İbrahimova S.

 

Doğum günündə kövrələn sənətkar

 

Əminə Yusifqızının fikrincə, insana göründüyü yaşı vermək lazımdır

 

Ötən gün Xalq artisti Əminə Yusifqızının doğum günü idi. Hər ilin bu günü onun üçün kədərli bir qədər kövrək keçir. O, doğum günlərində sevdiyi şeir parçalarından biri olan Nigar Rəfibəylinin "Son bahar"ını xatırlayır. Özü üçün bu parçanı zümzümə edən bədii qiraətçi "Kaspi" söhbətində bir qədər keçmişə boylandı: "Sənətə gəlişimin yolları bir qədər enişli-yoxuşludur. Yəni ailə üzvlərimiz arasında mənim aktrisa olmağımı istəməyənlər çox idi.

Yalnız anam mənə qarşı çıxmırdı. Kasıb ailədə dünyaya göz açmışdım. Atam neftçi, anam isə ev xanımı idi. Mən böyüyüb həddi-buluğa çatanda aktrisa olmaq arzumu bildirdim. Lakin qardaşlarım bunun əksinə çıxaraq "bizim ailədə sənət adamı yetişməməlidir" - deyə, xəbərdarlıq etdilər. Ali məktəbi bitirəndən sonra Gənc Tamaşaçılar Teatrından mənə dəvət gəldi. Tədbirlərin birində səsləndirdiyim şeir parçasından sonra teatrın o vaxtkı rəhbəri mənə işləmək təklifi etdi. O vaxt bir çox obrazı qocaman oyunçular ifa edirdilər. O təklif etdi ki, teatrdakı boşluğu mənim teatra gəlişim doldura bilər. Razılaşdım, lakin teatra evdəkilərdən xəbərsiz gedirdim. Anam məni müdafiə edərək qardaşlarıma məktəbdə çalışdığımı demişdi. Amma bu sirrin üstü gec-tez açılmalı idi. O vaxt bildilər ki, artıq mən peşəkar səhnəyə ilk addımlarımı atırdım. Qarşı çıxsaydılar belə, artıq məni səhnədən uzaqlaşdıra bilməyəcəklərini anladılar".

Lakin bir müddətdən sonra Əminə xanımın ayağı teatrdan kəsilir. Poeziyaya meyil göstərən aktrisa fəaliyyətini qiraət ustadı kimi davam etdirməyə qərar verir. Ötən gün yaxın ailə üzvləri ilə birlikdə doğum gününü qeyd edən aktrisa yaşını bildirməyi sevmədiyini söylədi. Onun düşüncəsinə görə, insana göründüyü yaşı vermək lazımdır. Kağız üzərində yazılanların bir o qədər böyük əhəmiyyəti yoxdur.

 

Kaspi.- 2008.- 25 sentyabr.- S. 16.