Şah Abbas məscidi yeni görkəm almışdır

 

Sentyabrın 24-də Prezident İlham Əliyev bərpa və təmir işlərindən sonra Gəncədəki Şah Abbas məscidi ilə tanış olmuşdur. Bu cümə məscidi 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında tikilmişdir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılmışdır. Dövlət tərəfindən qorunan bu abidə indi yeni görkəm almışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, məscidin tarixində ilk dəfədir geniş əsaslı təmir-bərpa işləri görülmüşdür. Ətraf ərazidə də abadlıq işləri görülmüş, səliqə-sahman yaradılmışdır. Bərpaçılar Gəncədəki “Karvansara” və “Çökək hamam” kimi maddi mədəniyyət incilərimizin də müəllifi olan memar Şeyx Bəhaəddinin bu möhtəşəm yadigarının əvvəlki görkəminə qaytarılması və daha da gözəlləşdirilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Təmir-bərpa işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunmuşdur. Məscidin döşəməsinə salınan xalça Türkiyədə xüsusi sifariş əsasında toxunmuşdur. Burada dini ayinləri icra etmək üçün hər cür şərait yaradılmışdır.

Azərbaycanda ən böyük məscid günbəzlərindən sayılan Şah Abbas məscidinin günbəzinə daxildən incə xətlə müqəddəs Qurani-Kərimdən ayə yazılmışdır.

Prezident İlham Əliyev aparılmış təmir-bərpa işlərinin səviyyəsindən razılığını bildirdi, ölkəmizdə vicdan azadlığına, dini-mənəvi dəyərlərə mühüm önəm verildiyini söylədi, dindarlara ən xoş arzularını çatdırdı.

Dövlətimizin başçısına Quran hədiyyə olundu.

 

Xalq qəzeti.- 2008.- 26 sentyabr.- S. 1.