Həsən Məmmədov anıldı

 

Sentyabrın 16-da Muzey Mərkəzində kinoaktyor, Xalq artisti Həsən Məmmədovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi.

Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşən mərasimdə açılış nitqi ilə çıxış edən fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun həyat və yaradıcılığından söhbət açdı: "Həsən Məmmədovun kinoda ifa etdiyi rollar, obrazlar öz intellektual yüksəkliyi, sakitliyi və təvazökariığı ilə fərqlənir.

İstedadlı aktyorun 1938-ci ildə Salyanda anadan olduğunu, Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdiyini deyən C.Quliyev bildirdi ki, aktyor bir müddət AzTV-də radio diktoru olub. Onun sözlərinə görə, 60-cı illərin əvvəllərindən başlayaraq 40-dan artıq filmə çəkilən H.Məmmədov, "Böyük dayaq" filmində Qaraş rolu ilə kinoda debütünü edib. Bundan sonra o, "Möcüzələr adası"nda Nazim, "Zirvə"də Kamil, "Arşın mal alan”da Əsgər, "Axırıncı aşırım"da Abbasqulu bəy, "Gün keçdi"də Oqtay, "Dədə Qorqud"da Dədə Qorqud, "Arxadan vurulan zərbə"də Qəmərli, "Bizi bağışlayın"da Nəriman, "İstintaq"da Murad və digər yaddaqalan obrazlar yaradıb.

Sonra qonaqlar aktyorun çəkildiyi filmlərdən fraqmentlərə və muzeyin foyesindəki fotosərgisinə baxdılar.

 

Mədəniyyət.- 2008.- 18 sentyabr.- S. 2.