"Bir nağıl
söylə mənə"
Dünən Muzey
Mərkəzində "Bir nağıl söylə
mənə" adlı Azərbaycan milli cizgi filmləri
toplusunun təqdimat mərasimi keçirildi.
Mədəniyyət
və Turizm Nazirliyi ilə Heydər Əliyev Fondunun birgə
hazırladıqları topluda 9 cizgi filmi yer alıb. Xatırladaq
ki, bu il Azərbaycan animasiyasının 75 illik yubileyi də
qeyd olunur. Elə söhbəti gedən tədbir də
Azərbaycan animasiyasının 75 illiyi və yeni dərs
ilinin başlanmasına həsr olunmuşdu. Tədbirdə
"Mərhəmətin dadı" yeni cizgi filmi də
mərasim iştirakçılarına təqdim olundu.
Uşaq evləri, uşaq problemləri ilə
məşğul olan dövlət və ictimai təşkilatların
nümayəndələri də mərasimdə iştirak
edirdi. Tədbiri Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev açaraq, Azərbaycanın cizgi
filmləri tarixinin böyük yol keçdiyini söylədi.
Nazirin sözlərinə görə, ilk cizgi filmimiz
hələ ötən əsrin 30-cu illərində
çəkilib: "Bu gün uşaqlarımız milli cizgi filmlərimizə
baxa bilmirlər. Onlardan bəziləri itdikləri
üçün Azərbaycan Film Fondu vasitəsilə Rusiyada
saxlanılan bir neçə cizgi filmimizi Azərbaycana
gətirdik. Belə filmlər balacaların mənəviyyatını,
tərbiyəsini milli ruhda formalaşdırmağa
kömək edir. Toplu televiziyalara da təqdim olunacaq və belə
layihələr gələcəkdə davam edəcək".
Mədəniyyət
və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin
əməkdaşı Almaz Sultanzadə
çıxışında cizgi filmləri barədə
ətraflı məlumat verməyə çalışdı.
Bildirdi ki, topluya daxil edilən filmlərdən 1-i 2008-ci
ildə, 8-i 70-80-ci illərdə çəkilib. Toplu regionlarda,
xaricdə uşaq problemlərilə məşğul olan
təşkilatlara da gödəriləcək.
Şərq.- 2008.- 18 sentyabr.- S. 14.