Məhərrəmova
T.
Nağıla
bənzər ömür
İzzət Orucova Azərbaycanın ilk kino
aktrisası
kimi məşhurlaşsa da, sonradan
həyatını elmə həsr edir
"Məni ilk Azərbaycan kino
aktrisası adlandırırlar. Və mən bəzən
fikrə dalıram: görəsən, bu,
düzgündürmü? Ümumiyyətlə, mən aktrisa
olmuşammı? Axı, mən oynamamışam... Yox, mən
kamera qarşısında iki qadın taleyini
yaşamışam. Bunlar mənim müasirlərim, demək
olar ki, yaşıdlarım idi..." Bu sözləri
vaxtilə "Sevil" və "Almaz" bədii
filmlərində baş rolları ifa edən
Azərbaycanın ilk milli kino aktrisası, görkəmli
kimyaçı alim, akademik İzzət Orucova söyləyib.
Cəfər Cabbarlının
tapıntısı
İzzət
Orucova 1909-cu il sentyabrın 16-da Bakıda dünyaya göz
açıb. İzzət xanımın sonrakı
həyatının özü bir kino olub. O,
dünyaya göz açanda ölkə ağrılı
dövrünü yaşayırdı. İnsanların bir
gözü gülürdü, digəri ağlayırdı.
Haqsızlıq, ədalətsizlik baş alıb gedir,
insanın insan tərəfindən zülmü
ərşə çıxmışdı. İzzət
xanımın yeniyetmə, gənclik illərində
gördüyü, duyduğu, eşitdiyi müsibətlər
neçə-neçə bədii filmlərin mövzusu ola
bilərdi.
Cəhalətin
hökm sürdüyü keçən əsrin 20-ci
illərində azərbaycanlı qızın təhsil
alması, oxuyub mühəndis olması Şərq
mühitində görünməmiş hadisə olmaqla,
üstəlik, tələbə qızın filmə
çəkilməsi, baş rolda oynaması əsl
möcüzə, həyat reallığından daha çox
əfsanə kimi qarşılanaraq tariximizə yazılıb.
Arxiv
materialları əsasında məlum olur ki, İzzət
Orucovanı kino üçün böyük
axtarışlardan sonra görkəmli dramaturq Cəfər
Cabbarlı kəşf edib. İzzət xanım
xatirələrində bu barədə belə yazıb:
"Sevil" filminin həm ssenari müəllifi, həm
də quruluşçu reyissoru görkəmli dramaturq
Cəfər Cabbarlı idi. Filmin digər reyissoru Beknazarov Sevil
rolunun ifasını Nora Arzumanova adlı bir qıza
tapşırmaq istəyirdi. Lakin Cəfər Cabbarlı buna
qəti etirazını bildirdi. Dedi ki, əsərin baş
rolunda azərbaycanlı qızı çəkilməlidir.
Mən Cəfərin adını eşitmişdim,
üzünü görməmişdim. Günlərin
birində o mənə yaxınlaşdı, məqsədini
bildirdi. Amma mən nə "hə", nə də
"yox" dedim. Qarşıya çıxan qismətdən
qaçmaq olmazmış. Rəhmətlik Cəfər
müəllim çox tələbkar idi. Bəyənmədiyi
kino kadrlarının dəfələrlə, yenidən
çəkilməsini israr edərdi. Dünən olubmuş
kimi xatırlayıram: Sevilin çarşabı
başından atması epizodu bir neçə dəfə
təkrar çəkildi. Lakin bu səhnə -
azərbaycanlı qızının tərəqqiyə can
atması mənzərəsi işıqlı
təfəkkür sahibi Cəfər müəllimin xoşuna
gəlmədi. O, hər dəfə yumşaq tonda, ancaq hiss edirdim
ki, hirsini gizlədib deyərdi: "Yox, İzzət olmadı.
Çarşabı başından atmağın çox
süni çıxır, qondarma görünür. Unutma,
əsərin kulminasiya nöqtəsi də elə burdadır.
Sən müdhiş, qorxunc çarşabı başından
elə atmalısan ki, bu səhnə tamaşaçıda
cəhalətin və mövhumatın qara pərdəsi olan
çarşaba nifrət, qəzəb oyatsın".
Beləliklə,
İ.Orucova "Sevil" filmində baş rola
çəkilir və böyük uğur qazanır.
İzzət xanım peşəkar aktrisa deyildi. Lakin
ürəyini ağrıdan hadisələrin çox
şahidi olmuşdu. Hansısa bir nailiyyətdən
fərəhlənmək istəyəndə
gözəgörünməz qüvvə onun sevincini
ürəyində boğmuşdu. İzzət xanım
xatirələrində yazıb: "Bəlkə də
dünyada bənzəri olmayan günləri, anları
yaşamışam. "Sevil" bədii filmi ekranda
göstərilən gün anamı da kluba
aparmışdım. Qohum-əqrəbalarımız da
gəlmişdi. Tamaşaçıların
çoxunun biletini Cəfər Cabbarlı almışdı.
Həmin gün birinci anam, sonra neçə-neçə
tamaşaçı çarşabı başından
açıb atdı. Ancaq yenidən qara örpəyə,
çarşaba büründülər. Çünki
dünyanın ən dəhşətli zülmü - repressiya
başlamışdı. İncə duyumlu, zərif
qəlbli, kövrək ürəkli şair Mikayıl
Müşfiqin sanki ərşə çəkilməsi
rəhmətlik Cəfər Cabbarlıya da qənim
kəsildi".
Filmin
uğurundan ruhlanan Cəfər Cabbarlı özünün
eyniadlı pyesi əsasında "Almaz" kinossenarisini
yazır. O, əvvəlki filmlərdə reyissorluq
sahəsində lazımi təcrübə topladığı
üçün böyük həvəs və ruh
yüksəkliyi ilə "Almaz"a quruluş verməyi
öz öhdəsinə götürür. C.Cabbarlı
yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar
arasında rolları bölüşdürür. Almaz roluna
bundan əvvəl "Sevil" filmində
çəkilmiş İzzət Orucovanı təsdiq edir.
Lakin Cəfər Cabbarlının vaxtsız ölümü
ona bu arzusunu həyata keçirməyə imkan vermir. Amma
görkəmli dramaturqun bu arzusunu həmkarları həyata
keçirir. İzzət xanım Almaz obrazını
müvəffəqiyyətlə oynayaraq azadlığa
çıxan Azərbaycan qadınının lirik, canlı
obrazını yaratmağa müvəffəq olur.
Dövlət Film Fondunun direktoru
Cəmil Quliyevin dedikləri:
- Bəxti mərhum İzzət
xanımın üzünə gülmüşdü.
Bütün sarsıntılara, sıxıntılara baxmayaraq,
o, ömrünün ən bəxtəvər çağlarını
yaşayırdı. 20-22 yaşında gənc qız
oynadığı Sevil roluna görə dövrün populyar
şəxsiyyəti, ifaçısı kimi
tanınmışdı. "Sevil" filmindən sonra
Cəfər Cabbarlı onu özünün ssenarisi
əsasında quruluş verəcəyi "Almaz"
filmində yenə baş rola - Almaz obrazını yaratmağa
dəvət etmişdi. Amma dramaturqun arzusu ürəyində
qalır. O, zamanın amansızlığına dözüm
gətirə bilmir, dünyasını dəyişir. Ancaq
İzzət xanım Almaz roluna çəkilir və s. ekran
tamaşaçılarının rəğbətini
qazanır. Onun hər iki filmdə oynadığı
rolları bu gün də örnək kimi qəbul edir,
nümunə göstərirlər.
Görkəmli
elm xadimi
İzzət xanım kino
aktrisası kimi məşhurlaşsa da, əsas
məqsədindən - elmə sevgisindən ayrılmır. "Sevil" və
"Almaz" filmlərindən sonra gənc aktrisa kinodan
uzaqlaşır və həyatını
bütünlüklə Azərbaycan elminin inkişafına
sərf edir.
O, uzun illər Elmi-Tədqiqat Neft
Emalı İnstitutunda müxtəlif vəzifələrdə
işləyir. Elmi dərəcələr qazanır. O, elm
sahəsində uğurlar qazandıqca, milli kinomuzda iki
məşhur rol oynadığını
nəzər-diqqətə çatdırmırdı.
Bəlkə ona görə ki, ötən illərin
ürək ağrıdan müsibətlərini yenidən
yaşamaq istəmirdi. Amma bəzən Sevillərin,
Almazların çadralarını atmalarına, arzularına
çatmalarına sevinərdi. Elm xadimi kimi
tanındıqca, ucaldıqca, müxtəlif fəxri adlar,
dövlət mükafatları alanda, istər-istəməz
ötən günlərin xatırlayır, fərəh,
qürur hissi duyurdu.
İzzət xanımı
gözəl insan, səmimi iş yoldaşı, daim
axtarışda olan elm xadimi kimi tanıyır və
sevirdilər. Elmi sahədə onunla uzun illər birgə
çalışan Həqiqət Cəbiyevanın
xatirələri İzzət xanımı təkcə elm
adamı kimi deyil, insani keyfiyyətlərini tanıtmaq
baxımından maraqlıdır:
-
Hər dəfə İzzət Orucova haqqında söz
düşəndə onun iki xidməti - görkəmli elm
xadimi olması, bir də milli kino sənətimizdə
fəaliyyəti ehtiramla xatırlanır. 30 ilə
yaxındır ki, İzzət xanım haqq dünyasına
qovuşub. Amma mən buna hələ də inanmıram.
Həmişə, hər vaxt elə bilirəm ki, indicə
qapımız açılacaq, həmişəki kimi
şən ovqatla əhvalımızı, nəyə
ehtiyacımızın olmasını soruşacaq. Onun
simasında qadın şərəfinin, ləyaqətinin
ucalığını görmüşəm. Portretini
böyüdüb evimdən asmışam. Hər dəfə
televiziya ekranlarında onun ifasında Sevili, Almazı
görəndə kövrəlirəm. İzzət xanım
son dərəcə həssas duyumlu insan idi. Şükürlər
olsun ki, o, unudulmur. Çünki xatirələrdə
özünə əbədi yer qazanıb.
İzzət
Orucovanın yüksək ixtisaslı kadrlar
hazırlanmasında xidməti olub. O,
Azərbaycan Demokratik Respublikanın Dostluq Cəmiyyəti
Azərbaycan Şöbəsinin sədr müavini kimi
çalışıb. İzzət xanım 1962-ci ildə
texnika elmləri doktoru, professor elmi dərəcəsi, iki il
sonra Əməkdar elm və texnika xadimi fəxri adını
almış, dövlət mükafatına layiq görülmüş,
Elmlər Akademiyasının akademiki seçilmişdi.
"Şərəf nişanı", "Qırmızı
əmək bayrağı", "Lenin" və "Oktyabr
inqilabı" ordenləri ilə təltif olunmuşdu.
Nağıla
bənzər, amma həyat həqiqəti olan, mənalı
ömür yaşayan İzzət Orucova dünyasını
dəyişsə də, unudulmayıb. Xidmətləri, elmi
fəaliyyəti, xüsusən milli kinomuzun
inkişafındakı əməyi hər vaxt ehtiramla
xatırlanır. Bunun üçün təkcə
yaddaşlara deyil, arxivlərdə qorunan lentlərə və
onları qoruyanlara da minnətdar olmaq lazımdır.
Tanınmış
kinoşünas, Əməkdar incəsənət xadimi
Aydın Kazımzadənin dediyi kimi:
- Nə
qədər ki, milli mədəniyyətimiz,
incəsənətimiz var, İzzət xanım da yaşayacaq,
gələcək nəsillərə örnək olacaq.
Kaspi.- 2008.- 16 sentyabr.- S. 11.