Bakıda Azərbaycanın Rus İcması
- 15 illik yol mövzusunda
konfrans keçirilmişdir
Tədbirdə Azərbaycanın Rus İcması ilə Ümumrusiya Azərbaycanlıları Konqresi
arasında əməkdaşlıq
sazişi imzalanmışdır
Azərbaycanın
Rus İcması (ARİ) özünün 15 illiyini qeyd edir.
Yubiley tədbirləri çərçivəsində sentyabrın 24-də Bakıdakı “Park
İNN” mehmanxanasında “Azərbaycanın
Rus İcması – 15 illik yol” mövzusunda
konfrans keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə Fəxri Xiyabana
gələrək, ulu öndər Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
məzarı üstünə də gül
düzülmüşdür.
ARİ-nin
sədri, Milli Məclisin deputatı Mixail Zabelin konfransı
açaraq, Rusiya–Azərbaycan münasibətlərinin
inkişafında Azərbaycanın Rus İcmasının
və Rusiyanın Azərbaycan İcmasının
xidmətlərini vurğulamışdır. Bildirilmişdir
ki, Azərbaycan ilə Rusiya arasında bütün
sahələrdə mövcud olan münasibətlər
əməkdaşlığı hərtərəfli
möhkəmləndirmək xəttinin alternativsiz olduğunu
bir daha təsdiqləyir.
Bu, intensiv,
etimada söykənən siyasi dialoq, artmaqda olan
ticarət-iqtisadi əlaqələr xəttidir.
Prezidentin
İcra Aparatının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycan
Prezidenti İlham Əliyevin konfrans
iştirakçılarına təbrik məktubunu oxumuşdur
(Təbrik məktubunun mətni qəzetin bugünkü
nömrəsində dərc olunur).
Konfransda
çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin katibi, xalq
yazıçısı Çingiz Abdullayev bildirmişdir ki,
Azərbaycan və Rusiya xalqları arasında
münasibətlərin çoxəsrlik tarixi vardır. Xalqlarımız yüzilliklər
boyu sülh, dostluq, əməkdaşlıq
şəraitində yaşamış,
həmişə fəal,
qarşılıqlı əlaqə
saxlamışlar. Çox
xoşdur ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra Rusiya ilə
münasibətlər dinamik,
konstruktiv şəkildə
inkişaf edir. Bu əlaqələr
səmimi, mehriban qonşuluq və dostluq münasibətlərinə
əsaslanır.
Rusiyanın
ölkəmizdəki səfirinin müşaviri Oleq Kroxin
demişdir ki, bu gün Rusiya ilə Azərbaycan arasında
münasibətlər kifayət qədər
çoxsahəlidir. Ölkələrimiz arasında gələcək münasibətlərin
əsasını Azərbaycanın
və Rusiyanın böyüyən və püxtələşən
nəsilləri formalaşdıracaqlar.
Hesab edirəm ki, Rusiya ilə
Azərbaycan arasında
bu istiqamətdə əməkdaşlıq başqa
ölkələr üçün
nümunə sayıla
bilər.
Bakı və Xəzəryanı bölgənin
Yeparxiyasının yepiskopu
Aleksandr ata və digər çıxış edənlər
də Azərbaycanda rus mədəniyyətinə,
rus dilinə çox qayğıkeş
münasibət bəsləndiyini
bildirmişlər. Vurğulanmışdır
ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır və bu, ölkədə bərqərar edilən möhkəm sabitliyin, sürətli inkişaf və rifahın bəhrəsidir. Azərbaycanda
yaşayan bütün
millətlərin nümayəndələri
özlərini rahat, sərbəst hiss edirlər. Millətlərarası
sülh və konfessiyalararası dialoq Azərbaycanın uğurlu
inkişafının əsasıdır.
Konfrans
iştirakçıları adından Azərbaycan Prezidenti
İlham Əliyevə və Rusiya Federasiyasının
Prezidenti Dmitri Medvedevə müraciət qəbul olunmuşdur.
Konfrans
çərçivəsində Ümumrusiya
Azərbaycanlıları Konqresi (ÜAK) və
Azərbaycanın Rus İcması əməkdaşlıq
haqqında saziş imzalamışlar.
Sənədi
Rusiyanın Azərbaycan İcması adından Ümumrusiya
Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar
Quliyev və Azərbaycanın Rus İcmasının sədri,
Milli Məclisin deputatı Mixail Zabelin imzalamışlar.
Əməkdaşlıq
haqqında saziş ölkələrimiz arasında dostluq
münasibətlərinin, qarşılıqlı anlaşma
və etimad şəraitinin möhkəmləndirilməsində,
Rusiyadakı Azərbaycan diasporunun və Azərbaycandakı
rus diasporunun potensialından səmərəli istifadə
etməyi nəzərdə tutur.
Sazişə
görə, tərəflər mədəniyyət,
maarifçilik və iqtisadi sahələrdə
əlaqələrin möhkəmləndirilməsi,
həmvətənlərin hüquqlarının
müdafiəsi sahəsində birgə iş aparacaq,
yaşadıqları ölkələrdə diasporların
ictimai əlaqələrinin
möhkəmləndirilməsinə qarşılıqlı
dəstək verəcək, işlərin gedişi və
planlar haqqında bir-birini müntəzəm
məlumatlandıracaq, mədəniyyət, təhsil və s.
istiqamətlərdə birgə tədbirlər həyata
keçirəcəklər.
Bundan əlavə, konfransda ARİ fəalları
mükafatlandırılmış, Azərbaycanın ali məktəblərinin rus bölməsinin ən fəal 22 tələbəsinə
Moskva merinin təqaüdləri təqdim
edilmişdir.
Konfransda Milli
Məclis sədrinin müavini Valeh Ələsgərov və
digər rəsmi şəxslər iştirak etmişlər.
Xalq qəzeti.- 2008.- 25 sentyabr.- S. 8.