Cabbarlı A.
Azərbaycan
turizmin imkanları və potensialı ilə seçilən
ölkədir
27 sentyabr Ümumdünya Turizm
Günüdür
Ölkəmizin
coğrafi və geopolitik mövqeyi, təbii iqlim
şəraiti, üstəgəl əhalinin son
dərəcə qonaqpərvərliyi turizmin inkişafı
üçün əlverişli mühit yaradır. Beynəlxalq miqyasda
özünün turizm imkanları və potensialı ilə
fərqlənən Azərbaycanın bir sıra
regionlarında, xüsusən şimal və şimal-qərb
bölgələrində yüksək xidmət
mədəniyyəti, gözəlliyi, ab-havası ilə
seçilən, hər cür rahatlığa, infrastruktura
malik turizm obyektlərinin,
dünya standartlarına cavab verən otellərin
istifadəyə verilməsi xarici qonaqların diqqətinin
ölkəmizə yönəlməsində böyük
önəm daşıyır.
Dövlət
başçısının 2004-cü ilin fevralında
təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində turizm sahəsinin sürətli
inkişafı ölkə iqtisadiyyatının ən
qabaqcıl sahələrindən birinə çevrilmişdir.
Turizm sənayesinin yeni
şəraitdə bazar münasibətlərinə uyğun
dirçəlişinə nail olmaqdan ötrü
adıçəkilən proqram işlənərkən
ümummilli lider Heydər Əliyevin imzası ilə
2002-2005-ci illər üçün təsdiqlənən
müvafiq sənəd və digər dövlət
əhəmiyyətli qərar və sərəncamların mahiyyəti
nəzərə alınmışdır.
Söhbət
açdığımız sahədə mövcud
vəziyyəti düzgün qiymətləndirməkdən
ötrü son bir neçə ilin əsas hadisələrini
nəzərdən keçirək.
2001-ci ildə
Azərbaycan Ümumdünya Turizm Təşkilatına
qəbul olundu. Sonrakı ilin may
ayında Bakıda açılışı gözlənilən
ilk beynəlxalq Turizm sərgisinə hazırlıq
prosesində iştirak etmək üçün
təşkilatın Baş katibi Françesko Franjialli
paytaxtımıza gəldi. Aradan bir az vaxt ötəndən
sonra ölkəmizin bir sıra tarix-memarlıq abidələri
YUNESKO-nun dünya irsi siyahısına daxil edildi. Respublikamız bir çox ümumdünya turizm
sərgilərində, yarmarkalarında, festivallarında və
forumlarında iştirak etməyə başladı.
Əgər 2002-ci ildə Azərbaycan turizminin
nailiyyətləri yalnız iki ölkədə nümayiş
etdirilmişdirsə, 2007-ci ildə artıq 20-dən çox
dövlət əhatə olunmuşdur.
Mədəniyyət
və Turizm Nazirliyinin xüsusi lövhələri
ölkəmizin turizm şirkətlərini, otellərini,
istirahət zonalarını əks etdirməklə Londonda,
Moskvada, Tokioda, İstanbulda, Vyanada və digər dünya
mərkəzlərində keçirilən beynəlxalq
sərgilərdə çox geniş marağa səbəb
olmuşdur. Bu cür
sərgilərin Bakıda da təşkili artıq
ənənəyə çevrilmişdir.
Bu ilin yazında Bakıda İslam Konfransı
Təşkilatına üzv olan ölkələrin turizm
operatorlarının forumu keçirilmişdir. Həmin
tədbirdə Türkiyənin, Səudiyyə
Ərəbistanının, Misirin, İordaniyanın,
İranın, Çinin, Qazaxıstanın,
Türkmənistanın, Özbəkistanın, Kamerunun,
Əfqanıstanın, Tacikistanın, Gürcüstanın,
Ukraynanın və İtaliyanın nümayəndələri
iştirak etmişdir. İki il öncə Bakıda
"İpək yolu" layihəsində iştirak
edən İKT ölkələrinin turizm nazirlərinin
konfransı keçirilmişdir. Azərbaycan 2006-2008-ci
illər üçün həmin konfransın sədri
seçilmişdir. Bu il İKT üzv olan ölkələrin
forumunda isə Bakı 2009-cu il üçün İslam
mədəniyyətinin paytaxtı elan edilmişdir.
Azərbaycanın
Böyük İpək yolu ölkəsi kimi
təbliğində İstanbuldan Pekinə velosiped
yürüşünün və "Afanasi Nikitinin Rusiyadan
Hindistana səfəri" avtomobil turnesinin mühüm
əhəmiyyəti olmuşdur.
Ölkəmizin
paytaxtında və regionlarında dövlət proqramları
çərçivəsində yüzlərlə müasir
otel və beynəlxalq standartlara uyğun yeni turizm
obyektləri istifadəyə verilmişdir. Hazırda yalnız Bakıda 85 bu cür obyekt
fəaliyyət göstərir. Bu uğurlar ölkəmizə
aparıcı beynəlxalq investisiya kompaniyalarının
cəlb edilməsi sayəsində mümkün olmuşdur.
Turizm sahəsində mütəxəssislərin
hazırlanması və ixtisas dərəcələrinin
yüksəldilməsinə dair məsələlərin
həllinə ciddi diqqət yetirilir. Turizm İnstitutu
açılmış və artıq çox böyük
rəğbət qazanmışdır.
Ölkəmizə
xaricdən turizm axını hər il 8-15 faiz artır və
ötən bir il ərzində Azərbaycana
gələnlərin sayı 1,1 milyon nəfərə
çatmışdır. Xarici
ölkələrə istirahətə gedən
vətəndaşlarımızın sayı da artmaqdadır.
Ötən il 450 min nəfər azərbaycanlı xarici
ölkələrə turizm və istirahət
məqsədilə səfər etmişdir.
Azərbaycanın
turizm proqramlarına mövcud olan istirahət marşrutları
ilə yanaşı, Dağlıq Qarabağ marşrutu da daxil
edilmişdir. Bu il
Bakıda keçirilmiş beynəlxalq səviyyəli
sərgidə mədəniyyət və turizm naziri
Əbülfəz Qarayev xarici kütləvi informasiya
vasitələrinin suallarını cavablaqdıraraq demişdi
ki, bu məhdudiyyət regiondakı siyasi vəziyyətlə
bağlıdır və müvəqqəti xarakter
daşıyır.
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüquq normaları çərçivəsində
Azərbaycanın xeyrinə həll olunan kimi ölkəmizin bu
füsunkar diyarına da turist səfərləri təşkil
etmək mümkün olacaqdır.
Hazırda
respublikamızda iki yüzdən çox turizm şirkəti
fəaliyyət göstərir, mənzərəli və
sağlamlıq üçün sərfəli təbiət
guşələrində 7 regional turizm marşrutu
açılmışdır. 300-dən çox otel daim xaricdən
gələn qonaqları qəbul edir. Xidmət səviyyəsi yüksəlir,
"ulduzlu" otellərin və istirahət
mərkəzlərinin sayı ildən-ilə artır.
Azərbaycanı
haqlı olaraq gözəlliklər diyarı
adlandırırlar. Bu yerlər
dünyada misli olmayan flora və fauna, müxtəlif bitki
və heyvan növləri ilə zəngindir. Bu da
təsadüfi deyil. Çünki dünyada mövcud olan 11
iqlim qurşağının 9-u ölkəmizin
ərazisindən keçir. Məhz buna görədir ki, bu
gün Azərbaycanda turizmin əsas növləri dinamik
inkişaf edir.
Son illər ərzində "Xalq
sənətkarlığı", "Ekzotik
mətbəx", "Ovçuluq və
balıqçılıq", "Etnoqrafiya və kənd
turizmi", "Ekologiya", "Aleksandr Düma Qafqazda"
və digər turizm marşrutları geniş vüsət
almışdır.
Azərbaycanın turizm potensialının təbliğində
ölkəmizdə keçirilən kino-festivalların
əhəmiyyəti də az deyildir. Festivalın birincisi
2003-cü ildə, digəri isə 2007-ci ildə
keçirilmişdir. Üç il əvvəl "Turizm
aləmi" devizi ilə "Cənnət görmək
istəyən Azərbaycana gəlsin" adlı fotosərgi
təşkil olunmuşdur.
2005-ci ildən
etibarən turizmə dair reklamların qabaqcıl dunya televiziya
kanallarında - CNN-də, Euronews-də, aviasiya
kompaniyalarının - "Azal", "Austrian Airlines"in,
"British Airways"in bort jurnallarında
yerləşdirilməsinə başlanmışdır. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin internet saytı və portalı
açılmışdır. Azərbaycan son 5
il ərzində Moldova, Belarus, Qatar, Yunanıstan, Qazaxıstan,
İordaniya, Fransa, Litva ilə turizm sahəsində
əməkdaşlıq üzrə
hökumətlərarası sazişlər bağlamış
və əlavə olaraq yenə 27 ölkə ilə
qarşılıqlı əlaqələr yaratmağa
hazırlıq işləri görür.
2009-cü
ildə Ümumdünya Turizm Təşkilatının Avropa
Komissiyasının növbəti sessiyası gözlənilir.
Bu təşkilatın
ekspertləri, texniki məsləhətçiləri
dəfələrlə Azərbaycanda olmuş, ölkəmizin
turizm imkanlarının monitorinqini aparmış, lazımi
rəylər hazırlamışlar. 2003-cü və 2007-ci
illərdə Bakıda keçirilmiş seminarlarda
Mərkəzi Asiya və Qafqaz üzrə müasir turizm
sənayesinin yaradılması
diqqət mərkəzində olmuş və
nəticədə sanballı beynəlxalq investisiya
şirkətləri və maliyyə strukturları işə
cəlb olunmuş, "İpək yolu" layihəsinin
reallaşdırılmasına təkan verilmişdir.
Respublikanın
regionlarda xarici turistlərin qəbulu və
yerləşdirilməsi sahəsində uğurlu işlər
görülür, qonaqların rahatlığı, onlara
yüksək səviyyədə xidmət həmişə
diqqətdə olur.
Bakıdan
cəmi 140 kilometr aralıda yerləşən Şamaxı
turizm infrastrukturunu yaratmaqdan ötrü çox
əlverişli məkandır. Hazırda
burada 20 müvafiq obyekt fəaliyyət göstərir. İki,
üç və hətta səkkiz yerlik rahat kotteclər,
qonaqları yüksək səviyyəli xidmətlə,
dadlı mətbəxlə qarşılayan "Fortuna",
"Dədə Qorqud", "Pirqulu", "Dağlar
qoynunda" istirahət bazaları var. Dağ yamaclarından
və sıx meşələrdən keçən dar
cığırlarla gəzintilər, Pırquludakı
rəsadxanaya ekskursiya imkanları da çox cəlbedicidir.
Qış istirahəti həvəskarları üçün
xizək idmanı ilə məşğul olmaq
üçün yerlər açılır. Bu məqsədlə
Fransa şirkətləri artıq bütün lazımi
infrastruktur tədbirlərini həyata keçirmişlər.
Gəncə "My Way"
oteli "üçulduzlu" statusuna layiq
görülmüşdür. Burada rahat istirahət üçün hər
cür imkan yaradılıb, nəcib zövqlə tikilmiş
restoran, yüksək səviyyəli xidmət, sözsüz,
daha fəal qonaq axınını gözləməkdədir.
Əlavə etmək yerinə düşər ki, qədim
Gəncə diyarında, Göygöl kimi mənzərəli təbiət kompleksləri
ilə yanaşı, turizmin daha da inkişaf etdirilməsi
üçün böyük maraq kəsb edən
tarix-memarlıq abidələrinin də öz yeri vardır.
Azərbaycan poeziyasının günəşi dahi Nizami
Gəncəvi burada yaşayıb yaratmışdır. Onun
məqbərəsi də bu şəhərdə
yerləşir. Gəncə qalasının
bərpa olunmuş alaqapısı və bir çox başqa
abidələr qonaqları Azərbaycan tarixinin çox
maraqlı səhifələri ilə tanış
etməyə imkan verir. İnanmaq olar ki, Gəncəyə bir
dəfə təşrif buyuran xarici turist mütləq daimi
qonaqlarımızdan biri olacaqdır.
Şəkidəki "Karvan-saray" mehmanxana kompleksinin
250 yaşı var. Azərbaycanda yeganə mehmanxanadır ki,
qədimdən yadigar qalmaqla müasir turizm
məqsədlərinə uyğun olaraq yeniləşdirilmişdir.
Yaraşıqlı
düzək-bəzəyilə göz oxşayan
mehmanxananın 34 rahat nömrəsi var, burada bir
dəfəyə 74 qonaq yerləşdirmək
mümkündür. Restoranın
üstüörtülü zalında 60 nəfər
üçün yer nəzərdə tutulmuşdur.
Açıq yay zalında isə 100 müştəri hər
gün səhər, günorta və şam naharını
edə bilər. Kompleksin ərazisində çayxana da var ki,
bu ətirli içkidən zövq ala bilərsən.
"Karvan-saray"
Azərbaycanda bir çox turizm şirkətləri ilə
sıx əlaqədə işləyir, o cümlədən
"İmprotex"lə, "Amerikan-ekspress"lə və
"Diskaveri" ilə. Kompleks
qədimdən iki hissədən ibarətdir. Yuxarı
bölüm tam qaydaya salınmışdır.
Aşağıda isə təmir işləri davam edir. Bu
bölüm də istismara veriləndən sonra turizm sektorunu
xeyli genişləndirmək mümkün olacaqdır.
Yay
fəslində "Karvan-saray" kompleksinə qonaq
axını daha çox olur. Xarici
turistlər məhz öz istirahətlərini mənalı
keçirmək üçün buraya üstünlük
verirlər. Deməli, turistlər ekzotik təbiətlə
yanaşı, tarixə də nəzər salmaqdan zövq
alırlar. Axı, Şəki qədim İpək yolunun mərkəzində
yerləşir. Odur ki, bu yolla səfərə çıxan
hər bir kəs mütləq bir gününü məhz
Şəkidə keçirməli olur. Burada qonaqları 400
memarlıq abidəsi, o cümlədən Azərbaycanda və
xaricdə misli olmayan məşhur Şəki Xan sarayı
gözləyir.
Bu ilin turizm
mövsümünün yekunları bu yaxınlarda respublika
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
keçirilən ənənəvi konfransda müzakirə olunacaq.
Qabaqcadan demək olar ki, turizm
təşkilatlarının və onlarla əlaqədar olan
strukturların birgə işlədikləri Dövlət
Proqramı yüksək səviyyədə icra olunur. Bunu
çoxsaylı qonaqlarımızın rəyləri,
ürək sözləri də təsdiqləyir. Xarici
müsafirlər ölkəmizə gəlməyi,
gəzməyi çox sevirlər. Onu da yaxşı
bilirlər ki, Azərbaycandan və azərbaycanlılardan
görüb-götürüləsi çox yaxşı
nümunələr var.
Azərbaycan.- 2008.- 27 sentyabr.- S. 15.