Salmanov R.
Gənc
rejissorun sənət uğurları
O, yaxşı
musiqiçi də ola bilərdi. Xalq musiqisi və muğam
dünyasından hali olan bir ailədə dünyaya göz
açmışdı. Atası Vamiq Məmmədəliyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, musiqi sənəti fakültəsinin
dekanı, əməkdar artist, respublikada kifayət
qədər tanınan bir sənətçi, tarzəndir.
Ölkəmizin bir çox ünlü
səndtçilərini — Yaqub Məmmədov, Əlibaba
Məmmədov,Arif Babayev, Canəli Əkbərov, Ağaxan
Abdullayev, Alim Qasımov və bir çoxlarını tarda
müşayiət etmişdir. Onun bir çox lent
yazıları bu gün də radio-televiziyanın qızıl
fondunda qorunub saxlanmaqdadır.
Əmisi Vasim
Məmmədəliyevi oxuculara təqdim etməyə ehtiyac
yoxdur. Şərqşünas alim, ərəb dili və
ədəbiyyatının, "Qurani-Kərim"in kamil bilicisi,
tərcüməçisi olmaqla yanaşı, muğam bilicisi
və söz xiridarı kimi də tanınmışdır.
Heç də təsadüfı deyil ki, ölkəmizin bir
çox tanınmış muğam və musiqi
ifaçıları - Seyid Şuşinski, Xan Şuşinski,
Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov,
Əlibaba Məmmədov, Yaqub Məmmədov, Canəli
Əkbərov, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov,
eləcə də adlarını çəkmədiyim bir
çox sənətçilər Kürdəxanı
kəndində Məmmədəliyevlərin evində
keçirilən muğam və şeir gecələrinin qonağı,
iştirakçısı olmuşlar.
Elə bu
səbəbdən də atası öz sənətini davam
etdirmək üçün oğlu İqbalı 10
nömrəli musiqi məktəbinin tar sinfinə qoyur.
Çox çəkmir ki, balaca İqbal öz istedad və
bacarığı ilə hamının diqqətini cəlb
edir. Daha çox muğam sənətinə meyl salan İqbal
Məmmədəliyev musiqi məktəbini əla qiymətlərlə
bitirsə də, meylini tamam başqa sahəyə — teatr-kino
sənətinə bağlayır. Doğulub boya-başa
çatdığı Kürdəxanı kəndində 113
saylı orta məktəbi bitirən kimi sənədlərini
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə verib rejissor ixtisası
üzrə kino və teatr fakültəsini,
teatrşünaslıq üzrə magistraturanı bitirir.
İncəsənətin bu sahəsinə olan meylinin
səbəbini soruşanda isə o, - "Bir tarzən kimi
yalnız öz həyatımı yaşaya bilərdim, rejissor
kimi isə öz sənətimlə neçə-neçə
elm, sənət adamlarının həyat və
yaradıcılığını xalqa çatdıra
bilərəm" - deyir.
1996-cı ildən
Azərbaycan Dövlət Teleradio Verilişləri
Şirkətinin "Gənclik və idman" baş
redaksiyasında ştatdankənar müxbir kimi fəaliyyətə
başlayan İqbal Məmmədəliyev az bir vaxtda
özünü istedadlı bir rejissor kimi təsdiqləyir. 23
yaşlı gənc rejissorun "Mahur-hindi" film-konserti,
"Elçi daşı", "Səhnəyə aparan
yol", "Yaşıl rəngin qamması",
"Başlanğıc", "Edelveys və
dəmirbiləklər" sənədli,
"Lənkəran" etnoqrafik, "Özgə vaxtın doğma
anları" və digər filmləri sənət
aləmində özünə layiqli yer tutur. Sonradan İqbal
"Lider" və İctimai Televiziya
şirkətlərindən dəvətlər alır.
2003-cü ildən
Azərbaycan Kinorejissorlar Gildiyasının üzvü olan
İqbal Məmmədəliyev ilk dəfə olaraq həmin il III
Beynəlxalq Audio-Vizual festivalda ən yaxşı
sənədli film nominasiyasında təqdim etdiyi
"Sükutun səsi" filmi ilə diplom və mükafata
layiq görülür. İlk uğur gənc rejissora baş
ucalığı gətirsə də, sənətdə
arxayınçılığa yol vermir. O, öz
üzərində yorulmadan çalışır. Həmin il
"Kinoda montaj strukturu" mövzusunda elmi iş
götürüb onu tədqiq etməyə başlayır.
Siyasi portretlər seriyasından lentə aldığı
"İlham Əliyev — ümidlərin gerçəklik
məqamı", "Diplomatiyada uğur rəmzi",
"Olimpin fəthinə doğru", "Yeni neft
strategiyası" və digər filmlərin rejissoru olur. Gərgin
əmək, sənətə yaradıcı münasibət
öz bəhrəsini verir. 2003-cü ildəki fəaliyyətinə
və uğurlarına görə İqbal
Məmmədəliyev Azərbaycan Gənclər, İdman
və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən
yaxşı rejissoru" nominasiyasında fəxri fərman
və diploma layiq görülür.
2006-cı il gənc rejissor üçün
daha yaddaqalan olur. İqbal Məmmədəliyevin
yaradıcılıq potensialı və qazandığı
uğurları nəzərə alan Respublika Mədəniyyət
və Turizm Nazirliyi nəzdində fəaliyyət
göstərən "Salnamə" Sənədli Filmlər
Studiyası onu işə dəvət edir. Gənc rejissorun
səmərəli işləməsi üçün nazirlik
və studiya rəhbərliyi hər cür şərait yaradır.
Burada çalışdığı müddətdə
"Heydər Əliyev - Vətənin keşiyində",
"Heydər Əliyev dünyaya pəncərə",
"Heydər Əliyev - Azərbaycan mədəniyyətinin
hamisi", "Həqiqətin özü - tarixi araşdırma",
"Köhnə... Yeni Naxçıvan", "Cabbar
Qaryağdı oğlu" və bir çox digər filmlərin
rejissoru, bəzilərinin isə ssenari müəllifı olur.
"Qədim Azərbaycanın
abidələri" — sənədli filmi 2007-ci ildə
Qazaxıstanın Aktau şəhərində
keçirilən "Kaspi dostluq dənizi", Macarıstanda
keçirilən "Eko-Etno-Folk" və Hindistanda
keçirilən qısametrajlı sənədli filmlər
festivallarında diplom və mükafatlara layiq
görülmüşdür.
Bu ilin mayında isə
Yeni Azərbaycan Partiyası və ANS şirkətlər
qrupunun birgə keçirdiyi "Heydər Əliyev-85"
beynəlxalq filmlər festivalında Eldar Quliyevin ssenarisi
əsasında İqbal Məmmədəliyevin lentə
aldığı "Heydər Əliyev - Azərbaycan
mədəniyyətinin hamisi" filmi ən yaxşı
sənədli film mükafatına layiq görülüb. Əslində,
adlarını çəkdiyim bu filmlər otuz yaşı bu
günlərdə qeyd olunan gənc rejissorun sənət
uğurlarının yalnız bir hissəsidir. Ümumiyyətlə,
70-ə yaxın sənədli filmin ssenari müəllifi
və rejissoru olmuş İqbal Məmmədəliyev hal-hazırda
"Xəzərin sualtı səltənəti" adlı
sənədli filmin çəkilişinə başlayıb.
İlin sonunadək bu işi tamamlamağı
planlaşdıran rejissor filmin çəkilişi
üçün hər cür texniki avadanlıq
alındığını, sualtı çəkiliş
aparan dalğıc-operatorların dəvət olundunğunu
dedi.
Sənədli Filmlər
Birliyi dağıldıqdan sonra onun bazasında yaradılan
"Salnamə" Sənədli Filmlər Studiyası 20
ilə yaxındır ki, fəaliyyət göstərir. Xalqımızın
tarixi-mədəni abidələrinin, etnoqrafik irsinin,
mədəniyyətimizin təbliğində misilsiz iş
görür. Biz yalnız studiyanın əməkdaşı gənc
rejissor İqbal Məmmədəliyevin az vaxtda
gördüyü işlərdən söz açdıq. Bu
nəcib və xeyirxah işi görən yaradıcı insanlar
isə studiyada çoxdur. Tarixi abidələrimizi, adət
və ənənələrimizi, incəsənətimizi,
elmi-iqtisadi nailiyyətlərimizi lentə alıb
gələcək nəsillərə çatdırmaq
işində onların yaradıcı əməyi çox
böyük önəm daşıyır. Birliyin baş direktoru,
respublikanın xalq artisti Xamis Muradovun rəhbərlik etdiyi
"Salnamə" studiyası bundan sonra da bu nəcib, xeyirxah
missiyanın həyata keçirilməsi üçün
əlindən gələni əsirgəməyəcəkdir.
Xalq qəzeti.- 2008.- 23 sentyabr.- S. 7.