Mükərrəmoğlu M.
Yenə Həsən
Məmmədovu xatırlayıram.
Hündürboylu, ağsaç,
gülərüz, təmkinli,
asta yerişli bir insan kimi.
Bu xatırlama təsadüfi deyil.
Bu yaxınlarda Həsən
Məmmədovun 70 yaşı
tamam olur. 70 il yaşaya bilməsə də,
70-dən çox insan
həyatını ekranda
yaşadı, ömrünün
istisini onlara bağışladı. Qaraş
(“Böyük dayaq”), Bəxtiyar (“Yeddi oğul istərəm”), Oqtay (“Gün keçdi”), Abasqulu bəy Şadlinski (“Axırıncı aşırım”),
Dədə Qorqud (“Dədə Qorqud”), Səməd (“Qatır Məmməd”), Murad (“İstintaq”), Mirzə Səfər (“Evlənmək
istəyirəm”), “Ağababa
(”Bağ mövsümü")
— bu rolların hər birində Həsən Məmmədovun
çox heyrətamiz yaşantıları var. Və
hər dəfə onun çəkildiyi filmlərə baxanda bu aktyorun nə
qədər böyük
imkanlara malik olduğunu görürük.
İlahi
ona güclü yaradıcı istedad bəxş etmişdi.
Özü də kinonu çox sevirdi. Bəlkə elə ona görə
də bütün yaradıcı ömrünü
bu sənətə həsr etmişdi.
“Böyük dayaq” ona əsl
mənada dayaq oldu. Deyirdi ki,
bu filmə təsadüfən çəkilib.
Universitetin fizika fakültəsindən öz
xoşu ilə çıxandan sonra İncəsənət İnstitutunda
təhsil alırdı.
Və günlərin birində onların qrupuna yad bir
insan gəlir və onu çəkilişə
dəvət edir. Qaraş Həsən müəllimin kinoda ilk addımı idi. Qaraşa bizim kinoşünaslar dəfələrlə
öz münasibətlərini
bildirmişlər. Bir
qismi onu “uğurlu debüt” adlandırırdı, bir qismi isə Qaraşın bir qədər quru, qeyri-səmimi obraz olduğuna işarə vururdu. Amma hər
halda Qaraşı “uğurlu debüt” adlandıranlar yanılmamışdılar,
onların kinoya yeni bir nəfəs
gəldiyini iddia etmələri özünü
doğrultdu. Həsən
müəllim kinonu seçdi və sənətin bu sahəsində böyük
uğurlar da qazandı.
Qaraş “Böyük
dayaq”da əsas qəhrəman deyil. Amma hadisələrə bilavasitə bağlı, əhəmiyyətli personajdır.
Onunla bağlı süjetlər baş qəhrəmanın xarakterinin
açılmasında vacib
rol oynayır.
Həsən Məmmədov
dramatik səpkili rolların çox mahir ifaçılarından
idi. Onun qəhrəmanları müxtəlif
xarakterli insanlardır.
Onlar arasında tarixi qəhrəmanlar da, inqilabçılar, müasir dövrün adamları da var. Sırf psixoloji aspektli “Gün keçdi” filmində Həsən Məmmədov
Oqtayın rolunu yaradır. Çətin obrazdır. Əslində bütöv filmin yükü iki qəhrəmanın — Oqtayla
Əsmərin üzərindədir.
Öz keçmiş məhəbbətinin ardınca
Moskvadan Bakıya gələn Əsmər çox mətləbləri
Oqtaya çatdırmağa
səy edir. Ancaq Oqtay bunları
başa düşə
bilirmi? Oqtay, doğrudan da, bu barədə heç düşünmür
də. Onu sadəcə olaraq öz sinif yoldaşı
kimi qəbul edib, olub keçənlər
barədə söhbətlərini
dinləməklə kifayətlənir.
Əsmər isə Oqtayın yanında özünü çox xoşbəxt sayır. Və bizə belə gəldi ki, Oqtay Əsmərin
onun ad günündə
Moskvadan gəlişini
adi dost gəlişi kimi qiymətləndirir. Çünki o, həqiqətən
təmiz, pak bir insandır.
Həsən Məmmədov
Oqtayı məhz belə təqdim edir. Onun ifasında
bu qəhrəmanın
bütün daxili dünyası açılır.
“Bağ mövsümü”nü xatırlayırsınızsa,
Ağababa da məhz psixoloji mahiyyətli qəhrəmanlardandır.
O, təmiz həyat sürən, öz zəhməti ilə yaşamağa öyrəşmiş
gözəl ailə başçısıdır. Bağ
evində onun kirayəçiləri isə
“yuxarı” təbəqinin
adamlarıdır və
onlar buraya köçəndən Ağababanın
rahatlığı pozulmuşdur.
O, bu insanlarla dil tapa bilmir,
hətta Ağababanın
iti belə onlara görə evdən baş götürüb gedir. Bütün bunlar Ağababanı rahat buraxmır.
Aktyor qəhrəmanını
elə təmkinlə,
elə ustalıqla təqdim edir ki, tamaşaçı onun oyununa əsl
mənada heyran qalır. Bütün film boyu öz ləyaqətini
qoruyur və sonda da hər
şey onun iradəsinə tabe olur. Bu film Həsən Məmmədov yaradıcılığında
xüsusi yeri olan filmlərdəndir.
“Bir cənub şəhərində” filmi
“Bağ mövsümü”ndən
çox-çox əvvəl
ekrana çıxarılmışdı.
Bu filmdə Həsən
Məmmədovu tamaşaçılar
Murad rolunda gördülər. Əslində
gələcəkdə onun
müsbət qəhrəmanların
çox mahir ifaçısı olacağı
inamını tamaşaçılarda
elə Murad yaratmışdı. Bu qəhrəman elə o vaxt aktyorun özü
ilə bəlkə də həmyaşıd olardı. Nədənsə,
çoxları da bu fikdədirlər ki, filmdə elə bil Həsən
Məmmədov heç
rolda deyil, özünü oynayır.
Çünki Muradın
xarakteri elə Həsən Məmmədovun
öz xarakteri ilə üst-üstə düşürdü. Sadə,
səmimi, məhəllədə
hamının hörmətini
qazanmış, atasını
itirəndən sonra ailənin bütün qayğılarını çəkən
Murad qarşılaşacağı
situasiyalardan bəzən
baş çıxara
bilmir. Çünki bu “cənub şəhəri”nin həmin
məhəlləsinin öz
qanunları var. Bacısının
nişanlısı Ukraynadan
özünə həyat
yoldaşı gətiribsə,
mütləq o qızın
qardaşının qəzəbinə
tuş gəlməlidir.
Murad bilir ki, bu qanunlar
artıq köhnəlib,
belə hadisələri
yoluna qoymağın başqa üsullarını
da tapmaq olar. Anası isə bu qanunlar
mühitində yaşadığından
oğlunu bu işə təhrik edir. Baxmayaraq ki, hadisənin pis nəticə verəcəyini də bilir. Doğrusu, Muradın taleyinə biganə qalmaq olmur. Onun düşdüyü
vəziyyətə acıyırsan
və hər şeyin gözəl sonluqla bitəcəyinə
ümid bəsləyirsən.
İki film – “Yeddi
oğul istərəm”
və “Axırıncı
aşırım” – Həsən
Məmmədovun yaradıcılığında
çox əhəmiyyətli
yer tutur. Hər iki filmdə
onun qəhrəmanları
bizim kinonun çox yaddaqalan obrazlarındandır. Bəxtiyar
(“Yeddi oğul istərəm”) inqilabçıdır.
Sovet hökumətinin
yerlərdə möhkəmlənməsi
üçün mülkədarlarla
haqq-hesab çəkməyə
göndərilən yeddi
nəfərə başçılıq
edir. Peykanlıda baş verənlərə
son qoymaq, Gəray bəyi zərərsizləşdirmək
üçün kəndə
göndərilən komsomolçular
çox ciddi muqavimətlə qarşılaşırlar.
Bəxtiyar isə təmkinlidir. O, qələbənin
uzaq olmadığına
və Gəray bəyin uduzacağına inanır. Və biz sonda Gəray bəyin sahibsiz qalmış evinin piləkənlərində oturub,
itirdiyi dostlarının
komsomol biletlərini vərəqləyəndə onun
sifətində yaranan
kədər dolu anları görəndə
aktyorun əsl sənətkar olduğuna bir daha inanırıq.
Abasqulu bəy (“Axırıncı aşırım”)
isə “bəylik” ömrünü sona yetirmiş, sovet hökumətinə xidmət
edən bir mühəndisdir. Amma əyalətdə xüsusi
hörmət sahibidir.
Onu Kərbəlayı
İsmayılın zərərsizləşdirilməsi
işinə qoşmaq
istəyəndə bir
az tərəddüd etsə də bu işə razılıq verir. Sovet hökumətindən
qaçıb dağlarda
gizlənmiş Kərbəlayı
İsmayılın onunla
dialoqunu xatırlayın.
Bu çox möhtəşəm
bir səhnədir və hər iki aktyorun (Kərbəlayı
İsmayıl – Adil İsgəndərov) yüksək
istedad sahibi olduqları bir daha təsdiqlənir.
Həsən Məmmədovun
qəhrəmanı sonda
həlak olur, ancaq bununla Kərbəlayının
da ağalığına
son qoyulur.
Həsən Məmmədov
geniş ifaçılıq
imkanlarına malik bir sənətkar idi. “Dədə Qorqud”, “Qatır Məmməd”, “Gözlə
məni”, “Arxadan vurulan zərbə” və sair filmlərdə
onun yaratdığı
qəhrəmanlar kinomuzun
uğurlu obrazları sırasındadır.
Son illər
çox az-az çəkilirdi. Həmişə
də gileylənir, kinoya münasibətin dəyişdiyini bildirirdi.
Bir ara teatra
da gəldi, burada bir neçə
tamaşada rollar oynadı. Amma o kinosuz yaşaya bilmirdi. “Təhminə” də Zaurun atasını –professor Zeynallını
oynadı. Amma bu da onu
razı salmamışdı.
“Qırmızı qatar”
da həkim, “Mənim ağ şəhərim”də Mahmud dayı,
“Həm ziyarət, həm ticarət” də Əlimurad, “Hökm”də “Tuz” Nəsrəddin kimi rolları da onun son illər yaradıcılığının məhsullarıdır.
İşləmək istəyirdi, çəkiliş
meydançaları üçün
çox darıxırdı.
Və günlərin birində Həsən müəllim ömürlük
həyatla vidalaşdı.
Dövlətimiz onun xidmətlərini çox
yüksək qiymətləndirmişdi.
“Xalq artisti” fəxri adına layiq görülmüşdü.
“Şöhrət” ordeni,
Dövlət mükafatları
almışdı. Bütün
bunları Həsən
müəllim öz gərgin zəhməti hesabına qazanmışdı.
O, öz xalqına sədaqətlə xidmət
etdi. Özündən
sonra onu ürəkdən sevən
xalqına nə qədər filmlər qoyub getdi. Və
bu gün həmin filmlərin qəhrəmanları bu xalqın övladlarına
çox şeylər
danışır, onları
şər qüvvələrdən
qorumağa çağırır.
Xalq qəzeti.- 2008.- 13 sentyabr.- S. 7.