Abdullayev M.

 

Musiqi əsl ümumbəşəri dildir”

 

Bu fikir böyük alman yazıçısı və musiqişünası Veber Karl Mariyaya (1786-1826) məxsusdur. Hikmətli sözlərin kim tərəfindən və nə zaman deyilməsindən asılı olmayaraq, onlara həmişə böyük ehtiyac olmuş və daim olacaqdır.

Musiqi insanların qəlblərini oxşayır. İnsanlar musiqidən mənəvi zövq alırlar. Alman musiqişünası Bax Vilhelm Firideman bu fikrin təsdiqi olaraq demişdir: “Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir”. “Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır” (Dostoyevski). “Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir” (Martin Lüter). “Musiqi-insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir” (K.Silvestr). “Musiqi-sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir” (Tomas Karleyl).

Musiqinin etik təsir qabiliyyəti olduğu üçün onu tərbiyə vasitələrinin siyahısına salmaq lazımdır. Təsadüfi deyildir ki, dahi yunan filosofu Platon (e.ə. 427-347) musiqi haqqında belə bir fikir söyləmişdir: “Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur.”

Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür, — demişdir böyük Henrix Heyne. İncəsənətin gözəlliyi ən çox musiqidə ifadə olunur. Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. Bəşəriyyətə məlum olan bütün səslərdən ən sevimlisi musiqidir.

“Poeziya sözlərin musiqisidir” (M.Füller). “Poeziya ruhun musiqisidir” (F.Volter). “Poeziya hər şeydən əvvəl həyat, daha sonra isə incəsənətdir” (V.Q.Belinski). Poeziyanın musiqi ilə bağlı və musiqi haqqında filosofların, tanınmış şəxslərin fəlsəfi fikirlərini, aforizmlərini çoxlu sayda qeyd etmək olar. Bütün bu fikirləri yaradan, formalaşdıran musiqinin bir incəsənət kimi vacibliyindən və qüdrətindən xəbər verir.
İncəsənət sənətkar qəlbinin sirlərini böyütməyə yönələn mikroskopdur. Musiqi ali estetik dəyərə malik olan bir incəsənətdir.

İncəsənət-ictimai şüur formalarından biridir. İncəsənət bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi, aləmi praktik-mənəvi qavramanın spesifik növüdür. İncəsənət gerçəkliyin bədii obrazlarla inikasıdır. Estetik fəaliyyətin xüsusi növü kimi meydana çıxmış incəsənətin mənbəyi əmək olmuşdur. İbtidai incəsənətin ilk izləri son paleolit dövrünə (e.ə. təqribən 30-cu minillik) təsadüf edir. İncəsənətin inkişafına ibtidai insanların yaratdıqları miflərin, rəqs, qayaüstü təsvirlərin əmək alətlərinə, silaha, paltara, hətta öz bədənlərinə vurduqları bəzəklərin böyük təsiri olmuşdur. Əmək bölgüsü nəticəsində əvvəllər sinkretik (birləşmiş) xarakter daşıyan insan fəaliyyəti bir sıra mənəvi və maddi istehsal sahələrinə ayrılarkən fərdin emosional və intellektual inkişafına yaranan tələbatdan incəsənət meydana gəlmişdir. İncəsənətin əsasında gerçəkliyin müəyyən estetik mövqeyindən obrazlı inikası durur. O, insanların estetik zövqünü ödəmək funksiyasını həyata keçirir. Sənətkar fərdi bədii obrazlar vasitəsilə hadisələrin, həyat şəraitinin, ictimai münasibətlərin, insanların xarakter və həyəcanlarının ümumi mahiyyətini aşkara çıxarır, həyat həqiqətini obrazlı əks etdirir. O, həmçinin obrazlarla təcəssüm etdirdiyi aləmə ideoloji nümayəndəsi olduğu qüvvələrin və ya insanların ideal baxımından qiymət verir. Həyat həqiqətinin və qabaqcıl estetik idealın məcmusu bədii həqiqəti yaradır ki, bu da incəsənətin mahiyyətin təşkil edir və onun ideya-estetik təsir qüvvəsini artırır. Bədii həqiqət incəsənətin müxtəlif növlərində konkret təcəssümü spesifik bədii ifadə vasitələri ilə (təsviri sənətdə boya, rəng, daş, mərmər və s. musiqidə musiqi səsi, ədəbiyyatda söz və s.) tapır. Sənətkarın istedadı onun yaradıcılıq təxəyyülünün məhsullarının insanlara çatmasına, həmçinin sənət əsərinin meydana gəlməsinə kömək edir. Özünəməxsus estetik xüsusiyyətləri olan incəsənət ictimai şüurun digər formaları ilə ümumi olan cəhətlərə də malikdir: siyasət, əxlaq və ideologiya ilə qarşılıqlı əlaqəsi onun spesifikliyinin ifadəsidir.
Bədii ümumiləşdirmə, yəni gerçəkliyin ictimai vəziyyəti müəyyən fərdi konkret obrazlı formada ifadə etmək qabiliyyəti, hadisələrin əsl mahiyyətini bədii şəkildə aşkara çıxarmaq bacarığı incəsənətin idrak əhəmiyyətini müəyyənləşdirir.

İncəsənətin əxlaqla əlaqəsi xüsusilə sıxdır. İncəsənət qədim dövrlərdən bu günə kimi nəinki əxlaq problemlərinə toxunur, insanların əxlaqi keyfiyyətlərini əks etdirməklə kifayətlənir, həmçinin insanın əxlaqi kamilliyi haqqında sənətkarın fikirlərini təcəssüm etdirir. Şəxsiyyətin ictimai-tarixi praktikasının gedişində formalaşan keyfiyyətlərinin aşkara çıxarılmasına, möhkəmləndirilməsinə imkan yaradır. Məsələn, incəsənətdə realizm metodu mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə cəmləşdirən şəxsiyyət idealını əsaslandırır. İncəsənət insanların estetik ideallarının və zövqlərinin, gözəllik və ülvilik haqqında təsəvvürlərinin formalaşmasında fəal iştirak edir və bununla da gerçəkliyi yalnız əks etdirmir, həm də onu dəyişdirir.
Muğama olduğu kimi, aşıq sənətinə də Heydər Əliyev Fondu tərəfindən verilən diqqət və qayğı, sənətkarlara göstərlən kömək və dəstək sənət adamlarının, mədəniyyət xadimlərinin və bütün xalqın böyük razılığı ilə nəticələndi.

Aşıq Azərbaycanda el şairi, çalğıçı, bəstəkar, müğənnidir. Aşıq yaradıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini özündə birləşdirən çoxcəhətli sənətdir. Aşıq həm şer və hava qoşur, həm də saz çala-çala oxuyub oynayır.

Qədim və orta əsrlərdə aşıqlar varsaq, ozan, dədə, yanşaq adlanmışdır. Azərbaycanda “aşıq” termini 15-ci əsrdən işlənilir. Xalq arasında “el anası” adlandırılan aşıqlar zəhmətkeş insanların arzu və istəklərini, zülm və işğalçılara qarşı mübarizəsini, məhəbbət duyğularını, yüksək keyfiyyətləri tərənnüm etmişlər. Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafında aşıqların mühüm xidməti olmuşdur.

Aşıq ədəbiyyatı Azərbaycan xalq bədii yaradıcılığının mühüm qolu olan çoxcəhətli aşıq sənətinin tərkib hissələrindən biridir. Qədim dövrlərdə “söy” sonralar isə “qoşma” adlandırılan aşıq şeri çox qədim, zəngin və rəngarəngdir. Bu şeirin hələ “söy”, yaxud “söyləmə” qədim nümunələrinə “Kitabi-Dədə Qorqud”da təsadüf edilir (“Dədə Qorqud gəldi, boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdü, qoşdu belə dedi”). Dədə Qorqud söyləri, ozan havaları qopuz ilə sıx bağlı olduğuna görə vəzn və qafiyə qaydalarına tabe olmamış, ahəngə əsaslanmışdır. Lakin söy musiqi ilə əlaqəni tamamilə kəsməsə də, müstəqil ədəbi janr kimi tədricən inkişaf etmiş, özünəməxsus şeir qayda -qanunları yaratmış, əsrdən- əsrə cilalanaraq bugünkü aşıq poeziyası səviyyəsinə yüksəlmişdir. Məzmun zənginliyi və saz havaları ilə üzvi bağlılıq aşıq poeziyasını forma cəhətdən də rəngarəng etmişdir. Bayatı ilə gəraylı, qoşma ilə divani və s. qafiyələnmə sistemi, bəndlərin, bəndlərdəki misraların miqdarı və s. xüsusiyyətinə görə fərqləndikləri kimi, gözəlləmə ilə vücudnamə, duvaqqapma ilə ustadnamə, dodaqdəyməzlə dildönməz, hətta cığalı müxəmməslə zəncirli müxəmməs də eyni deyildir.

Aşıq ədəbiyyatının əsas janrlarından biri də dastandır. Aşıqlar onlarca qəhrəmanlıq və məhəbbət dastanı yaratmışlar: “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Şah İsmayıl”, “Qurbani”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.

Aşıq ədəbiyyatının hafizələrdə yaşayıb, ifa zamanı şifahi yolla yayılması, dəyişkənliyi, çoxvariantlığı və qədim ənənələrlə bağlılığı onu folklora, müəlliflərinin, əsasən, məlum olması isə yazılı ədəbiyyata yaxınlaşdırır.

Aşıq ədəbiyyatı və yazılı ədəbiyyat bir-biri ilə qarşılıqlı əlaqə və təsir prosesində inkişaf etmişdir. XVII-XVIII əsrlərdə aşıq şeiri realist yazılı ədəbiyyata ciddi təsir göstərmiş, M.P.Vaqif ədəbi məktəbinin yaranmasında mühüm rol oynamışdır.
Aşıq havaları, aşıq havacatı Azərbaycan musiqi folklorunun əsas sahələrindən biridir. Müasir aşıqların repertuarında daim işlənib kamilləşən yüzdən artıq klassik hava və onların variantları mövcuddur. Əsrlərdən bəri bu havalarda müəyyən ucalıqlı səs münasibətləri, həmçinin səciyyəvi xal, guşə, melodika və kadanslar, vəzn əmələ gəlmişdir.

Aşıq havalarının xalq dastanları ilə bir vaxtda yarandığı, əvvəllər yalnız dastanlarda, sonralar isə, eyni zamanda, müstəqil halda da ifa olunduğu ehtimal edilir. Aşıq havaları məzmun və xarakterinə görə, qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda, satirik və komik səciyyəli olur. Bu havalarda insan mənəviyyatının ən ülvi, nəcib keyfiyyətləri, xalqın sevinc və kədəri, vətənpərvərliyi, zülm və əsarətə qarşı etirazı, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur. “Koroğlu”, “Misri”, “Orta divani”də mərdlik, cəsurluq, “Qəmərcan”, “Gözəlləmə”, “Göyçəgülü”ndə oynaqlıq, şən əhvali-ruhiyyə, “Dilqəmi”, “Yanıq Kərəmi”, “Təcnis”də lirik məhəbbət duyğuları, qüssə və həsrət motivləri ifadə edilir.

Aşıq havaları melodik xüsusiyyətlərinə görə, əsasən, iki qrupa bölünür: reçitativ (dastanla bağlıdır), yarımreçitativ mahnı xarakterində olan havalar. Reçitativdən təğəniyyə doğru inkişaf yolu keçmiş aşıq havaları melodika, vəzn-ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəndir. Aşıq havaları, adətən strofik formada olur. Bütün havalarda instrumental müqəddimə, intermediya və tamamlama mövcuddur.
Səsin eyni ucalıqda təkrarı, musiqi motivi rüşeymi və bütöv ifadələrin variant şəklində təkrar edilməsi, melodiyanın pərdələrlə aşağı hərəkəti, enən sekvensiya aşıq havalarının səciyyəvi xüsusiyyətlərindəndir. Aşıqlar adətən, yuxarı registrdə oxuyur, bəndin sonunda isə (kadansda) aşağı registrə keçir və axırıncı səsi xeyli uzadırlar.

Aşıq havaları formalarının yaradılmasında başlıca prinsip variantlılıqdır. Aşıq havalarının diapazonu kiçikdir (əsasən, kvarta, kvinta və seksta intervalı həcmində). Lakin musiqi ifadələrinin sonunda diapazon septima və ya oktava intervalı həcmində genişlənir. “Paşaköçdü”, “Əfşarı”, “Şahsevəni” və s. havalarda aşıq havalarının qədimliyini göstərən pentatonika əlamətləri var. Aşıq havalarının ritmik xüsusiyyətləri şeirin forma və vəzni ilə əlaqədardır: havanın melodiya və ritminin müəyyənləşməsində misralardaki hecaların sayı həlledici rol oynayır. Müasir aşıqların ən çox işlətdiyi şeir formaları gəraylı, qoşma, təcniz, divani, müxəmməs və başqalarıdır. Əsas musiqi vəzni 6/8-dir. Ədəbi mətnin və melodiyanın xüsusiyyətindən asılı olaraq bir hava üstündə bir neçə şeir oxuna bilər. Aşıq havalarının bir qisminin adı şeir formalarından “Gəraylı”, “Təcnis”, “Müxəmməs” və s.), başqa qismininki dastan surətlərinin adlarından (“Koroğlu”, “Kərəmi” və s.), müəyyən hissəsininki isə yarandığı yerin adından (“Naxçıvani”, “Şərili” və s.) götürülmüşdür. Bir çox aşıq havası isə məşhur aşıqların adı ilə bağlıdır (“Cəlili”, “Bəhmani”, “Ürfanı” və s.). Aşıq havaları diatonikaya əsaslanır. Ayrı-ayrı hallarda təsadüf edilən xromatik səslər yardımçı rol oynayır. Aşıq havalarının məqam əsası sazın quruluşundan irəli gəlmişdir.

Aşıq havaları əsasən saz, eləcə də balabanın müşayiəti ilə ifa olunur. Müşayiətedici melodiya vokal melodiyanın ya eyni (unison) olur, yaxud dəmkeş funksiyası daşıyır. Aşıq havalarının harmonik əsasını sazın köklərindən irəli gələn akkordlar kompleksi təşkil edir. Bunlardan “Qaraçı kökü”, “Dilqəmi kökü”, “Ürfanı kökü”, “Ayaq divani kökü” və s. əsas akkordlardır.

Aşıqların sənətkarlıq xüsusiyəti və ustalıqlarından asılı olaraq eyni hava müxtəlif şəkildə oxunur. Aşıq havaları Azərbaycan xalq musiqisinin başqa janrları ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Aşıq musiqisinin professional musiqi sənətinə güclü təsiri var. Ü.Hacıbəyovun “Koroğlu”, R.M.Qlierin “Şahsənəm”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, A.Spendiarovun “Almast” operalarında, Q.Qarayevin 3-cü simfoniyasında (2-ci hissə), F.Əmirovun “Azərbaycan süitası”nda və başqa bəstəkarların əsərlərində aşıq havalarının üslub xüsusiyyətlərindən istifadə edilmişdir.

Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Bilal, Aşıq Valeh, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Mirzə, Aşıq Musa, Aşıq Pəri, Aşıq Şakir Hacıyev, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Cavan, Aşıq Hüseyn Şəmkirli, Aşıq Şəmşir və başqa aşıq sənətkarları aşıq poeziyasının görkəmli nümayəndələridir.
Azərbaycan milli mədəniyyətinin zənginliyi, müxtəlifliyi və özünəməxsusluğu artıq bütün dünyaya məlumdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunmuşdur. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə Mehriban xanım ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir.

Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədi ilə Mehriban xanım Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. 1996- cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etmişdir. Dünyanın bir sıra ölkələrində yayılan jurnalda Azərbaycan tarixinə, mədəniyyətinə və incəsənətinə dair materiallar çap olunur. Mehriban xanımın rəhbərliyi altında Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovaların şərəfinə yubiley və xatirə gecələri keçirilmişdir. Jurnalın Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan xüsusi buraxılışları dərc olunub.

2008-ci il martın 20-də Fransanın paytaxtı Parisdə “Azərbaycanın xoşməramlı mələkləri” konsert verdilər. Sayca 2-ci dəfə keçirən belə mədəni konfrans artıq ənənə halını alaraq Fransada Azərbaycan mədəniyyətini təbliğ edir. Azərbaycan mədəniyyəti günü bu şəkildə hər il keçirilir.

2008-ci il martın 27-də Almaniyada Azərbaycan mədəniyyəti günü keçirildi. Tədbirdə incəsənətimiz, ədəbiyyatımız haqqında geniş məlumatlar verildi.

İSESKO-da “Azərbaycan günləri” keçirildi. Mərakeşdə 2 gün davam edən mədəni tədbirdə Azərbaycan musiqisi, mahnıları dinlənildi. Qərara alındı ki, hər il Mərakeşdə Azərbaycan mədəniyyəti günləri keçirilsin.

“İncəsənət də həyat kimi daimidir” F.İ.Şalyapinin bu gözəl fikrinə rəğmən incəsənəti inkişaf etdirən insan, onun daimiliyinin qoruyucusu sayılır. Buna görə də inamla demək olar ki, Mehriban xanım Əliyeva Azərbaycan musiqisinin, aşıq sənətinin, muğamının, incəsənətinin daimiliyinin qarantıdır, yorulmaz təbliğatçısıdır.

“Musiqi əsl ümumbəşəri dildir” fikrinə istinadən yekunda qeyd etmək istəyirəm ki, əsl mənəvi mədəniyyət sərvəti yaratmağı müasir dövrdə ideoloji iş sahəsində başlıca məqsəd kimi müəyyənləşdirən Mehriban xanım Əliyeva ümumbəşəri məsələlərlə məşğul olur. Xalqımıza məxsus çox dəyərli, mənəvi, mədəni sərvətləri qoruyub saxlayaraq, onun gələcək nəsillərə çatdırılması kimi nəcib və şərəfli yolda Mehriban xanım Əliyevaya uğurlar arzulayırıq.

 

Xalq qəzeti.- 2008.- 17 sentyabr.- S. 4.