Azərbaycanın Rus İcmasının 15 illiyinə həsr edilmiş konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət etmişdir

 

Azərbaycan Rus İcmasının 15 illiyi münasibətilə Bakıda keçirilmiş konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.

Müraciətdə deyilir ki, bu gün müasir Azərbaycan dirçəliş, misli görünməmiş iqtisadi yüksəliş və tərəqqi yolundadır. Azərbaycanın beynəlxalq aləmdə ön mövqelərə çıxması, Bakının mühüm beynəlxalq görüşlər keçirilən bir mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Uzaqgörən, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bütün Cənubi Qafqazda aparıcı dövlətə çevrilir. Bu gün ölkəmiz yeni dünya sisteminin formalaşması prosesinin fəal iştirakçısıdır, onun beynəlxalq aləmdə nüfuz sahibi olması şəksizdir. Azərbaycanda iqtisadiyyatın möhkəmlənməsi, xalqın maddi rifahının yüksəlməsi səmərəli daxili siyasət, yaxşı düşünülmüş islahatlar sayəsində mümkün olmuşdur.
Sənəddə xüsusi vurğulanır ki, Azərbaycanın Rus İcması Cənubi Qafqazda ən böyüyüdür və rus millətindən olan 150 min vətəndaşın hamısı fəxr edir ki, onlar sürətlə inkişaf edən, çiçəklənən Azərbaycanda yaşayırlar.

Müraciətdə, həmçinin deyilir ki, Azərbaycanda mövcud olan möhkəm millətlərarası həmrəyliyin dərin tarixi kökləri vardır.

Diasporların ölkənin ictimai həyatında fəal iştirakı, burada böyük ümumxalq bayramlarının keçirilməsi bənzərsiz mənəvi zənginlik və səmimiyyət yaradır, insanlarda vahid ailə hissi doğurur. Azərbaycanda yaşayan ruslar bu dövlətin tamhüquqlu vətəndaşlarıdır. Biz kədərimizi və sevincimizi bir-birimizlə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünü çiyin-çiyinə qorumuşuq və dinc həyatı da birlikdə qururuq. Biz dinamik inkişaf edən müstəqil Azərbaycanın müasir tarixinə birlikdə daxil olmuşuq. Biz özümüzə doğma saydığımız ölkənin tərəqqisinə töhfə verməyə çalışırıq, respublikanın bütün əhalisi kimi, biz də onun ərazi bütövlüyünü tamamilə dəstəkləyir və separatizmi pisləyirik. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox dinamik şəkildə inkişaf edir və regional proseslərə də müsbət təsir göstərir.

Müraciətdə respublikada rus dilinin dəstəklənməsinə görə də dövlətimizin başçısına minnətdarlıq ifadə edilmişdir.

 

Azərbaycan.- 2008.- 25 sentyabr.- S. 8.