Mehdiyev R.
Yaradıcılıq axtarışı
rəssama uğur gətirib
Hər dəfə Elmas Hüseynovu görəndə onun
1982-ci ildə "Əlifba"
kitabına çəkdiyi
illüstrasiyalara görə
qızıl medal almasından necə sevindiyini, fərəhləndiyini
xatırlayıram. Halal
əmək, gərgin
yaradıcılıq axtarışları
sənətkara bəxtəvərlik
bəxş etmişdi...
Hazırda
ömrünün məhsuldar, kövrək
çağlarını yaşayan, əməkdar
incəsənət xadimi fəxri ada layiq
görülmüş Elmas 70 il öncə dünyaya göz
açıb. Dövrün, zamanın çətinliklərinə
baxmayaraq təhsilini uğurla davam etdirib. Əvvəl Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra Belarus Dövlət İncəsənət Universitetinin
qrafika bölməsini
bitirib. Milli təsviri sənətimizin
formalaşmasında, inkişaf
etməsində, qrafika
əsərlərinin yaranmasında
onun xidmətləri danılmazdır. Dünyanın
neçə-neçə
ölkə muzeylərində,
incəsənət mərkəzlərində
Elmasın qrafika, rəngkarlıq nümunələri
saxlanılır, nümayiş
etdirilir.
Məşhur qrafika
ustası Ələkbər Rzaquliyevdən başlayaraq bu janrda
yaradıcılıqla məşğul olan istedadlı
nəsil yetişmişdi. Kazım Kazımzadə, Qəzənfər
Xalıqov, İsmayıl
Axundov, Maral Rəhmanzadə kimi qrafika ustaları dünya miqyasında tanınmış, sevilmiş
və onların hər birinin nailiyyətlərindən, yaradıcılıq
uğurlarından bu gün qürur hissi keçiririk. E.Hüseynov həmin klassiklərin sənət
ənənələrini davam
etdirib, eyni zamanda orijinal dəsti-xətti, əsərləri ilə tanınıb, nüfuz qazanıb. Onun "Neftçi" ilnoqravürü
son dərəcə orijinal və yaddaqalımlıdır. Əsərdə
müəllif incə
xətlərlə, ağ
və qara rənglərin qatışığından
ifadəli, diqqətçəkən
obraz təsvir etmişdir. Fonda təsvir olunmuş quşların ritmi, fiqurları mənzərəyə
təravət vermişdir.
Tablodakı insan fiquruna, onun gözündəki səmimi
ifadəyə, sağlam
əqidəli baxış-qiyafəsinə, sadəliyə,
arxa plandakı buruq rəmzinə sənətkarın nailiyyəti
və uğuru kimi baxılır. Rəssam "Şair və obrazlar" qravüründə inandırıcı
səhnə yaratmış,
Azərbaycan qrafika sənətində yeni söz demişdir.
Elmas
vətənpərvər, yurdsevər, incə qəlbə,
zərif duyğulara malik rəssamdır. O, tez-tez cəbhə bölgələrində olur,
hünərli, qeyrətli
əsgər və zabitlərimizin obrazlarını
yaradır. Rəssamın ulu öndər
Heydər Əliyevin həyatına və ictimai-siyasi fəaliyyətinə
həsr etdiyi silsilə rəsmləri dünyanın müxtəlif
sərgilərində uğurla
nümayiş olunur. Ölkəmizin əksər
bölgələrini gəzib,
gördüyü mənzərələri
əlvanlığı, təbiiliyi
ilə kağız-kətanda canlandırır. Onun dahi Nizamiyə, Füzuliyə həsr etdiyi rəsmlərə,
"Əlifba" kitabına
çəkdiyi təsvirlərə
həyəcansız baxmaq
mümkün deyil. Obrazların baxışları,
sifət ifadələri
o qədər dinamik, mənalı, inandırıcı görünür
ki, sanki indicə dil açıb danışacaqlar.
Belə yaradıcılıq
nüansları hər
fırça-qələm
sahibinə nəsib olmur. Məlumdur ki, seyrçini
düşündürən, diqqətini cəlb edən, ona mənəvi zövq verən sənət nümunələri yaratmaq
çətin işdir.
İftixar hissi ilə bildirirəm ki, dostum Elmasın
dəfələrlə fərdi
sərgisinin iştirakçısı
olmuşam. Həmkarımın
əsərlərini görənlər
düşünməyə bilmir. "Şəlalə",
"Mənzərə", "Leyli", "Məcnun",
"Fərhad Büsutun
dağında", "Dünya
sevənlərindir" və
başqa rəsmlərində
hər cizginin üzərində dayanmağa
məcbursan.
Dünya
şöhrətli Nizaminin "Xəmsə"sinə
dəfələrlə müraciət edən E.Hüseynov
"Xosrov və Şirin" poemasına çəkdiyi
etüdləri yüksək professionallıqla
işləmişdi. O, Şirin obrazını iri planda təsvir edərək ideallaşdırmağa
nail olmuşdur. Ümumiyyətlə, Elmasın
yaddaqalan əsərləri
çoxdur. "Ağaclar"
mənzərəsi görənlərə
lirik, kövrək musiqi sədalarını xatırladır. Rənglər
də, ştrixlər
də mənalı, incədir. "Gül"
natürmortu olduqca gözəl və mənalıdır. "Dağ",
"Lerik", "Quba",
"Abşeron" mənzərələri,
"Meyvələr", "Çöl çiçəkləri"
əsərləri Elmasın
yaradıcılıq zirvəsi
sayılır. Rəssamın
Nizaminin "Sirlər
xəzinəsi", N.Xəzrinin
"Arzu" poemalarına
çəkdiyi təsvirlər
göz oxşayır,
könül açır.
Onların hər biri incəsənət tariximizin
yeni-yeni səhifələrini
təşkil edir.
Ömrünün ixtiyar
çağında yaşayan
sənətkar bu gün də sonsuz həvəslə, istəklə molbert önündə dayanır,
dolğun, məntiqli,
baxımlı sənət
nümunələri, zövq
oxşayan əsərlər yaradır.
Mənalı həyat
yaşayan, özünün
şərəfli yaradıcılığını,
imzasını qoruyan,
şəxsiyyətinə və
işıqlı düşüncəsinə
hörmət etdiyim həmkarıma uğurlar,
cansağlığı arzulayıram.
Azərbaycan.- 2008.- 4 sentyabr.- S. 8.