BakıdaAzərbaycan-2008" milli sərgisi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Sentyabrın 2-də Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində “Azərbaycan-2008" milli sərgisinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Respublika Sənaye və Ticarət Palatasının təşkil etdiyi sərgidə 185 yerli şirkətin məhsulları nümayiş etdirilir. Təmsil olunan müəssisələrin 11-i dövlət, qalanları isə qeyri-dövlət sektoruna aiddir. Sentyabrın 6-dək davam edəcək sərgidə Kənd Təsərrüfatı, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, milli aviasiya, yanacaq-energetika, tikinti kompleksi ilə yanaşı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonları üzrə pavilyonlar yaradılmışdır. İqtisadi islahatların dərinləşməsində böyük əhəmiyyət kəsb edən özəlləşdirmə prosesinin həyata keçirilməsi nəticəsində 2003-2007-ci illərdə ümumi dəyəri 73,4 milyon manat olan 11,4 min kiçik müəssisə və obyekt, o cümlədən 223 sənaye, 3 kənd təsərrüfatı, 952 ticarət, 487 məişət xidməti, 293 iaşə müəssisəsi, 217 tikinti təşkilatı, 104 yanacaqdoldurma məntəqəsi, 3,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 107 kommunal təsərrüfatı obyekti və 5,5 min digər obyekt və avadanlıq özəlləşdirilmişdir.

Dövlət və qeyri-dövlət sektorunu təmsil edən şirkət, firma və müəssisələrin məhsulları ilə tanış olan Prezident İlham Əliyev əvvəlcə Naxçıvan Muxtar Respublikasına aid pavilyona baxdı. Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının indiki mərhələdə uğurla davam etdirilməsi muxtar respublikada da müsbət nəticələr verir. Burada 110 yeni istehsal müəssisəsi fəaliyyətə başlamış, 250 növ məhsul istehsal olunur. Yerli istehsal nəticəsində əhalinin tələbatı 220 növ məhsul üzrə tamamilə ödənilir. İndiki sərgidə muxtar respublikanın 46 şirkətinin - “Naxçıvan” MMC, “Naxçıvan Mebel Fabriki” MMC, “Cahan Holdinq” kommersiya şirkəti, “Gəmiqaya şirkəti” MMC, “Ləzzət Qida Məhsulları” MMC, “Bərəkət Qida Məhsulları” MMC, “Dizayn” MMC, Babək “Şərab-2 Yeddilər ASK” MMC, Naxçıvan “Kərpic” ASC və başqalarının istehsalı olan tikinti materialları, ərzaq, elektrotexnika məhsulları, mineral sular, ümumiyyətlə, 100-dən çox çeşiddə məhsulu nümayiş etdirilir.
Prezident İlham Əliyev bu istehsal sahələrinin son 4 ildə yaradıldığını və daxili tələbatın böyük hissəsinin ödənildiyini vurğuladı.

“Kür” Məhdud Məsuliyyətli Cəmiyyətin guşəsi ilə tanış olan Azərbaycan Prezidentinə məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yaradılmış və yüksək texnologiyaya malik müəssisənin sərgidə nümayiş etdirilən kompyuterləri yeni layihə əsasında hazırlanır. Ümumiyyətlə, müəssisə 20-dən çox adda məhsul buraxır. Sərgidə göstərilən kiosk Nəqliyyat Nazirliyi üçün nəzərdə tutulubdur. Sərnişinlər onun vasitəsilə avtovağzallarda şəhərlərarası avtobusların hərəkət qrafiki, boş yerlərin sayı barədə məlumat ala və həmin yerləri bron, yaxud sifariş edə bilərlər. Müəssisədə monitor kimi də istifadə olunan kiçik həcmli noutbukların, çox və azfunksiyalı telefon aparatlarının istehsalına başlanılmışdır.

Prezident İlham Əliyev kompyuter və kioskların nümunələrinə baxaraq dedi ki, son illər ərzində müəssisə fəaliyyətini genişləndirmişdir. Dörd il bundan əvvəl yaradılmış müəssisənin mallarına tələbat böyükdür və gələcəkdə daha da artacaqdır.

Ayaqqabı istehsal edən “Bot” MMC-nin, “Vəfa ev tekstil”in, “İmişli broyler”in, hərbi geyimlər istehsal edən “Bakı tikiş evi”nin, “Bakı transformatorlar zavodu” ASC-nin məhsulları ilə tanış olan dövlətimizin başçısına müəssisələr barədə məlumat verildi. Bildirildi ki, indi ayaqqabı, hərbi geyimlərə tələbat artdığından sifarişlər çoxdur. Məhsullar xarici bazara da çıxarılır. Sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması nəticəsində 2003-2007-ci illərdə məşğul əhalinin sayı 7,1 faiz artmışdır. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı 4,3 milyon nəfərdir və onların 4 milyonunu işləyənlər təşkil edir.

Prezident İlham Əliyev bildirdi ki, burada nümayiş etdirilən bütün məhsullar son illər ərzində yaradılmış istehsal sahələrində buraxılır. Bu onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı hərtərəfli inkişaf edir. Əvvəllər mallar daha çox xaricdən gətirilirdi. İndi isə özümüzü təmin edirik.

Səhiyyə naziri Oqtay Şirəliyev son illərdə respublikamızda səhiyyənin inkişafı üçün həyata keçirilən kompleks tədbirlər barədə məlumat verdi, rayonların təcili tibbi yardım maşınları ilə təmin olunduğunu, tezliklə Bakıya yeni maşınların gətiriləcəyini və müasir səhiyyə obyektlərinin tikildiyini söylədi. Pavilyonda səhiyyənin inkişafı ilə bağlı doqquz dövlət proqramı, bu sahədə görülən işlər geniş əksini tapmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pavilyonu, əsasən, Xıllı nərəbalıqartırma zavodunun fəaliyyətini əks etdirir. Nazir Hüseynqulu Bağırov məlumat verdi ki, 2003-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən zavod ən yeni texnologiyalarla təchiz olunmuşdur. Burada nərə balıqlarının 4 növünün süni yolla çoxaldılması ilə məşğul olurlar. Fəaliyyətə başladığı vaxtdan bəri zavod 34,7 milyondan çox nərə körpəsi yetişdirmişdir. Onların ölçüləri və çəkisi standart səviyyəyə çatdıqdan sonra Kür çayına buraxılır. Zavodda ana balıq fondu yaradılması məqsədi ilə 2004-cü ildən elmi-praktik eksperimentlər keçirilir. Hazırda burada 2500-dən çox ana balıq saxlanılır.

Fəaliyyətini getdikcə genişləndirən “Akkord” şirkətlər qrupu yol çəkilişi, bina tikintisi ilə yanaşı, yeni istehsal sahələri də yaradır.
Prezident İlham Əliyevə bildirildi ki, “Qafqaz Lift Zavod” MMC Yaponiyanın “Mitsubişi” şirkətinin texnologiyası əsasında bir ton yük qaldıra bilən liftlərin istehsalına hazırlıq görür. Keçən ildən fəaliyyətə başlamış “Qafqaz Lift Zavod” MMC respublikamızın müxtəlif növ liftlərə və eskalatorlara olan tələbatını ödəyəcəkdir. Kiçik və böyük tutumlu liftlər qonşu ölkələrə də ixrac olunacaqdır.

“Tovuz Baltika” məhsullarının çeşidini və keyfiyyətini durmadan artırır. Hazırda burada 30-a qədər adda məhsul istehsal edilir. Bunlar Rusiyaya və Baltikyanı ölkələrə ixrac olunur. Müəssisədə yeni milli brendlərin yaradılması üçün iş gedir.

“Karvan-L” şirkəti də respublikamızın uğurla inkişaf edən, ölkəmizin iqtisadiyyatına töhfə verən qurumlardandır. Bu ilin payızında şirkətin yeni istehsal sahəsinin açılışı olacaqdır. Prezident İlham Əliyev həmin müəssisənin açılışına dəvət edildi.

Dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə də tanış oldu. Nazir İsmət Abasov dedi ki, burada ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan kənd təsərrüfatı malları nümayiş etdirilir. Aqrar siyasətin uğurla həyata keçirilməsi nəticəsində 871 min ailəyə torpaq payı verilmiş, 6,5 min kənd təsərrüfatı müəssisəsi və fərdi sahibkar təsərrüfatı yaradılmış, son beş ildə kənd təsərrüfatının ümumi məhsulu 24,7 faiz artmışdır. Dövlətin gördüyü kompleks tədbirlər sayəsində cari ilin birinci yarısında kənd təsərrüfatı sektorunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım olmuşdur.

Prezident İlham Əliyev “Göygöl” şərab zavodunun, “AzNar” ASC-nin məhsullarına baxdı və dedi ki, biz gərək ölkəmizi ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edək. Gələn il ayrıca kənd təsərrüfatı məhsulları sərgisinin keçirilməsi yaxşı olardı. Biz o vaxta qədər özümüzü bütün ərzaq məhsulları ilə tam təmin edəcəyik. Beş il bundan əvvəl belə vəzifə qoyulmuşdu və buna nail oluruq. Gələcəkdə ixracın həcmi də artacaq, imkanlarımız da genişlənəcəkdir.

1963-cü ildən fəaliyyət göstərən, son illərdə yenidən qurulan “Mingəçevir İzolit” müəssisəsi ondan çox adda məhsul istehsal edir. Bunlar Rusiya və Qazaxıstana da ixrac olunur, elektrotexnika sənayesində, neft-qazçıxarmada, suvarma və kanalizasiya xətlərinin çəkilişində geniş tətbiq edilir.

Prezident İlham Əliyevə bildirildi ki, “AER” firması ölkəmizdə xaricə dondurma ixrac edən yeganə müəssisədir. Gürcüstana 100 ton dondurma satılmışdır, tezliklə Qazaxıstana da ixrac olunacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin pavilyonu da diqqəti cəlb edirdi. Nazir Əli Abbasov burada nümayiş etdirilən yeni texnologiyalar, jeton və kartla işləyən küçə telefonları barədə məlumat verərək dedi ki, hazırda paytaxtda 200 ədəd belə telefon qoyulmuşdur. Bu telefonlarla xarici ölkələrə də zəng etmək mümkündür. Çin və İran istehsalı olan bu telefonlar gələcəkdə ölkəmizdə buraxılacaqdır.

Nazir 2010-2011-ci illərdə Azərbaycanın iki süni peykinin orbitə buraxılacağını və bununla bağlı hazırlıq işlərinin aparıldığını bildirdi. O dedi ki, birinci süni peyk əsasən Şimali Afrika, Mərkəzi və Şərqi Avropanı, ikincisi isə okeandan-okeana qədər olan ərazini əhatə edəcəkdir. Resursları almaq üçün artıq sifarişlər verilibdir. Ən maraqlı layihələrdən biri Azərbaycanın təşəbbüsü ilə Şərq-Qərb arasında super informasiya magistralının yaradılmasıdır və bu ilin noyabrında bununla əlaqədar Bakıda görüş keçiriləcəkdir.

Dövlətimizin başçısı telefon aparatlarının dizaynı ilə bağlı, üstündəki yazıların Azərbaycan dilində olması barədə tapşırıqlar verdi, informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işləri yüksək qiymətləndirdi.

Sonra Prezident İlham Əliyev sərgi salonundan video-telefon vasitəsilə Şamaxı rayonunun Məlikçobanlı kəndində yaşayan ağsaqqal müəllim Əlisöhbət Abdullayev ilə danışdı.

İlham Əliyev: Salam əleykum.

Əlisöhbət Abdullayev: Salam.

İlham Əliyev: Necəsiniz?

Əlisöhbət Abdullayev: Cənab Prezident, çox sağ olun. Sizi şamaxılılar adından, Məlikçobanlı kəndinin sakinləri adından, şəxsən öz adımdan ürəkdən salamlayıram.

Sizin prezidentlik dövrünüz xalqımız üçün çox uğurlu bir dövrdür. Bu illər ərzində xalqımızın güzəranı gündən-günə yaxşılaşmışdır. Biz bunu öz həyatımızda aydın hiss edirik. Hörmətli Prezident, son illər bütün regionlar kimi, Şamaxı da inkişaf edir, gözəlləşir. Əlbəttə, bu, bir həqiqətdir. Şamaxıda yeni-yeni layihələr həyata keçirilir, zavodlar tikilir, təzə iş yerləri açılır. Bunların hamısı Sizin əməli fəaliyyətinizin yüksək nəticəsidir. Xalqımız, Şamaxı camaatı Sizə öz minnətdarlığını bildirir.

Hörmətli Prezident, Şamaxıda istifadəyə verilmiş yeni nəsil rabitə sistemi çox yüksək qiymətə layiqdir. Biz bu rabitə xidməti ilə şəxsən Sizi Şamaxıda gedən abadlıq işləri ilə tanış edirik və Sizə bu sahədə uğurlar arzulayırıq. Bu, əlbəttə, ən böyük nailiyyətdir, ən gözəl hadisədir. Əvvəllər kim hesab edərdi ki, danışdığın adamı üzbəüz görəcəksən. Bu rabitə xidməti əlbəttə ki, çox böyük nailiyyətdir. Bu sahədə də Sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk.

Cənab Prezident, Şamaxıya göstərdiyiniz diqqətə, qayğıya görə bütün Şamaxı camaatı, bütün Məlikçobanlı kəndinin camaatı Sizə öz minnətdarlığını bildirir. Çox sağ olun, Allah Sizi qorusun.

İlham Əliyev: Sağ olun. Baxın, görün, Şamaxının bir kəndində video-telefon quraşdırılmışdır. İndi biz sizinlə bir-birimizi görərək söhbət edirik. Bax, budur Azərbaycanın müasir reallıqları, Azərbaycanın inkişafı. Bunu bəlkə on il bundan əvvəl təsəvvür etmək mümkün deyildi. Amma indi bu, reallıqdır. Biz gələcəyə çox böyük ümidlərlə gedirik, gələcəyə ümidlərlə baxırıq. Azərbaycanın hərtərəfli inkişafı artıq reallıqdır. Bu sərgi də bunu əyani şəkildə göstərir.

zərbaycanda istehsal olunan mallar bizim tələbatımızı maksimum dərəcədə ödəyir. Ərzaq məhsulları, demək olar ki, tələbatı 80-90 faiz ödəyir. Eyni zamanda, Azərbaycanda müasir texnologiyaya xas olan məhsullar da istehsal olunur. Bax, bu telefon onun bir hissəsidir, bir parçasıdır. Bu onu göstərir ki, ölkəmiz hərtərəfli inkişaf edir, Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektoru inkişaf edir, yüksək texnologiyalar inkişaf edir ölkəmiz güclənir. Azərbaycanın hər bir yerində, rayonunda, kəndində bu gözəl inkişaf özünü göstərir.

Mən bu fürsətdən istifadə edərək, bütün şamaxılılara öz salamlarımı çatdırmaq istəyirəm. Şamaxının çiçəklənməsi, inkişafı işində sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Əlisöhbət Abdullayev: Cənab Prezident, çox sağ olun.
Prezident İlham ƏliyevAzkompozitzavodunun məhsulları ilə maraqlandı. Bildirildi ki, müəssisə Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilişi ilə bağlı dövlət sifarişini yerinə yetirmişdir. İndi digər sifarişlərlə bağlı aparılır. Müəssisə ABŞ-dan da sifariş almışdır.

Ölkəmizin informasiya-kommunikasiya bazarında xüsusi yeri olanAzel-Azərbaycan Elektronikasışirkətinin fəaliyyəti ilə maraqlanan dövlətimizin başçısına məlumat verildi ki, bu qurumun ən maraqlı layihələrindən biri respublikamızdakı bankların avtomatlaşdırılması üçün proqram təminatının yerinə yetirilməsi ilə bağlıdır.

Qeyri-dövlət müəssisələrinin məhsulları ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, son beş ildə dünyanın 150-dən çox ölkəsi ilə ticarət əlaqəsi qurularaq, 62,8 milyard ABŞ dolları həcmində idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Sahibkarlar onlara yaradılan şəraitdən razılıqlarını bildirdilər vurğuladılar ki, yüksək iqtisadi potensiala malik Azərbaycanda müasir texnologiya əsasında istehsal edilən mal məhsullar artıq daxili tələbatı ödəməklə yanaşı, Azərbaycan markası altında xarici bazarlara çıxarılır.

Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov milli aviasiyanın bu gününü əks etdirən pavilyon barədə məlumat verdi. Bildirdi ki, bu sahə sürətlə inkişaf edir, respublikamızın paytaxtı ilə yanaşı, bölgələrdə yeni hava limanları inşa olunmuşdur, respublikamıza müasirBoinqAerobustəyyarələri, vertolyotlar alınır. Hazırda Zaqatala Lənkəran hava limanlarının tikintisi başa çatır.

Sərgidə Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin pavilyonunda qurumun sədri Əhməd Əhmədzadə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Mil-Muğan kollektoru, Xanarx kanalı, Taxtakörpü su anbarı kimi iri layihələrin reallaşdırılması barədə məlumat verdi. Bildirildi ki, bütün işlər 2010-cu ilədək tam başa çatdırılacaqdır. Prezident İlham Əliyev Taxtakörpü su anbarının maketinə baxdı digər layihələrlə tanış oldu.

AzərikimyaDövlət Şirkəti ölkəmiz üçün mühüm olan bir sıra layihələr üzərində işləyir. Şirkətin prezidenti Məcid Kərimov dedi ki, belə layihələrdən biri yeni neft kimyası gübrə kompleksinin yaradılmasıdır. Bu layihə xarici şirkətlərlə birgə hazırlanmışdır.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin banisi olduğu yeni neft strategiyasının uğurlarını hərtərəfli əks etdirən Azərbaycan Dövlət Neft Şirkətinin pavilyonuna gəldi. Burada sosial inkişaf, ekologiya, sərmayələr, neftin emalı, elmi tədqiqatlar, layihələndirmə, informasiya texnologiyaları, qaz neft hasilatı ilə bağlı əsas göstəricilər, şirkət tərəfindən bölgələrdə tikilən müalicə-diaqnostika mərkəzlərinin maketləri, bütün istiqamətlərə gedən neft-qaz kəmərlərinin xəritəsi əks etdirilir.

Bildirildi ki, iqtisadiyyatın əsas infrastruktur sahələrindən olan nəqliyyat kompleksinin dayanıqlı inkişafı ötən beş il ərzində dünyanın ən iri nəqliyyat xətlərindən olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərində işlərin başa çatması, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanması ilə xarakterizə olunur.

Sərgi ilə tanışlıqdan razı qalan Prezident İlham Əliyev iştirakçılara uğurlar arzuladı.

 

Xalq qəzeti.- 2008.- 3 sentyabr.- S. 1.