Günay
“Filmdə Şah
İsmayılın ədəbi
yaradıcılığına yer vermişik”
Müəyyən
dövrlərdə baş verən tarixi hadisələrin
unudulmaması və daimi olaraq yaddaşlarda həkk olunması
üçün, müxtəlif dövrlərdə mövcud
olan dövlətlərin, sülalələrin və
sərkərdələrin fəaliyyətini əks etdirən
kitablar yazılmalı, verilişlər və filmlər
çəkilməlidir. Bu cür materialların köməyi
ilə tarixi gerçəkliklər nəsillərdən-nəsillərə
ötürülər və hər kəsin yaddaşına
əbədi həkk olar. Səfəvilər dövləti
ilə bağlı "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində çəkilən filmi də
bu silsiləyə aid etmək olar. Filmin ssenari müəllifi
Aydın Qurbanoğlu "Səfəvilər" filminin
mövzusunu qəlbinə yaxın hesab edir.
"Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində Azərbaycan dövlətini
və dövlətçilik tarixini özündə əks etdirən
mövzular plan var. Daimi olaraq həmin mövzulara müraciət
edirik. Bu mövzular
silsiləsinə Səfəvilər
sülaləsi də daxildir. Ancaq deyə bilərəm ki, hər kəsin
qəlbinə yaxın
olan bir mövzu var. Hələ bu filmin çəkilişlərinə
başlamamışdan əvvəl belə, Səfəvilərlə bağlı
olan tarixi materiallar həmişə
mənim diqqətimdə
olub. Bu mövzuda bir çox kitablar oxumuşam, araşdırmalar aparmışam. Nəhayət,
bu sülalə
ilə
bağlı
neçə
illik istəyimi
"Səfəvilər" filminin çəkilişi ilə
reallaşdıra bilmişəm.
Səfəvilər sülaləsi haqqında hələ
İslamın ilk əsrlərindən üzübəri məlumatlar var.
Lakin XII-XIV əsrdən sonra bu sülalə beynəlxalq
aləmə çıxdı. Səfəviyyə təriqətinin başçısı
Şeyx Səfiyəddin Ərdəbilli olub. O zamanın tarixçilərindən ikisi yazırdı:
"Şeyx Səfinin ocağına gəldik.
Şeyx bizim qarşımıza arpa çörəyi və su qoydu. Biz orada olarkən 3-4 türk də onun qonağı oldu. Şeyx onların qarşısına
isə bal, yağ və ağ çörək qoydu".
Buradan görünür
ki, türklərin yeri Şeyxin yanında çox yüksək və əziz idi. Başqa bir tarixi mənbədə isə deyilir ki, o zaman bütün
Yaxın Şərqdə
Şeyxə "Piri-torkan"
yəni, türklərin
piri deyərdilər. Belə ifadələrdən
sonra bu sülalənin başqa millətə məxsus olduğunu düşünməyə
dəyməz. Bizim çəkdiyimiz "Səfəvilər"
filmində Azərbaycanın
müstəqil bir dövlət kimi tanınmasında, Azərbaycan
dilinə dövlət
statusu verilməsində
və ən əsası 100 milyon əhalini əhatə edən Qızılbaş
imperiyasının qurulmasında
böyük əməyi
olan Səfəvi sülaləsinin hakimiyyətindən
danışılır.
- Siz, müəllif kimi yəqin ki, tarixçilərin bu sülalə ilə bağlı fikirlərindən
və tarixi mənbələrdən də
istifadə etmisiniz?
- Özüm tarixçi deyiləm. Amma son illər daha çox tarixi kitablar oxuyuram. Ən çox inandığım və oxuduğum Türkiyə tarixçilərinin kitablarıdır.
O ki qaldı "Səfəvilər"
filminə əlbəttə,
burda da tarixçilərə müraciət
etmişəm. Bu filmdə
ən çox təmasda olduğum və işlədiyim tarixçilərdən biri
tarix elmləri doktoru Oqtay Əfəndiyev
olub. Sovet dövründə belə
mövzulardan yazmağa
qadağa qoyulduğu bir vaxtda o, Səfəvilər
dövləti haqqında
kitab yazıb və müdafiə edib.
Ümumiyyətlə, tarixdə
Səfəvilər dövlətinə
türk tarixində həmişə ikili münasibət olub. Şah İsmayılla
Sultan Səlim Yavuzun vuruşması, sünni-şiə
münasibətlərinin həmişə
qabardılması...
Biz də
filmdə bu məsələləri aydınlaşdırmağa
çalışmışıq. Bunun üçün də filmdə hər iki sərkərdənin məktubları göstərilib.
Sultan Səlimin 4 məktubu
(üçü farsca,
biri türkcə), Şah İsmayılın
isə türkcə yazılmış bir məktubu göstərilib.
Bu məktubları oxuyan hər kəsdə o dövrün
hadisələriylə bağlı
geniş təsəvvür
yarana bilər. Hər sərkərdənin
mövqeyi aydınlaşar.
Bu mövzuya müraciət etməyimizdə
ikinci əsas səbəb isə 240 il Azərbaycan dövlətinin tarixində
siyasi və ictimai məsələlərin
həllində əsas
rol oynamış Səfəvi dövlətini
ictimaiyyətə daha
ətraflı və yaxından tanıtmaqdır.
- Film hansı məkanlarda çəkilib?
- Bizim nə Türkiyəyə,
nə də Güney Azərbaycana getmək imkanımız olmadı. Bilirsiniz ki, bu mövzulu filmlərin çəkilməsi üçün
böyük maliyyə imkanlarının olması vacibdir. Bizim
həmin məkanlarda çəkiliş aparmağımız
və 8-9 nəfərlik qruppanın orada qalması
üçün maliyyə imkanlarımız yetərincə
deyil. Yəni bu sülalə ilə bağlı bir sıra
şəhərlər var ki, orada çəksəydik film daha
maraqlı olardı.
Tarixdən məlumdur
ki, Sultan Səlim Təbrizi tutur, amma orada 8 gündən
artıq qala bilmir. Buna səbəb o idi ki, Çubuq
döyüşündə İldırım Bəyazidə
qalib gələn Əmir Teymur türk sultanının 40 min
nəfərini əsir götürür.
Xətainin ulu babası
Xacə Əli seyid idi. Görkəmli
şəxsiyyətlər, dövlət başçıları
və hökmdarlar həmişə onu ziyarət
edərmiş. Əmir Teymur da döyüşdən qalib
qayıtdıqdan sonra Xacə Əlini ziyarət edir və ona
deyir, Şeyx məndən nə dilərsən. Seyid isə
deyir ki, sufilərin dünya malında gözü yoxdur.
Əmir Teymurun təkidindən sonra seyid ondan əsir
götürdüyü 40 min qan qardaşını azad etməsini
xahiş edir. Teymur şeyxin xahişini yerə salmır.
Sultan Səlimin 8 gün
artıq Təbrizdə qala bilməməsinə səbəb
Osmanlı qoşunu arasında etirazın baş
qaldırmasıydı. Həmin qoşundakı etiraz
edənlər 40 min əsirin törəmələri idi.
Sultan Səlim Şah
İsmayılın qılıncını və taxtını
qəsb edib Təbrizdən uzaqlaşır. Çox
istərdik ki, nadir sənət nümunəsi olan həmin
taxtı, Xətainin yeganə əlyazması saxlanılan Topqapını,
Təbrizdə olan Şeyx Səfinin atası Şeyx Cəbrayılın
məqbərəsini və bütün dünya
turistlərinin axışdığı və Xətainin
ailəsinin dəfn olunduğu, Ərdəbildə yerləşən
divarı və tavanı qızlla örtülən nadir
sənət nümunəsi Darül - irşadı filmdə
çəkib göstərək. Bu məkanlarda
çəkiliş apara bilmədiyim üçün filmin
çəkilişlərində bir sıra
çətinliklər ortaya çıxdı.
Təbrizdə
yaşayan yaxın dostum İsa Qaraxanlıdan xahiş etdim ki,
film üçün lazım olan bir sıra məkanları
çəkib göndərsin. Düzdür, o, bu sahədə
peşəkar olmasa da, ancaq orada çəkilişlər etdi
və lenti bizə göndərdi. Bu materiallar filmin
çəkilişləri zamanı köməyimizə
gəldi.
Ölkəmizdə də
bu sülalə ilə bağlı olan bir çox
bölgələrdə və Bakıda
çəkilişlər etdik. Qusarda, Şamaxıda,
Bakıda çəkilişlər apardıq. Bizə
filmdə illüstrativ materiallar da köməklik etdi. Sultan
Məhəmmədin, Kəmaləddin Behzadın Mir Seyid
Əlinin və başqa sənətkarların minatürlərindən,
muzeylərdə, arxivdə və internet saytlarında bu
sülaləylə bağlı olan materiallardan istifadə
etmişik.
- Bu filmdə Şah
İsmayılın ədəbi yaradıcılığına
da toxunulubmu?
- Bəzən o, şah olduğu
üçün onun ədəbiyyatda yerini azaldırlar. Amma
mən cəsarətlə deyə bilərəm ki,
Azərbaycan ədəbi dilinin formalaşmasında
Xətainin xidmətləri əvəzsiz olub. Onu bədii
yaradıcılığına nəzər saldıqda
görürük ki, XVI əsrdə yazıb-yaratmağına
baxmayaraq, onun dili çağdaş ədəbi və danışıq
dilinə yaxındır.
Əlbəttə ki, bu
iki il ərzində üzərində işlədiyimiz
filmə dair araşdırmalar zamanı
Səfəvilərlə bağlı yeni-yeni faktlar üzə
çıxıb. Biz istəmədik ki, bu faktların
üzərindən ötəri keçək. Filmdə Ş.
İ.Xətainin ədəbi yaradıcılığına
xüsusi yer vermişik. Çalışdıq ki, bu
sülalə haqqında olan məlumatları bir hissədə
cəmləşdirək. Film haqqında əsas sözü
isə tamaşaçı deməlidir.
Qeyd edək ki,
"Səfəvilər" filminin çəkilişində
böyük bir kollektivin əməyi olub. Filmin redaktoru Vüqar
Tapdıqlı, rejissoru Tariyel Vəliyev, operatoru Mətləb
Yaqubov, montajçı Nasir Salam, səs rejissoru Firudin
Bağırov, direktoru isə Valeh Həsənoğludur.
Paritet.- 2008.- 13-15 sentyabr.- S. 16.