Mükərrəmoğlu M.
Turizmin inkişafına diqqət artmaqdadır
1925-ci ildən
müxtəlif adlar altında Cenevrədə fəaliyyət
göstərən turizm təşkilatı, nəhayət,
1970-ci il sentyabr ayının 27-si Ümumdünya Turizm
Təşkilatı kimi beynəlxalq miqyaslı bir struktur
şəklində formalaşmışdır. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə
köçən təşkilat
27 sentyabr- Ümumdünya
Turizm Gününü
təsis etmişdir. Bu gün artıq
dünyanın 150-dən
çox ölkəsində
əsl turizm bayramı kimi qeyd olunur. 1996-cı ildən bu günədək
ÜDTT-yə Fransa vətəndaşı olan
Françesko Franciali rəhbərlik edir. O, öz fəaliyyəti dövründə bir neçə dəfə Bakıda olmuşdur və onu dünyanın
ən gözəl şəhərlərindən biri
hesab edir.
Turizm
Günü münasibətilə Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsi geniş tədbirlər
planı işləyib hazırlamışdır. Dünən respublikanın ali təhsil ocaqlarında(BDU, Neft Akademiyası, İqtisad Universiteti və s.) təhsil alan I kurs tələbələri
üçün təşkil
etdiyi ekskursiyanın ilk ünvanı Hökumət evi oldu. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
hazırlanmış “siti-tur”
avtobusları iki saat ərzində paytaxtımıza gələn
qonaqları və bundan sonra burda
hələ daha bir neçə il yaşayacaq xarici tələbələri
qədim, amma gündən-günə yeniləşən və gözəlləşən Bakı
ilə tanış etdi.
Bu gün
isə Ümumdünya Turizm Gününə həsr
olunmuş konfrans keçirilir. Konfransda Ümumdünya Turizm Təşkilatından dəvət
olunmuş şəxslərin,
yerli və beynəlxalq turizm şirkətlərinin nümayəndələri,
media mənsubları və başqa qonaqlar iştirak etdilər. Konfransın gedişində beynəlxalq
turizmlə, Azərbaycanda
turizmin inkişafı
ilə bağlı müxtəlif çıxışlar
dinlənəcək. Tədbir
turizmlə bağlı
müxtəlif sahələrdə
mükafatların, mehmanxana
və mehmanxana tipli obyektlərə lisenziyaların təqdimatı
və mükafatlandırma
ilə bitəcəkdir.
Ümumdünya
Turizm Günü paytaxtımızın qonaqları və
sakinlərinin yaddaşında həm də muzeyləri
ziyarət günü kimi də qalacaq. Bu gün Bakı şəhərində fəaliyyət
göstərən bütün
muzeylərdə “Açıq
Qapı” günü elan olunmuşdur. Muzeylər tamaşaçılara
ödənişsiz mədəni
xidmət göstərirlər.
Xatırlatmaq istərdik ki,
bir müddət əvvəl mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin sərəncamına
əsasən Bakının
beş aparıcı muzeyi –Azərbaycan Dövlət İncəsənət
Muzeyi, Azərbaycan Xalçası və Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
və Azərbaycan İstiqlal Muzeyi ekspozisiyaları və kütləvi şöbələrinin
iş vaxtı 2008-ci il 1 noyabr tarixinədək
saat 10.00-dan 19.00-dək,
istirahət və bayram günləri isə saat 10-dan 20-dək uzadılmışdır.
Bu ildən etibarən hər il sentyabrın 27-si Bakı muzeylərində
“Açıq Qapı”
ənənəsi davam
etdiriləcək.
Xalq qəzeti.- 2008.- 27
sentyabr.- S. 15.