Bəşər mədəniyyətinin
inkişafına töhfəsinə
görə Dünyanın
qızıl gülü”
Bu yaxınlarda
Kanadanın Niaqara-on-de-Leyke şəhərində
keçirilmiş Beynəlxalq kamera musiqisi festivalını
yekunlaşdırmış Azərbaycan muğamı
günləri Şimali Amerikanın mədəni
həyatında əsl sensasiya olmuşdur. Tanınmış
azərbaycanlı bəstəkar və dirijor İsmayıl
Hacıyevin rəhbərlik etdiyi Kanadanın “İpək yolu”
kamera orkestri ilə birlikdə çıxış edən
muğam üçlüyünün heyrətamiz ifası
Azərbaycan musiqi sənətinin yüksək
səviyyəsini bir daha təsdiqləmişdir.
Heydər Əliyev
Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın
xalqımızın zəngin mədəni irsinin dünyada
təbliği sahəsində işlər xaricdə də
əks-səda doğurur və yüksək
qiymətləndirilir. Niaqara festivalının direktoru, Toronto
Kral Konservatoriyasının professoru Atis Bankas bildirmişdir ki,
məhz buna görə də Azərbaycanın birinci
xanımı Beynəlxalq musiqi festivalının yüksək
mükafatına - dünyada sülh naminə
mədəniyyətlərin və sivilizasiyaların
yaxınlaşması və inteqrasiyası kimi ali missiyanı
həyata keçirən İnsanın qədim simvolu olan
“Dünyanın qızıl gülü” mükafatına layiq
görülmüşdür.
Xatırladaq ki,
Azərbaycan ifaçıları 60 ölkəni təmsil
edən 70 musiqiçinin və musiqi kollektivinin iştirak
etdiyi bu festivalda, demək olar, bütün Qran-pri
mükafatlarını qazanmışlar. İlk növbədə,
yüksək mükafata
muğam üçlüyünün
parlaq çıxışı
layiq görülmüşdür.
Festivalın rəhbərliyi
bu üçlüyə
Azərbaycan ifaçılıq
məktəbinin korifeyi,
dünyanın bir çox ölkələrində
yaxşı tanınan
böyük xanəndə,
xalq artisti Əlibaba Məmmədovun
adını vermişdir.
Tarzən Sahib Paşazadə virtuoz ifaya görə Qran-pri mükafatına və festivalın tarixində ilk dəfə olaraq verilən “Tarın Paqaninisi” tituluna layiq görülmüşdür.
Şərəf
Cəlilinin görkəmli Azərbaycan
şərqşünası Aida İmanquliyevanın həyat
və yaradıcılığından söhbət açan
kitabı da festivalın ən yüksək
mükafatını almışdır. Sevindiricidir
ki, festival günlərində Niaqarada açılmış
və dünya mədəniyyətinin inkişafına,
Şərq və Qərb mədəniyyətlərinin
yaxınlaşmasına xidmət
edəcək Beynəlxalq
Universal Mənəvi Dəyərlər Mərkəzinə
də Aida İmanquliyevanın adı
verilmişdir. Niaqara-on-de-Leyke
şəhərinin meri,
lord Herri Borrouya mərkəzin fəxri sədri olmaq təklif edilmişdir.
Azərbaycan musiqisi,
həqiqətən, dünyada getdikcə daha geniş
dinləyici auditoriyası toplayır. Məsələn,
oktyabrın 1-də Vaşinqtonda, Azərbaycan və ABŞ
arasında strateji tərəfdaşlığın
genişlənməsinə həsr edilmiş beynəlxalq
konfrans çərçivəsində Kennedi Mərkəzinin
konsert salonunda İsmayıl Hacıyevin rəhbərliyi
ilə Vaşinqton kamera orkestrinin, habelə muğam
üçlüyünün böyük konserti olacaqdır.
Konsertə Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi
təşkilati-maliyyə dəstəyi göstərir.
Xalq qəzeti.- 2008.- 14 sentyabr.- S. 3.