Mürvətqızı S.

 

Rəssam Əşrəf Muradın kitab-albomu Moskvada nəşr olunub

 

Bu yaxınlarda Moskvada Azərbaycanın tanınmış rəssamı Əşrəf Muradın rəsm əsərlərindən ibarət "Magiya realizmi" ("Maqiçeskiy realizm") adlı kitab-albomu nəşr olunub. Kitab-albom tanınmış diplomat Ramiz Abutalıbovun təşəbbüsü ilə işıq üzü görüb.

Yüksək zövqlə hazırlanıb rus və ingilis dillərində çap edilən kitabın müəllifi tanınmış rus sənətşünası və jurnalisti Qriqori Anisimovdur. Kitaba Tahir Salahov, Ramiz Abutalıbov, Anar, Fərhad Xəlilov, Rüstəm Arifcanov və digər yaradıcı şəxsiyyətlərin rəssam haqqında xatirə, rəy və mülahizələri, həmçinin rəssamın bir sıra əlyazmaları, məktublarının surəti, yarımçıq eskizləri daxil edilib.

Moskvadakı "Aydan" qalereyasında kitab-albomun təqdimat mərasimi keçirilib. Rəssamın əsərləri orada mütəxəssislərin ciddi marağına səbəb olub, müxtəlif mətbuat orqanlarında onunla bağlı müsbət rəylər dərc edilib.

Ə.Muradın kitab-albomunun bu ilin oktyabrında ölkəmizdə də təqdimatının keçirilməsi nəzərdə tutulub.

 

525-ci qəzet.- 2008.- 10 sentyabr.- S. 10.