Xalçaçılıq sənəti... və boya qıtlığı

 

Yaxın illərdə Azərbaycan xalçaçılıq sənəti boya qıtlığı ilə üzləşə bilər. Belə ki, ayrı-ayrı vaxtlarda əkin sahələrinin yandırılması bu maddənin əldə edildiyi bitkinin kökünün kəsilməsinə yol açıb. İş adamları vəziyyətdən çıxış yolunu boyaq plantasiyalarının salınmasında görürlər. Əks hatda xalçaçılıq sənəti ciddi tənəzzülə uğraya bilər.

Azərbaycanda xalçaçılıqda istifadə edilən boyaq bitkiləri tükənmək üzrədir. Qubalı xalça ustası Fatimə Ağamirzəyevanın sözlərinə görə, xalçaçılıqla bağlı iştirak etdiyi bütün tədbirlərdə bu problemi ürək ağrısı ilə qaldırır. Onun sözlərinə görə, ölkədə boyaq bitkilərinin kökünün kəsilməsi son 10-15 ildə müşahidə olunur. F.Ağamirzəyeva bunu müxtəlif vaxtlarda əkin sahələrinin yandırılması ilə izah edir: «Ekoloji tarazlıq pozulub. 10-15 ildir müşahidə edilən sahələr kütləvi surətdə məhv edilib. Boyaq bitkilərinin kökü kəsilir».

Fatimə Ağamirzəyeva hesab edir ki, Azərbaycan florası boyaq bitkilərilə çox zəngindir. Onun fikrincə, əslində hər addımda rast gəlinən bitkilərdən təbii boyaq almaq mümkündür. Boyaq bitkilərinin tətbiqi və öyrənilməsi ilə ciddi maraqlanan xalça ustası deyir ki, məsələn, bölgədəki murdarça otundan boyaq alınması prosesi onun ideyası ilə reallaşıb. O, bu bitkidən alınan boyağı hazırda Avropa miqyasında tanıdıb. Təkliflə çıxış edən xalçaçı deyir ki, konkret olaraq Quba rayonunda ona lazımi şərait yaradılsa, xalçaçılığın inkişafı üçün boyaq istehsalının artımına nail olar: «Alimlərlə birgə boyaq fabriki aça bilərik».

 

Mədəniyyət.- 2008.- 11 sentyabr.- S. 3.