəniyyət
məsələlərinin həlli işində çox
böyük fəaliyyəti var. Bütün bu işlərin
görülməsi bir daha onu göstərir ki, Azərbaycan çox
sürətlə inkişaf edir. İnsanların yaxşı
yaşaması üçün hər şey təmin edilir.
Eyni zamanda, bizim zəngin və qədim tariximizin qorunması
üçün tədbirlər görülür. İndi
Azərbaycanda - həm Bakıda, həm də başqa
şəhərlərdə muzeylər, bizim bütün tarixi
abidələrimiz bərpa olunur. Biz bunu gələcək
nəsillər üçün qorumalıyıq,
saxlamalıyıq. Çünki bu, xalqımızın
mədəniyyətini əks etdirir, bizim tariximizi əks
etdirir.
Azərbaycan xalqı
çox böyük mədəniyyətə malikdir. Bizim
çox zəngin tariximiz var. Ancaq son 17 il ərzində
müstəqil dövlət kimi yaşayırıq və
Azərbaycanı dünyada tanıtmaq üçün
hələ biz çox iş görməliyik. Bizim
mədəniyyətimizi, ənənələrimizi,
Azərbaycan xalqının çox böyük istedada malik
olmasını dünyada nümayiş etdirməliyik.
Əlbəttə ki, ölkəmizin gələcəyi
üçün, gənc nəslin vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə olunması üçün
belə gözəl muzeylərin yaradılması və
bərpası çox böyük əhəmiyyət kəsb
edir.
Bununla bərabər, bir
daha demək istəyirəm ki, bütün sosial
məsələlər - məktəblər, tibb
məntəqələri, xəstəxanalar, uşaq
bağçaları, yollar, elektrik, qaz, su xətləri -
bütün bunlar kompleks şəkildə icra
olunmalıdır. Hər bir kəndin problemi öz
həllini tapmalıdır. Belə olan halda, bütün
ölkədə problemlər həll olunacaqdır. Bilirsiniz,
həm Bakıətrafı qəsəbələrin inkişafı
üçün xüsusi proqram icra olunur, həm də bu
işlər regionlarda, yəni hər yerdə gedir və
gələcək illərdə də gedəcəkdir.
Sizə
uğurlar arzulayıram. Sağ olun.
Kənd sakinləri
göstərilən diqqət və qayğıya görə
dövlət başçısına və xanımına
təşəkkürlərini bildirdilər.
Azərbaycan.- 2008.- 11 oktyabr.- S. 1.