Mükərrəmoğlu M.

Bir həsədin tarixçəsi...

 

Kinorejissor Vaqif Mustafayevin portretindən bəzi ştrixlər

 

Xalq artisti Vaqif Mustafayev haqqında ilk dəfə “Yeni filmlər” jurnalında 20 il bundan əvvəl yazmışdım. Gənc idi, yeni başlayırdı. Amma o vaxt yazmışdım ki, “bu gəncin” gələcəyinə inanıram və o, kinomuzun inkişafında çox böyük xidmətlər göstərəcək.

Onun gəlişi ilə milli kinomuza yeni nəfəs, yeni yaradıcı üslub gəldi. “Yaramaz”ın yaranması kinomuzda inqilab idi. Ona qədər kinoda heç kəs belə açıq danışmağa cürət etmirdi. Mənəviyyatda baş verən aşınmalar, ölkə həyatının görünməyən qatlarında gedən mübarizə, korrupsiya, rüşvətxorluq və s. məsələləri ekranın açıq müzakirə obyektinə çevirmək əslində asan məsələ deyildi. Vaqif isə qorxmadan, çəkinmədən öz filmi üçün seçdiyi mövzunu tamaşaçı auditoriyasına təqdim edərək çox şeylərə aydınlıq gətirdi. Mən bilmirəm, “Yaramaz”ın prototipləri onu cəzalandırmağa səy göstərdilər, ya yox, hər halda çoxlarının rahatlığı pozulmuşdu, çoxları yeni bir dövrün başlandığını artıq hiss etməyə başlamışdılar. “Yaramaz” çox təsirli film idi. Vaqif müəllim bizim hər birimizi düşünməyə, proseslərə ayıq gözlə baxmağa sövq edirdi. Düşünürdün ki, necə olub ki, ətrafda baş verən bu cür yaramazlıqları görə bilməmişik. Axı onlar bizim aramızda idilər və öz yaramaz fəaliyyətləri ilə bizə, cəmiyyətə nə qədər mənəvi, maddi zərbə vururlar.

Vaqif Mustafayev “Yaramaz”la özünü təsdiq etdi. Və hər birimiz aydın hiss etdik ki, kinomuza çox istedadlı, çox enerjili bir sənətkar gəlib. İndi kimi dindirsən “Vaqif çox istedadlı sənətkardır” — deyəcək, əsərlərində milli xüsusiyyətlərin ustalıqla qorunduğunu bildirəcək.
Vaqif təpədən-dırnağa qədər kinematoqrafçıdır. O, ekranın dilini gözəl bilir, adi hadisələrə böyük ictimai məna verməyi bacarır. Bu böyük sənətkarın yaratdığı ən xırda süjetlər belə cəmiyyəti düşündürən, həyatımızın problemlərini ustalıqla əks etdirən əsərlərdir. Onların hər birində Vaqifin dəst-xətti var və elə ilk kadrlardan da bunu hiss etmək olur.

Vaqif müasir kinonun sirlərinə bələd olan, güclü daxili potensiala malik sənətkardır. Onun qəhrəmanları ətrafımızdakı insanlardır. Amma Vaqif müəllim onların elə xüsusiyyətlərini görə bilir ki, biz adi vəziyyətdə onlara bəzən laqeyd yanaşırıq, düşünmürük ki, bunlar cəmiyyətimizin inkişafına təsir göstərən amillərdir.
Vaqif Mustafayev təbiətcə nikbin insandır. Hər şeyin “yaxşılığa doğru” getdiyini güman edir. Bizi də buna inandırmağa çalışır. Vaqif Mustafayevin bədii həqiqətləri reallıqdan güc alan faktlardır. Onun filmlərində insan amili öndədir. O, şər qüvvələrin varlığını və onlarla çox ehtiyatla davranmağın lazım olduğunu simvollarla bizə anlatmağa çalışır. Bu simvollar onun yaradıcılığında əslində çox mətləbləri açıqlayır. Bəzən qəhrəmanın adi bir hərəkəti böyük məna yükü daşıyır.

Deyirlər, bəzən Vaqif müəllim ssenari olmadan film çəkir. Deyəsən, elə “Fransız” filmi belə yaranıb. Bu film böyük məna yükü daşıyan çox maraqlı ekran əsəridir. “Hər şey yaxşılığa doğru” filmi isə daha ibrətamiz hekayətdir.

Vaqifin personajları tamaşaçını yormur. Səbəbi isə bunda görürəm ki, bu insanların düşdüyü situasiyalarda gizli bir komizm var. Bu da kinonun çox vacib elementidir. Çünki tamaşaçı bu dramaturgiyanın satirik komizmindən rahatlıq tapır. “Mozalan” satirik kinojurnalında yaratdığı onlarla bədii və sənədli kino süjetləri Vaqifin bir sənətkar kimi əsl istedad sahibi olduğuna sübutdur.

Vaqif Mustafayev özünə və sənətinə hörmətlə yanaşan insandır. İşləməyi xoşlayan, yaradıcılıq axtarışları aparmağı sevən bir sənətkardır.
“Mozalan”da Ceyhun Mirzəyevlə (Allah ona rəhmət eləsin) bir yerdə işləyirdilər. Bu isə onların yaradıcı əməkdaşlığına bir növ stimul yaratmışdı. “Bəyin oğurlanması” filminin çəkilişlərində iştirak etmişdim. Görürdüm ki, onlar necə səmimi, mehriban əməkdaşlıq edirdilər. Bu filmin hansı səviyyədə kino əsəri olduğu barədə söhbət açmaq istəmirəm. Onu demək istəyirəm ki, filmdə çoxlu rejissor tapıntıları var. Milli-mənəvi dəyərlərimizi yaşadan bu kino əsəri çox maraqlı süjetlərin toplusudur və tamaşaçı bu filmə sona kimi böyük maraqla baxır.
Ulu öndər Heydər Əliyevin Vaqif Mustafayev sənətinə verdiyi qiyməti, yəqin ki, çoxları xatırlayır. Çünki dəfələrlə televiziyada ümummilli liderin Vaqif Mustafayevlə görüşləri yayımlanıb və bəlkə də bu inam, etibar Vaqif müəllimin bu böyük tarixi şəxsiyyət haqqında sənədli-bədii serial yaratmasına gətirib çıxarmışdı.

Heydər Əliyev şəxsiyyəti ilk dəfə Vaqif Mustafayevin filmlərində belə əhatəli şəkildə tamaşaçılara çatdırılırdı. Çox çətin və həddindən artıq məsuliyyətli bir iş idi. Amma Vaqif Mustafayevin öz istedadına inamı ona bu ağır işə girişməyə stimul vermişdi.

Uzun axtarışlar, ciddi, səviyyəli görüşlər, yüksək ranqdan olan dövlət rəhbərləri ilə təmasda olmaq əslində yüksək siyasi səriştə də tələb edirdi. Vaqif müəllim bütün bu sınaqlardan uğurla çıxdı. Yaratdığı filmlərlə xalqa öz rəhbərini bir daha olduğu kimi təqdim edə bildi. O, ulu öndər haqqındakı filmlərində bu dahi insan barədə hədsiz məhəbbətlə danışır. Böyük rəhbərə ümumxalq məhəbbətini əks etdirir. Xalqa öz rəhbərinin həyatından nadir faktlar barədə məlumat verir. Bu filmlərin hər birində Heydər Əliyev böyüklüyü, ucalığı var. Amma “Bir həsədin tarixi” Heydər Əliyev şəxsiyyətinin ucalığını, müqəddəsliyini təsdiq edən çox nadir ekran əsəridir. Bu filmə bir dəfə yox, bir neçə ləfə baxmaq lazımdır. Çünki onun hər kadrında böyük mətləblər var və ona baxdıqca bu böyük şəxsiyyəti yetirən bir xalqın övladı olduğun üçün həqiqətən fəxarət hissi keçirirsən. Heydər Əliyev olub-keçənləri necə soyuqqanlılıqla xatırlayır. Bəli, Mixail Qorbaçov bu böyük şəxsiyyətin fonunda çox cılız görsənir. Onun başqa yolu da yoxdur, çünki Heydər Əliyev dühası qarşısında o, çox gücsüz və zəifdir. Zəifləri isə həsəd hissi həmişə rahat qoymur. Yeganə yol isə qisas almaqdır. Bu da baş verdi. Ekranda hiss edirsən ki, Qorbaçov yalan danışır, faktları təhrif edir. Heydər Əliyev isə qorxmadan, cürətlə əhvalatları doğru-düzgün şərh edir. 20 Yanvar faciəsinin sabahı günü Moskvadakı Azərbaycan nümayəndəliyinə öz ailəsi ilə birgə gələndə də imperiyaya meydan oxumaq qüdrətinə malik olduğunu təsdiq etdi. Bütün bu faktları rejissor tarixi reallıqlar əsasında ekrana gətirmişdi. Elə Vaqif müəllim özü də qorxmadan, çəkinmədən bu müsahibələri lentə almışdı. Və istəyirdi ki, xalq imperiya haqqında həqiqətləri bilsin, onun əsl siması açılsın. Və imperiya ilə mübarizədə Heydər Əliyev gücünü, qüdrətini bizlərə çatdırmaq istəmişdi.

Ümumiyyətlə, Vaqif Mustafayevin filmlərində ulu öndər tarixi şəxsiyyət, öz xalqını sevən lider, çox mehriban ailə başçısı, sədaqətli insan, uzaqgörən rəhbər kimi təqdim olunmuşdur. Bu filmlər kino tariximizin çox nadir inciləridir. Hər dəfə televiziyada bu filmlər göstəriləndə adam əsl mənada qürur hissi keçirir.

Vaqif Mustafayevin bu filmləri bir neçə beynəlxalq festivallarda mükafatlara layiq görülmüş, müəllifinə böyük şöhrət qazandırmışdır. O, hansı mövzuda film çəkirsə-çəksin problemə öz münasibəti olur. Bəzən ssenarini kənara atıb özü istədiyini çəkir. Bunu onunla birgə işləyən sənətçilər də deyir. Qarabağ müharibəsindən bəhs edən ilk ssenarini də o yazmışdı. Bir sənətkar kimi o, bu hadisələrə biganə qala bilməzdi. Yaxşı da ssenari yazmışdı və sənət dostu Ceyhun Mirzəyev çəkirdi “Fəryadı”. Bu, elə bir vaxt idi ki, müharibə gedirdi, hələ hadisələrdə elə bir aydınlıq yox idi. Ceyhun Mirzəyev filmi tamamlaya bilmədi. Amansız ölüm yarımçıq qoydu onun işini. Vaqif Mustafayev Ceyhunun yarımçıq qalmış işini tamamladı və film ekranlara çıxanda rejissor kimi Ceyhun Mirzəyevin adı yazıldı.

Vaqif Mustafayevin yaradıcılığının təhlili bir məqaləyə sığan deyil. Ona görə də burada biz onun bəzi filmlərindən söhbət açdıq. Hələ yazmadıq ki, onu Avropa Kino Akademiyasına üzv çeviblər, onlarla beynəlxalq mükafatların laureatıdır, mədəniyyət nazirinin müavini işləyib, Space televiziyasının rəhbəridir. Son illər bu televiziyanın uğurları göz qabağındadır.

Onu da əlavə edək ki, bu yaxınlarda Vaqif Mustafayev “Soqlasie” ordeni ilə təltif olunub. O, bu mükafata KİV-də sülh və yaxın qonşuluq siyasətini təbliğ etdiyinə görə layiq görülüb. Məlumat üçün bildirək ki, bu mükafat Ukrayna KİV Assosiasiyası, “Beynəlxalq Jurnalistlər İttifaqları Federasiyası və Avrasiya Televiziya və Radio Akademiyası tərəfindən təsis olunmuşdur.

Milli kinomuzun bu gün Vaqif kimi sənətçilərə böyük ehtiyacı var və inanırıq ki, Vaqif müəllim ən yaxşı əsərlərini hələ bundan sonra yaradacaq.

Doğrusu, ilk dəfə Vaqif müəllimdən müsahibə götürəndə onun istedadına həsəd aparmışdım. Amma bu, xoşməramlı həsəd idi. Və bu gün də bu böyük sənətkara həsəd aparanlar çoxdur. Onların da xoşməramlı olduğuna inanmaq istəyirəm.

 

Xalq qəzeti.- 2008.- 7 sentyabr.- S. 4.