Məhərrəmova T.

 

Azərbaycan kinosunun yeni nəfəsi

 

Həsən Məmmədov bir rolla bütöv insan xarakterini yaradırdı

 

"Həsən Məmmədov gözəl insan idi. O, səhər durub kiməsə yaxşılıq etmək haqqında düşünmürdü. O, ümumiyyətlə, yaxşı insan idi. Heç kəsi acılamaz, heç kəsə pis söz deməzdi. Başını aşağı salıb işini görərdi. Bu keyfiyyətləri Allah ona bəxş eləmişdi. Bu, hər sənətkara nəsib olmur" - deyə hamının məhəbbətlə yad etdiyi sənətkar 70 illik yubileyi ərəfəsində Dövlət Film Fondunun təşkil etdiyi xatirə gecəsində yad olundu.

İnkarolunmaz faktdır ki, dünyanın hər yerində kino aktyorları öz şöhrətlərini, məşhurluqlarını heç cür sakit qarşılaya bilmirlər. Onlar qəfil şöhrətin burulğanına düşüb, özlərindən razı qalır, az qala sənəti unudurlar. Həsən Məmmədov isə sanki məşhurlaşdıqca sadələşir, sanki "Ağac bar verdikcə başını aşağı salar" - deyə düşünürdü. Əslində, bu hal onun təbiətindən doğurdu. O, başqalaşmağı bacarmırdı.

Həsən Məmmədovu aktyorluğa təsadüfən gəlib düşməkdə qınayanlar da vardı. Çünki əvvəlcə riyaziyyatçı-fizik olmaq istəmişdi. Ancaq sən demə, qismətində məşhur olduğu qədər də sevimli bir aktyor ömrü yaşamaq varmış. İlk baxışdan qaradinməz, zabitəli, ciddi, bir az da sərt adam təsiri bağışlayırdı. Sonradan bu qənaətə gəlirdin ki, üzündəki sərt cizgilər onun daxili mədəniyyətinin, saflığının işarəsidir. Başqa cür ola da bilməzdi. Məhz bu cür tərbiyə, qabiliyyət və istedad sahibi belə təkrarsız rollar yarada bilərdi.

Həsən Məmmədov İncəsənət İnstitutunu qurtarıb, "Azdrama"ya işləməyə gələndən sonra ilkin dövrdə yaratdığı kino və teatr obrazları daxilindəki boşluğu doldura bilmir. Onu obrazların sayı yox, işin məzmunu daha çox narahat edirdi. O, səhnə oyununu axtardığı halda taleyin oyununa düşdüyünü fikirləşir və səhnədən uzaqlaşıb 64-cü ildə radioda diktor işləyir. Beləcə, onun həyatının ən çaşbaş dövrü başlayır... Həsən Məmmədov öz daxili qüvvəsini yenidən aktyor kimi zənginləşdirmək üçün teatra qayıtmağa qərar verir. Yenə də xırda-para rollar, oynadığı obrazların ürəyində təskinlik yaratmadığı solğun təəssüratlar... "Arşın mal alan"da Əsgər roluna çəkildikdən sonra çəkilişlərə aludə olub, teatrı unutduğuna görə laqeydlikdə günahlandırılıb işdən çıxarılır. 1966-cı ildə kinostudiyada daimi işə keçənə qədər beləcə, çaşbaş bir aktyor ömrü yaşayır.

70-ci illər milli kino sənətimizdə istər peşəkarlıq səviyyəsinin yüksəlməsi, istərsə də nəsillərin dəyişməsi baxımından xüsusi bir mərhələ olub. Bu dövrdə çəkilən ən yaxşı filmlər insan taleyinin ağrı-acısına, hiss-həyəcanına, həyatın ziddiyyətli, mürəkkəb problemlərinə maraq və həssas münasibəti ilə fərqlənirdi.

Zamanın əhval-ruhiyyəsini yaratmaq üçün yeni tipli aktyorlar lazım idi. Bu aktyorların ilk istedadlı nümayəndələrindən biri də Həsən Məmmədov oldu. O, kino sənətimizi oriyinal xarakterlərlə zənginləşdirdi. Onun bütün yaradıcılığı kinonu özünə sənət seçən gənclər üçün əsl məktəbə çevrildi.

Mərhum sənətkarın xatirə işığına yığışanlar Həsən Məmmədovun təkcə şəxsi həyatı ilə deyil, həm də yaradıcılığı ilə bağlı maraqlı xatirələrin dinləyicisi oldular.

Tanınmış kinoşünas Aydın Kazımzadə Həsən Məmmədovun sənətin keşməkeşli, səksəkəli yollarında tükənməz tamaşaçı məhəbbəti qazanmasından söhbət açdı:

- Həsən Məmmədov Azərbaycan kino sənətinin iftixarı idi. O, milli kinematoqrafiyada öz sözünü demişdi. O, 1975-ci ildə kinoya gəlib və ömrünün sonuna qədər özünü bu sənətə həsr edib. 60-cı illərdə ekranda yeni aktyorlara ehtiyac duyulurdu. Həsən Məmmədov kimi aktyorlar gələndən sonra çox gözəl filmlər çəkildi. Pafos götürüldü, ekrana adi danışıq gəldi. "Bir cənub şəhəri" filmi ekranlara çıxanda az qala qılıncla qarşıladılar. Ancaq "Bakraboçi" qəzeti yazırdı: "Nəhayət ki, Azərbaycan kinosuna yeni nəfəs gəldi".

"Mən "Böyük dayaq" filmində Qaraş obrazına baxandan sonra aktyor olmağı qərara aldım" - deyə Xalq artisti Rasim Balayev xatirələrinə sənətə gəlişinin sirrini açmaqla başladı:

- Həsən Məmmədov haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Bu gün film çəkilişlərində yan-yörəyə baxıram: "Hanı Həsən, hanı Ceyhun, hanı Turabov, hanı Şahmar" - deyə ürək ağrısı ilə düşünürəm. Buna görə çox əziyyət çəkirik. Bizim sənətdə tərəf-müqabilin böyük rolu var. Həsən Məmmədovun oyun tərzi aktyor olmaq istəyən adam üçün əsl məktəb idi. O, sırf kinoaktyor idi, kino üçün doğulmuşdu. Həsən teatrda bir neçə rol aldı və özünü tapa bilmədi. Həsənin ən böyük xidməti odur ki, o zaman ölkəmizə Moskvadan, Ukraynadan, Moldovadan və başqa yerlərdən dəvət olunan aktyorların qarşısını aldı. Həsən meydana çıxması ilə bu çağırışa mane oldu. Nə qədər Azərbaycan kinosu var, o, bu tarixdə yaşayacaq.

Reyissor Elxan Qasımov Həsən Məmmədovla tanışlığının tarixçəsini vərəqlədi:

- Mən onunla 1964-cü ildə tanış olmuşam. Tale elə gətirdi ki, "Axırıncı aşırım" filmində bir yerdə çəkildik. Sonradan da bir neçə filmdə ünsiyyətdə olduq. Həsənlə bir binada yaşamışıq. Qonşu, dost olmuşuq. O, gözəl insan idi. Bəzən onun haqqında deyirlər ki, "Nə qədər Azərbaycan kinosu varsa, o da olacaq". Ancaq mən deyirəm ki, "Azərbaycan kinosu olmasa da, Həsən Məmmədov olacaq". Çünki o, tarixə düşüb. Onun haqqında həmişə: "O, dahi aktyor idi" deyirlər. Həsən Məmmədov sovet dövrünün bütün titullarını almışdı. Amma heç kim onun dilindən "mən yaratdım" sözünü eşitməmişdi. Həsən böyüklə böyük, kiçiklə kiçik idi. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan kinosunun keçmişindən fəxarətlə danışılanda 3 nəfərin adı çəkilsə, onlardan biri Həsən olacaq.

"Düz 50 il bundan əvvəl Həsənlə birlikdə sənədlərimizi teatr institutuna verdik və daxil olduq. 4 il Məhərrəm Haşımovun kursunda oxuduq" - deyə Xalq artisti Rafiq Əzimov zalda oturanları keçmiş günlərə qaytardı:

- Həsən instituta daxil olanda sakit, təmkinli, başıaşağı bir oğlan idi. Boy-buxunu ilə aktyora oxşasa da, xarakteri ilə oxşamırdı. Birinci smestrdə o, bircə dənə də etüd göstərmədi. Necə sakit gəlirdisə, eləcə də gedirdi. Bir gün Məhərrəm müəllim: "Ay Həsən, sən də bir tərpənsənə" - dedi. İmtahan vaxtı gəldi. Biz inanırdıq ki, o, heç nə hazırlamayıb. Müəllim onu etüd göstərmək üçün dəvət etdi. O zaman ekranlarda "Saxta pul" adlı film göstərilirdi. Həmin filmdəki kor obrazını Həsən böyük məharətlə nümayiş etdirdi. Hamımız heyrətə düşdük. Məhərrəm müəllim də heyrətdən donub qalmışdı. O, Həsənə "5" yazdı. Sən demə, hər şey onun içində imiş. O, bu epizodu göstərməklə sübut etdi ki, sənədlərini təsadüfən universitetdən geri alaraq teatr institutuna daxil olmayıb. O, teatrda da, kinoda da hələ çox rol oynaya bilərdi... Heyif ki, ölümü ona mane oldu!

Xalq artisti Ramiz Əzizbəyli mərhum sənət dostuna yaxşı mənada həsəd apardığını etiraf etdi:

- Mən aktyor və son illərin reyissoru kimi hər dəfə onun çəkildiyi filmlərə baxanda yaxşı mənada həsəd aparıram. "Bir cənub şəhəri" filminin ekranlara təzə çıxdığı vaxtlar yaxşı yadımdadır. Mən də o cənub şəhərinin oğluyam, o məhəllədə böyümüşəm. O, bir rolla bütöv bir insan xarakterini yaradıb. Bu fikirlə razıyam ki, Həsən Məmmədov kinoya gəlişi ilə ölkəmizə çəkilməyə gələn aktyor axınının qarşısını aldı. Azərbaycan xalqı kinoda illərlə öz oğlunu gözləyirdi. Onu Həsən Məmmədovun timsalında tapdı.

Xalq artisti, bəstəkar Arif Məlikov Həsən Məmmədovu Azərbaycan mədəniyyətinə daxil olan şəxsiyyət kimi dəyərləndirdi:

- Azərbaycan dünya miqyasında böyük ölkə olmasa da, böyük şəxsiyyətlər yetirib və onlar Azərbaycan mədəniyyətinə daxil olublar. Onların sayı çox deyil. Həsən Məmmədov da belə şəxsiyyətlərdəndir. Çox heyif ki, o boyda böyük aktyorun çərçivəsi nisbətən kiçik olub. Hollivudda Həsən Məmmədov kimi aktyora eyni zamanda 10-20 rol təklif edərdilər. Bizim dünya səviyyəsində aktyorlarımız var, ancaq nədənsə dünya səviyyəsinə qalxmırlar. Həsən Məmmədov kimi sənətkarları bütün dünya tanımalıdır.

 

Kaspi.- 2008.- 18 sentyabr.- S. 11.