Rüstəm İbrahimbəyovun yeni kinossenarisi

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs edən filmin ssenarisini Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdir.

R.İbrahimbəyov müxbirimizlə söhbətində ssenaridə tarixi hadisələrdən, ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımından bəhs olunduğunu bildirdi və qeyd etdi ki, bu ssenari əsasında keyfiyyətli film çəkilsə, həmin filmi "Oskar" mükafatına təqdim etməyi düşünür. Bu ssenari Azərbaycanın tarixindən bəhs edir və filmin beynəlxalq festivallara təqdim olunması zəruridir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən filmin çəkilməsi təsdiqlənsə, bu il çəkilişlərə başlayacağıq.

Rüstəm İbrahimbəyov Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiyi digər layihənin isə Fransa ilə müştərək həyata keçiriləcəyini açıqladı. Bu filmin quruluşçu rejissorunun hələ müəyyənləşmədiyini bildirən ssenarist, filmdə Azərbaycan və Fransa aktyorlarının iştirak edəcəyini dedi. R.İbrahimbəyov Rusiyada onun ssenarisi əsasında İvan Qroznı haqqında dördseriyalı, müasir mövzuda olan daha iki filmin çəkiləcəyini də vurğuladı.

 

Bakı.- 2008.- 11-17 sentyabr.- S. 2.