Məhərrəmova T.
Nağıllarımızı
müasirləşdirmək lazımdır
Elçin Hami
Axundov, reyissor: Gənc animatorlar olmasa, animasiya filmləri
çəkilməyəcək
Azərbaycanda animasiya
filmlərinin yaranması ötən əsrin 30-cu illərinin
əvvəllərinə təsadüf edir. Hələ 1933-cü
ildə Bakı kinofabrikində "Lökbatan" və
"Neft simfoniyası" sənədli filmlərini
çəkərkən texniki animasiyadan istifadə etmişdilər.
"Çat" təlimat filmində isə animasiyadan
bütünlüklə istifadə olunub və film 1938-ci
ilə qədər ümumittifaq ekranlarında nümayiş
etdirilib.
Məhz bu film ekranlara
çıxandan sonra kinostudiyada bir qrup
təşəbbüskar ilk dəfə bədii animasiya filmi
yaratmağı qərara alır. 1935-ci
ildə "Əhmədin bəlası" adlı ilk
bədii animasiya filmi çəkilir.
Bu il
artıq ölkəmizdə animasiya filmlərinin
çəkilişinin 75 illiyi, gələn il isə
yenidən bərpasının 40 illiyi qeyd olunacaq. Studiyanın
direktoru və bədii rəhbəri Elçin Hami Axundov bu
gün milli kinematoqraf sahəsindəki
irəliləyişlərin "Azanfilm" studiyasında da
hiss olunduğunu deyir:
- Hazırda kino
sahəsində bir canlanma yaranıb. Təbii ki, bu canlanma bizim
studiyada da hiss olunur. Əbülfəs Qarayev nazir təyin
olunandan sonra "Azanfilm"ə maddi qayğı daha da çoxalıb.
Əgər əvvəllər ildə bir film
çəkirdiksə, indi artıq ikisini çəkirik.
Gələcəkdə yəqin ki, filmlərin sayı daha da
çox olacaq. Ancaq filmlərin az çəkilməsi
təkcə Mədəniyyət və Turizm Nazirliyindən
asılı olan problem deyil. Daha çox kadr
çatışmazlığı ilə bağlıdır. Bu sahə üzrə mütəxəssislər
çox olsa, nəinki 2, hətta 4-5 film çəkərik.
Kinematoqrafa məsul şəxslər başa
düşürlər ki, uşaqların
tərbiyəsində animasiya filmlərinin çox
böyük rolu var. Ancaq kadr az olduğu üçün bundan
artıq film çəkə bilmirik. Mədəniyyət
və Turizm Nazirliyinə təqdim etdiyimiz layihə
əsasında yeni kurslar açılmalı, bura cəlb
olunan gənc rəssamlarla tammetraylı filmlər
çəkilməlidir. Mədəniyyət və Turizm
Nazirliyi də öz növbəsində layihələr
paketini Nazirlər Kabinetinə təqdim edib. İndi hər
şey Nazirlər Kabinetinin çıxaracağı qərardan
asılıdır.
- Təqdim etdiyiniz layihə
yalnız kadr çatışmazlığının
həlli ilə
bağlıdır?
- Kadr çatışmazlığı da daxil olmaqla
"Azanfilm" studiyasının gələcək
fəaliyyəti ilə
bağlı layihədir. Məlumdur ki, 90-cı illər
durğunluq dövrü
oldu. Demək olar ki,
maliyyələşmə yox idi. Xüsusən 1995-ci ildən
sonra
maliyyələşdirmə tamamilə
dayanmışdı. Ona görə də kadrların
hamısı
studiyadan uzaqlaşdı.
Onlar özlərinə iş axtarmağa məcbur idilər.
Bizim
animatorlar demək olar ki,
dünyaya səpələndilər. İndi onlardan
"Disney"
studiyasında, İsrail,
Rusiya, Polşa, Türkiyə və s. ölkələrdə
işləyənlər var.
Animator hər bir
studiyaya lazımlı sənətdir.
- Bu gün "Azanfilm"
studiyasında çalışan animatorların hamısı
yalnız köhnə nəslin nümayəndələridir,
yoxsa gənclər də var?
-
Demək olar ki, hamısı köhnə nəslin
nümayəndələridir. Əksəriyyəti
mənim yaşıdlarımdır. İndi
cavan kadrlar lazımdır. Gənc animatorlar olmasa, hesab
edin ki, animasiya filmləri çəkilməyəcək.
Bizdə məktəb var, yeni kadrlar yetişməlidir.
-
Arzuladığınız səviyyədə film ortaya
çıxarmaq üçün lazımi
avadanlıqlarınız varmı?
-
2001-ci ildən biz də artıq kompyuter üsulu ilə
işləyirik. Artıq bütün dünya bu üsulla
işləyir. Bu cür filmlər xaricdə
xüsusən inkişaf edib. Onun üçün
çoxlu müasir avadanlıq lazımdır. Bizdə
hələ ki, elə avadanlıq yoxdur.
- Necə oldu ki,
"Azanfilm" markası altında fəaliyyətə
başladınız?
- 80-ci
illərin sonlarında ölkədə gedən ictimai-siyasi
proseslər, bunların bütün sahələrə, o
cümlədən yaradıcı təşkilatlara təsiri,
"Azərbaycanfilm"in yeni iş üsuluna keçməsi
ilə əlaqədar yollar axtarması kinostudiya
nəzdindəki birlik və şöbələrin müstəqil
fəaliyyətə keçməsinə təkan verdi. Biz onda
"Azərbaycanfilm" kinostudiyasının nəzdində
multsex kimi fəaliyyət göstərirdik. Bu
fəaliyyətimiz 1992-ci ilə qədər davam etdi.
1993-cü ildə "Azərbaycanfilm" 7 studiyaya
bölündü. Sonra bunlardan 6-sı qaldı və onlardan
biri də "Azanfilm" studiyası oldu. Biz
hazırda müstəqil studiya kimi fəaliyyət
göstəririk.
- Animasiya filmlərinin cizgi
filmləri adlandırılması nə qədər
doğrudur?
- Cizgi
filmi anlayışı düzgün deyil. Sovet
dövründə bu filmlər multiplikasiya (çoxaltma)
filmləri adlanırdı. Bu da düzgün
anlayış deyil. Cizgi anlayışı
müəyyən konturların cızılmasıdır.
Animasiya - canlandırma deməkdir. Hər hansı bir
əşyanı, şəkli canlandırmaq.
- Hər bir
rəssam animator işləyə bilərmi?
-
Hər rəssam animator ola bilməz. Burada seçim çox
ciddidir. Bu sənətin öz spesifikası, texnologiyası
var. Animasiyanın spesifikasını öyrənmək
üçün rəssamlar ən azı yarım il
müəyyən kurslar keçməlidirlər. Yaxşı
şəkil çəkməklə iş bitmir. Bu, zərgərlik tələb edən
sənətdir. Animator rəssam həm
də aktyor olmalıdır. Heç bir institutda animator
yetişdirən fakültə yoxdur. Əvvəllər
hər bir studiya nəzdində açdığı kurslara
cavan kadrları cəlb etməklə animator yetişdirirdi.
Seçim çox ciddi olurdu. 30
nəfərdən yalnız 1-2 animator çıxırdı.
1950-ci
illərdə mərhum Bəhman Əliyev, Ağanağı
Axundov və Nazim Məmmədov "Soyuzmultfilm"
studiyasında ikiillik ali animasiya kurslarını bitirib
Bakıya qayıtdılar və burada həmin kursların
təkrarını yaratdılar. 1966-cı
ildə mən də həmin kursa daxil oldum. Kursu
bitirəndən sonra 1968-ci ildə "Cırtdan" adlı
xalq nağılının əsasında eyniadlı film
çəkdik. Film 1969-cu ildə ekranlara
buraxıldı və uzun müddət ekranlardan
düşmədi.
Animator rəssam ilk növbədə yaxşı
şəkil çəkən aktyordur. Bəzən
rəssamlar yaxşı şəkil çəkə
bilirlər, ancaq aktyorluq qabiliyyətləri
çatışmır. Bunun üçünsə
mütləq rəssamda aktyorluq qabiliyyəti olmalıdır
ki, həmin şəkil vasitəsilə öz
hissiyyatını göstərə bilsin.
- Bəs onda
animator reyissor kimdir?
-
Animasiya reyissorunun bədii film reyissorundan çox böyük
fərqi var. Bu, animasiyanın spesifikası ilə
bağlıdır. Animasiya lakonikliyi sevir. Burada daha çox
hissiyyat tələb olunur. Təbii ki, bu hissiyyat 1-2 gün
ərzində formalaşmır. Bu baxımdan,
animator kurslarının 2 illik olması təsadüfi deyil.
Bu illər ərzində rəssamlar
hərəkətin spesifikasını, mexanikasını,
biomexanikasını, deformasiya qanunlarını, aktyor
sənətini, pontamim və musiqi dərslərini
keçirlər.
- Animator reyissor
bədii film çəkə bilərmi?
- Əlbəttə, çəkə bilər.
Hollivudun "Metro-Qoldvin-Mayer", "Uorder Brazers" və
s. studiyaları artıq animasiya filmləri
çəkməyə başlayıblar. Onlar bədii
filmdən animasiyaya keçiblər və tammetraylı
filmlər çəkirlər. Biz də tammetraylı
filmlər çəkəndən sonra artıq Avropa və
dünya bazarına çıxa bilərik. Hələlik
isə ölkə daxili üçün 5-10 dəqiqəlik
filmlər çəkirik.
- 90-cı illərdə sizin
studiyada əsasən siyasiləşmiş filmlər
çəkilirdi. Bu filmlər uşaqlar
üçün nə qədər başadüşülən
idi?
- Daha
çox yeniyetmələr üçün nəzərdə
tutulurdu, amma uşaqlar da baxırdı. 1989-cu ildə
çəkdiyim "Güzgü" filmi Moskvada
göstərilərkən böyük səs-küyə
səbəb olmuşdu. Həmin filmi Qarabağ
hadisələrinin təsiri altında çəkmişdim.
Təəssüflər olsun ki, bizim televiziyada filmlərə
naşı baxdılar. Az.TV-də dedilər ki,
biz ermənilərlə barışığa gedirik, bu filmi
göstərə bilmərik. Sonrakı illərdə
"Söhbətül-əsmar", "Gəmi
səyahəti", "Cavanşir" və s. filmləri
çəkdim. Sonra başa düşdüm ki,
siyasətlə gərək siyasətçilər
məşğul olsun. Onda biz kiçik yaşlı
uşaqları yaddan çıxarmışdıq. Belə
qənaətə gəldim ki, yalnız uşaqlar üçün
filmlər çəkmək lazımdır. 2003-cü
ildən başlayaraq sırf kiçik yaşlı uşaqlar
üçün çəkirik.
- Bu gün kino sahəsində
ssenarist qıtlığı yaşanır. Yəqin ki, ssenari
problemindən yaxa qurtarmaq üçün daha çox klassik
ədəbiyyata müraciət edirsiniz?
- Bu
gün ssenarist bütün kinematoqrafın problemidir.
Uşaqlar üçün çox nadir hallarda animasiya
ssenariləri yazılır. Bunun üçün spesifik
ssenari olmalıdır. Bizdə ədəbiyyat,
ümumiyyətlə, 19-cu əsrin ədəbiyyatıdır.
Müasir ədəbiyyat çox azdır.
Animasiyanın
dili alleqoriyadır. Təmsillər, bayatılar,
nağıllar animasiyanın əsas mövzusunu təşkil
edir. Sovet dövründə ssenarini alır və bizi fakt
qarşısında qoyurdular ki, film çəkilməlidir. Biz də çəkirdik. 50-ci
illərin uşaqları ilə bugünkü uşaqları
müqayisə etmək olmaz. Ona görə də
nağıllarımızı müasirləşdirmək
lazımdır.
- Festivallara
dəvət alırsınızmı?
- 2003-cü ildə Qahirədə
uşaq filmləri kinofestivalı keçirilirdi. Mən
"Söhbətül -əsmar" filmini həmin festivala
göndərdim. Festivalın təşkilat komitəsinin
qərarı ilə münsiflər heyətinə üzv
seçildim və festivalın qaydasına görə, filmim
müsabiqədə iştirak edə bilməzdi.
Sonra
"Qızıl" filmimi Kazanda keçirilən festivala
aparmışdım. Ümumiyyətlə, studiyada
çəkilən bir çox film müxtəlif
festivalların mükafat və diplomuna layiq görülüb
və baxımlı ekran əsərləri kimi
tamaşaçı məhəbbəti qazanıb.
- "Azanfilm" markası
altında konkret olaraq nə qədər film çəkilib?
-
"Azanfilm" markası altında 20-yə yaxın film
çəkilib. 1968-ci ildən bu günə qədər
isə Azərbaycanda 100-dən artıq film yaranıb. Bu il iki
film çəkməliyik. Firəngiz Qurbanova xalq nağılları
əsasında 7 dəqiqəlik "Ayının yuxusu"
filmini çəkib qurtardı. Gələn ilin yanvarında
isə "Cəsur təyyarə" filmini təhvil
verəcəyik. Hazırda filmin üzərində iş gedir.
- Deyirlər ki, insan sevdiyi
işlə məşğul olanda özünü
xoşbəxt hiss edir. Siz də demək olar ki,
ömrünüzün çoxunu bu sənətə həsr
eləmisiniz.
-
1966-cı ildən bu sənətdəyəm. Bu
mənim işimdir. Bəzən mənə deyirlər
ki, animasiya çox çətin sənətdir. Əgər öz işini mükəmməl
bilirsənsə, heç bir çətinlik yoxdur.
Mən özümü bu işdən kənar hesab
eləmirəm. İnsan ürəyi istədiyi sahədə
çalışanda özünü rahat hiss edir.
Kaspi.- 2008.- 23 sentyabr.- S. 11.