Rus İcması - 15 illik yol konfransının
iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
Sizi
Azərbaycanın Rus İcması ictimai birliyinin
yaradılmasının 15 illiyi münasibətilə
ürəkdən salamlayır, hamınıza ən xoş
arzularımı yetirirəm.
170 ildən
artıqdır ki, müxtəlif tarixi-siyasi
səbəblərdən öz taleyini Azərbaycanla
bağlamalı olmuş yüz minlərlə rus əhalisi
haqlı olaraq buranı özünün doğma vətəni
hesab edir. Ötən onilliklər boyu rus icması
Azərbaycanda tarixən
mövcud olmuş dostluq və qardaşlıq mühitində,
əmin-amanlıq şəraitində yaşamış,
milli-dini adət-ənənələrini, etnik
özünəməxsusluğunu, dil və mədəniyyətini
qoruyub saxlamaqla cəmiyyətimizə tamamilə inteqrasiya olunmuşdur. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini
rus vətəndaşlarımız
olmadan təsəvvür
etmək qeyri-mümkündür.
Məmnuniyyət
hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Cənubi
Qafqazda ən böyük rus icması Azərbaycanda
yaşayır. Təsadüfi deyildir ki,
1988-1989-cu illərdə Ermənistanda
azərbaycanlılara qarşı
həyata keçirilmiş
etnik təmizləmə
və deportasiya zamanı mürtəce erməni şovinizmindən
əziyyət çəkən
minlərlə rus da daimi yaşayış
yeri kimi məhz bizim ölkəyə üz tutmuşdur. Bu, Azərbaycanda millətlərarası münasibətlərin
sivil normalarla tənzimlənməsinin, mövcud
etnik-dini tolerantlığın
bariz nümunəsidir.
Sovetlər
birliyinin süqutundan sonra postsovet məkanında rusdilli
əhaliyə və rus dilinə qarşı baş vermiş
müəyyən mənfi hallara Azərbaycanda yol
verilməmiş, bu dildə təhsilə heç bir
məhdudiyyət qoyulmamışdır. Hazırda ölkəmizdə həmişəki
kimi rus dilində orta ümumtəhsil məktəbləri,
ali təhsil ocaqlarında rus bölmələri, zəngin
elmi-pedaqoji ənənələri
olan Bakı Slavyan Universiteti fəaliyyət göstərir,
rus dilində çoxsaylı mətbuat
orqanları və müxtəlif təyinatlı
ədəbiyyat nəşr
edilib yayılır. Bu ildən Moskva
Dövlət Universitetinin
Bakı filialının
işə başlaması
da ictimai-siyasi və elmi-mədəni
həyatımızın diqqətəlayiq
hadisələrindən biridir.
Bu gün
müstəqil Azərbaycan Respublikasında dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq,
bütün ölkə vətəndaşlarına insan
hüquq və azadlıqlarından sərbəst istifadə
üçün hərtərəfli ictimai-siyasi şərait
təmin edilmişdir. Respublikamızın digər xalqları
kimi, rus əhalisi də bu demokratik-hüquqi
şəraitdən geniş yararlanmaqla, ölkədə
gedən böyük yenidənqurma və quruculuq
işlərində, dövlət müstəqilliyimizin daha da
möhkəmləndirilməsində yaxından iştirak edir.
Əziz həmvətənlər!
İldönümü
mərasiminə toplaşdığınız Azərbaycanın
Rus İcması təşkilatı fəaliyyət
göstərdiyi on beş il ərzində respublikamızda
demokratik-hüquqi islahatların həyata
keçirilməsində və azad vətəndaş
cəmiyyəti quruculuğunda ictimai fəallığı
ilə seçilmiş, Azərbaycan həqiqətlərinin,
ölkəmiz haqqında obyektiv gerçəkliyin dünya
ictimaiyyətinə çatdırılması sahəsində
təqdirəlayiq işlər görmüşdür. Əminəm ki, təşkilatınız bundan
sonra da cəmiyyətimizdə vətəndaş
həmrəyliyinin, xalqlar
arasında dostluq və qardaşlıq münasibətlərinin daha
da güclənməsinə,
xalq diplomatiyasının
inkişafına layiqli
töhfələr verəcəkdir.
Bu nəcib
və xeyirxah yolda hər birinizə uğurlar,
cansağlığı və xoşbəxtlik arzulayıram.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr
2008-ci il
Xalq qəzeti.- 2008.- 25
sentyabr.- S. 1.