Soyqırım abidə kompleksini ziyarət

 

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 27- Quba rayonunda açılmış "Soyqırım" abidə kompleksini ziyarət etmişdir.
Dövlətimizin başçısı abidə kompleksinin önünə gül dəstəsi qoydu.
Kompleksin ümumi sahəsi 1900 kvadratmetrdir. Bura qranit daşlar düzülmüş, mərmər döşənmiş, ətraf ərazi abadlaşdırılmış, yaşıllıq zolaqları salınmış, müxtəlif dekorativ kollar əkilmiş, işıqlandırma sistemi qurulmuşdur. Erməni daşnaklarının 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən abidədəki lövhələrdən birində yazılmışdır: "1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı zamanı 16 min dinc əhali qətlə yetirilmiş, 120 kənd, 26 məscid, yüzlərlə ev digər tikililər yandırılaraq məhv edilmişdir". Digər bir lövhədə isə 31 mart - Azərbaycanlıların soyqırımı gününün elan edilməsi barədə ulu öndər Heydər Əliyevin sərəncamı verilmişdir.

Prezident İlham Əliyev abidə kompleksinin tarixi yaddaşımızın bərpası, eyni zamanda, gələcək nəsillərə Azərbaycan xalqının vaxtilə başına gətirilən müsibətlər barədə dolğun məlumatın verilməsi baxımından əhəmiyyətini vurğuladı.

 

Azərbaycan.- 2008.- 28 sentyabr.- S. 2.