Əliyev A.

İstisuya gələnlər şəfa tapır

 

Əvvəlki illərdən fərqli olaraq ölkəmizə turist axını çoxalmış, respublikamızın görməli yerlərinin tanınması baxımından da xeyirli olmuşdur. Ölkəmizin yeraltı-yerüstü, gözəl quruluşa malik su sərvətləri iqlim şəraiti turizmin əsas şərtlərindəndir ki, bu baxımdan da respublikamız öz zənginliyi ilə daha cəlbedicidir.

Son illər turizmin inkişaf etdiyi rayonlardan biri Masallıdır. Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının, o cümlədən, Lənkəran şəhəri, Astara, Lerik, Masallı Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər planı" Masallıda da bəhrəsini verməkdədir. Belə ki, burada aparılan işlərin əsas hissələrindən biri turizmin inkişafına yol açan sanatoriyaların yaradılması oraya turistlərin cəlb edilməsidir.

Masallıda istirahət yerləri çoxdur. Onlardan biri öz şöhrəti ilə nəinki respublikamızda, onun sərhədlərinin hüdudlarından kənarda da tanınan İstisu sanatoriyasıdır. Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Viləş çayının sahilində yerləşən bu sanatoriya hələ qədim zamanlarda da şəfa ocağı olmuş, buraya gəlib-gedənlərin sayı heç vaxt azalmamışdır. Buradan çıxan suyun tərkibində hidrogen-sulfit, natri-xlor, maqnezili hidrokarbanat həmçinin yod var. Yerin dərin qatlarından çıxan suyun hərarəti 60 dərəcədən yüksək olur. İsti su ilə müxtəlif xəstəlikləri müalicə etmək olur. Xatırladaq ki, bu şəfa ocağı hələ 1971-ci ildə sanatoriya statusu alıb.

İstisu sanatoriyası 1998-ci ildə iş adamı İldırım Allahyarov tərəfindən özəlləşdirilmiş və həmin andan "Fatimeyi-Zəhra" şəfa sanatoriyası adlandırılır. Sanatoriyada Avropa standartlarına uyğun müalicə vannaları, istirahət etmək üçün xüsusi kotteclər, 160 yerlik sanatoriya, geniş park başqa infrastrukturlar mövcuddur. Buraya gələnlərə qonşu Yardımlı, Lənkəran, Lerik Astara rayonlarına turist səfərləri təşkil edilir. Sanatoriyada verilən yeməklər yüksək keyfiyyətlidir. Burada müalicələr xüsusi həkim nəzarəti altında aparılır. Gözəl təbiəti ilə insanı valeh edən mənzərələrə baxmaqdan isə doymaq olmur. Sıx meşələr, sərin bulaqlar, şəlalələr buraya gələnlərin könlünü oxşayır. Əbəs yerə deyil ki, bu gözəlliyi görənlər hər yay burada dincəlməyə üstünlük verirlər.

Azərbaycan.- 2008.- 7
sentyabr.- S. 6.