Aliyə

 

Rənglər dünyanı dəyişir

 

Rəssam Mehriban Əfəndinin fərdi sərgisi açıldı

 

Sentyabrın 9-u "Həyat Recensi" hotelində istedadlı rəssam Mehriban Əfəndinin fərdi sərgisi açıldı. Sentyabrın 14-dək davam edən sərgi "Rənglər dünyanı dəyişir" adlanır. Sərgidə rəssamın 20-dən artıq əsəri nümayiş olundu. Onların arasında "Damlaların rəqsi", "Gecənin sirri", "Kainatla inteqrasiya", "Təəssürat", "Harmoniya", "Dünyanın yaddaşı", "Bahar sədaları" kimi tablolar qonaqlarda xüsusi maraq doğurdu. "Ruhun çiçəklənən bağı" tablosu isə rəng kompozisiyası və enerjisi ilə daha çox seyrçini qarşısında saxladı.

Rəssamm yaradıcılığının özəl cəhəti onun tablolarının mövzusu və rəng duyumudur. Tablolar sanki Şərq mistikasından "fövqəldünyaya" bir pəncərədir. "Burada həm reallıq, həm fövqəldünya var. Sanki başqa bjr dünyaya daxil olursan" deyə bir tamaşaçı təəssüratlarını söylədi.

Demək olar ki, bütün tablolarında qadın surəti, qadın siması işlənməsinin, bu obraza xüsusi yer verilməsinin nədənini rəssam xanım belə izah edir: "Qadını dünya, kainat təbiətlə daha bağlı hesab edirəm. Diqqət etdinizsə, "Dünyanın yaddaşı" əsərində bu yaddaş qadının simasında təsvir olunub. Qadın simvoldur. O, ana olduğu üçün təbiətlə həmahəngdir. Tablolardan gördüyünüz kimi, bütün gözəlliklər qadının simasında, onun ətrafındadır. Necə deyərlər, "Cənnət anaların ayağı altındadır". Qadın yaradıcıdır. Mənim əsərlərimdə qadın kainatla harmonik bütövlükdədir".

Əsasən yağlı boya, akvarellə işlənmiş əsərlərin içində fərqli işlərə təsadüf olunurdu. Məsələn, "Təəssürat" tablosunu rəssam şamdan tökülən damcılarla işləyib. "Damcıların rəqsi" əsəri isə bir rəng olsa belə, "baxımlığa davamlı" heyrətləndirməyə iddialıdır. Əgər digər tablolarında Mehriban Əfəndi öz dünyasının qapılarını açırsa, "Damcıların rəqsi"ndə heyrətini, heyranlığını bölüşür.

Qeyd edək ki, bu, Mehriban xanımın sayca dördüncü fərdi sərgisidir. Onun ilk fərdi sərgisi  Daşkənddə, Afrika Cənubi Amerika Beynəlxalq Film Festivalında açılıb. Həmçinin rəssamın müxtəlif ölkələrdə qrup sərgiləri təşkil olunub. Mehriban Əfəndi kino sahəsində maraqlı işləri ilə seçilir. Rasim Ocaqovun "Otel otağı", Hüseyn Mehdiyevin "Özgə vaxt" Fayt Helmerin "Absurdistan" filmində geyim üzrə rəssam kimi çalışmışdır. Sonuncu işinə görə Almaniya Film Akademiyasının 2008-ci ilin ən yaxşı kostyum dizaynına görə mükafatını qazanıb. Mehriban xanım cizgi filmlərində rəssam kimi çalışıb. "Filmlərdə işləmək təklifləri alıram. Amma çoxundan özüm imtina edirəm. Səbəb məzmun, mövzu-problematika yoxsulluğu və yaxud maliyyə azlığı olur", - deyə rəssam xanım izah etdi. Hazırda Mehriban xanım Azərbaycan istehsalı olan bir məhsulun reklamının çəkilişi ilə məşğuldur.

 

Mədəniyyət.- 2008.- 11 sentyabr.- S. 8.