Ağaoğlu T.

 

Xarakterik rollar ifaçısı

 

Yüz ildən artıqdır çətin, amma şərəfli yol gələn, orijinallığı ilə seçilən, yaxın-uzaq ellərdə tanınan milli kino sənətimizin inkişafında xidməti olanlardan biri də xalq artisti, Dövlət mükafatı laureatı, maraqlı və yaddaqalan obrazlar qalereyası yaradan Həsən Məmmədov olmuşdur. O bu peşəyə təsadüfən gəlmişdi, amma ondan həmişəlik ayrılanda çoxlarını pərişan etdi.

Həsən Məmmədov 70 il əvvəl Salyan bölgəsində dünyaya göz açmışdı. Məktəbə gedən gündən adı müəllimlərinin, həmyaşıdlarının dilində əzbər olmuşdu. Dərslərini əla oxuyurdu. Ədəbiyyata xüsusi maraq göstərərdi. Dilçi alim olmaq istəyirdi. Ağlına da gəlməzdi ki, aktyor ola bilər, çeşid-çeşid qiyafələrdə səhnəyə çıxar, çəkiliş kamerası önündə rollar oynayar. Ancaq qismətdən qaçmaq mümkün deyilmiş. Orta məktəbi əla qiymətlərlə başa vuran ili bəxti onu Azərbaycan İncəsənət İnstitutuna aktyorluq fakültəsinə gətirdi. Unudulmaz pedaqoq, görkəmli sənətkar, böyük şəxsiyyət Adil İsgəndərovun kursunda oxudu. Bir zamanlar Nizaminin, Füzulinin, Vaqifin, Ə.Haqverdiyevin, Əhməd Cavadın, Hüseyn Cavidin, Səməd Vurğunun yaradıcılığını sevirdisə, indi də məşhur teatr, kino xadimlərini görür, onlardan dərs alırdı, maraqlı söhbətlərini eşidirdi. Unudulmaz Rza Təhmasib ona demişdi: "Oğul, fikir vermişəm, sən aktyorluq sənətini çox sevirsən. İnan, çəkdiyin cəfa hədər getməyəcək".

Həsən ali təhsilini bitirib bir müddət tələbə yoldaşı, dostu, sonralar neçə-neçə ekran əsərlərinin quruluşçu rejissoru olmuş Arif Babayevlə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başladı. Bədii-publisistik verilişin hazırlanmasında fəallıq göstərdi. Lakin o, əməyindən mənəvi zövq ala bilmirdi. İstəyirdi ki, daha artıq zəhmət çəksin, əvəzində populyarlıq qazansın. Nəhayət, ötən əsrin 60-cı illərində o, arzusuna çatdı. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına dəvət aldı. Bu barədə o illərdə kinostudiyanın direktoru işləyən Adil İsgəndərov xatirə-qeydlərində yazıb: "EVəzifə xidmətimlə əlaqədar var gücümlə çalışırdım ki, kinomuz daha da inkişaf etsin. Çoxları kimi, Həsənə də etimad göstərdim. Tələbə vaxtı da ona inanırdım. Amma ilk çəkilişindən, oynadığı roldan sonra onun gələcəyinə inamım daha da artdı. O, qısa vaxt ərzində çəkiliş qrupunun hörmətini qazandı".

"Böyük dayaq" filmi Həsən Məmmədov üçün əsl məktəb olmuşdu. Kolxoz sədrinin oğlu - sürücü-mexanik Qaraş rolunu son dərəcə məharətlə, inandırıcı oynamışdı. Filmin ilk ekrana çıxmasından əlli ilə yaxın vaxt keçib. Lakin həmin film yenə də maraqla, həvəslə qarşılanır. Ümumiyyətlə, aktyorun yaratdığı hər bir obrazda canlılıq, dinamika diqqət çəkir. Bu baxımdan rejissor Tofiq Tağızadənin quruluş verdiyi "Yeddi oğul istərəm" ekran əsərində onun oynadığı Bəxtiyar rolu xarakterikdir. Aktyorun hərəkət və baxışlarında, sifət mimikasında saxtalıq yoxdur. Tamaşaçı obrazı həyati varlıq təsviri kimi görür və qəhrəmanın keçirdiyi gərginliklərə, həyəcanlara inanır. Belə orijinal məqamlar Həsənin oynadığı, rejissor Kamil Rüstəmbəyovun çəkdiyi "Axırıncı aşırım" filmində də öz əksini tapmışdır. Yaratdığı Abbasqulu bəy obrazı dövrün ədəbi hadisəsi kimi qarşılanmışdı. Maraqlı cəhət ondadır ki, aktyor oynadığı rolun timsalında köhnəliklə yenilik, keçmişlə gələcək barədə düşüncələrin, eyni zamanda sadiqliyi və tərəddüdü son dərəcə inandırıcı şəkildə təqdim edə bilmişdi. Təbii ki, əməyi də hədər getməmişdi. 1972-ci ildə Tbilisidə keçirilən kinofestivalda onun ifa bacarığı birinci mükafata layiq görülmüşdü.

Xalq artisti, tanınmış kinorejissor Rasim Ocaqov deyərdi: "Adam var, al da, şal da geyəndə ona yaraşır. Aktyor da var, oynadığı rolu çox böyük məharətlə, ustalıqla təqdim etməyi bacarır. Onun üçün fərqi yoxdur, hökmdar obrazı yaradır, yoxsa adi kəndçi. Məsələn, elə Həsən Məmmədov kimi. Onun aktyorluq istedadından çoxları kimi mən də qürur hissi keçirirəm". 1975-ci ildə lentə alınan "Dədə Qorqud" filmi dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən olan, xalqımızın tarixini vəsf edən "Kitabi-Dədə Qorqud" dastanı əsasında çəkilib. Əvvəllər yaşına, xarakterinə, müasir dünyagörüşünə uyğun obrazlar yaradan aktyor sözügedən ekran əsərində müdrik şəxsin ifadəli baxışını, qamətini, deyimini seyrçilərə inandırıcı çatdıra bilmişdir. Səsləndirdiyi bu fikirlər indi də dillər əzbəridir: "Əgər torpaq qorunmursa, əkməyinə dəyməz, əgər əkilmirsə, onda qorumağa dəyməz". Onun səsi yaddaşlarda əbədiləşib.

H.Məmmədov 30-dan artıq bədii, tammetrajlı və qısametrajlı filmlərə çəkilmişdi. Onun oynadığı "Sevil"də Balaş, "İstintaq"da Murad, "Alma almaya bənzər"də Qurban, "Gün keçdi" də Oqtay, "İstintaq davam edir" də Əzimov və başqa rolları milli kino tarixində əbədi yer tutub. Özü isə daim ehtiramla xatırlanır, hörmətlə yad edilir. O, dünyasını dəyişsə də, unudulmur, kino sahəsindəki xidmətləri həmişə, hər vaxt uca tutulur. Anadan olmasının 70 illik yubileyi respublikamızın bölgələrində təntənə ilə qeyd edilir. Həmin tədbirlərin təşkilatçılarından biri, Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyir:
- Milli kinomuzun inkişafında əməyi olanların, uğurlu yaradıcılıqları ilə tanınanların hər birinin şərəf-şöhrətini qorumalı, onların yaratdıqlarını bugünkü və gələcək nəsillərə çatdırmalıyıq. Adı hörmətlə çəkilənlər çoxdur. Onların arasında xalq artisti Həsən Məmmədovun öz yeri var. Fondumuzda onun keçdiyi sənət yolunu canlandıran fotosərgi təşkil etmişik. O, bənzərsiz aktyor, sevilən insan idi.

Həsən Məmmədov eyni fəsildə anadan olub və dünyasını dəyişib. Ancaq dost-tanışları, qədirbilən tamaşaçılar bir təskinlik tapırlar: o, oynadığı xarakterik rollarla özünə əbədi ömür qazanıb.

 

Azərbaycan.- 2008.- 3 sentyabr.- S. 7.