“Laçın yadıma
düşəndə ağlayıram”
Bu
dəfəki "Şənbə qonağı"mız
yanıqlı səsi, zəngulələri ilə insanı
çox-çox uzaqlara aparan müğənnidir. Onu
o qədər də süni təriflərlə təqdim
etmək istəməzdim. Çünki 30 ildir ki, səhnədə
olan müğənni çoxlarının rəğbətini
qazanıb. O, hit mahnıların ifaçısı,
xüsusilə də "İlk məhəbbətim, son
məhəbbətim", "Laçınım mənim"
mahnıları ilə daha da qəlblərə yaxın
olan Məhəbbət Kazımovdur. "Tamaşaçıların
gözünü yormaq fikrində deyiləm" deyən
sənətkar gündəmdə olmamasından o qədər
də narahat deyil. O, qeyd etdi ki, üzdə az-az olsam da, tamaşaçılarımın
qarşısına dəyərli musiqilərlə
çıxıram.
- Salam, Məhəbbət müəllim,
necəsiniz, nə var, nə yox?
-
Çox sağ olun, hər şey öz qaydasındadır.
Yaradıcılıqla məşğulam, yeni mahnılar
yazdırıram.
- Niyə bir kənara çəkilmisiniz,
başınızı toylar qatıb, yoxsa çox görünməyə
özünüz maraqlı deyilsiniz?
-
Əvvəla, tez-tez görünməklə tamaşaçıların
gözünü yormaq istəmirəm. Gec-gec görünməyim
yaxşıdır ki, tamaşaçılarım mənim
üçün darıxsın. İkincisi də, ekranlarda
görünmək üçün mənim pulum yoxdur. Amma
bu o demək deyil ki, televiziyada görünmürəm
deyə, yaradıcılığımla məşğul
olmuram. Balaca bir studiyam var, orada bütün günü
mahnılar yazıram. Özümü bəstəkar hesab
etmirəm və buna görə bütün bəstəkarlardan
üzr istəyirəm. Sadəcə, musiqini bilən
adam yazmalıdır, hərdən ilham pərisi gələndə
onun qarşısını kəsmək olmur. Daha sonra
köhnə mahnıları yeni aranjiman etdirib, ifa edirəm.
Sonra da onları disk və ya kaset şəklində
xalqımıza təqdim edirəm.
- Yeri gəlmişkən, çox
müğənnilər şikayət edir ki, piratların
əlindən kasetlərindən pul götürə bilmirlər.
Bəs sizdə necədir,
disklərinizdən gəlir götürə bilirsiniz?
-
Mən dünənin, bu günün müğənnisi
deyiləm, illərdir ki, səhnədəyəm. Açıq
deyirəm, həmişə kasetlərimdən və
disklərimdən yaxşı pul götürürəm.
Elə vaxt olub ki, hər kasetimdən 3-5 min dollar pul qazanmışam.
Düzdür, piratçılıq bu gün da baş
alıb gedir. Amma nə qədər olsa da, müğənni
öz qazancını götürür. Ola bilsin ki, kasetlərindən
pul götürə bilmədiklərini deyən müğənnilər
bilərəkdən belə söyləyir. Çünki
unutmayaq ki, hər bir sənətçi dövlətə
vergi ödəyir. Yəqin ona görə də, bunu
açıqlamırlar və əvəzində şikayətlənirlər
ki, disklərdən pul götürə bilmirik. Mən buna
inanmıram, çünki əsl sənətdən pul
götürmək mümkündür. Sadəcə, baxır
sənətçiyə. Elə studiyalar var ki, mənə
deyirlər ki, kaset çıxart, pulunu biz veririk. Sənətçi
də var ki, üstündə pul verir ki, sən Allah, kasetimi
çıxart. - Deməli,
kasetlərinizdən lazımınca pul götürə
bilirsiniz. Bəs söylədiniz ki, efirlərə
çıxmağa pulunuz yoxdur. - Mən bu sözü
o mənada demədim. Sadəcə, mənim efirə verməyə
pulum yoxdur. Neçə illərin sənətçisiyəm.
Heç vaxt özümə rəva bilmərəm ki, pul
verib efirə çıxım. Necə olur ki, dünən
səhnəyə çıxanlar, geyimlərini, bədənlərini
nümayiş etdirənlər efirə pulsuz çıxırlar,
amma mən pul verim?
- Məhəbbət müəllim,
təbii ki, toylara gedirsiniz. Siz də bəzi həmkarlarınız kimi toyların
qiymətini tez-tez qaldırırsınız?
- Elə müğənnilər
var ki, ümumiyyətlə onlar toylara getməsələr
yaxşıdır. Toylara sənəti olan sənətçilər
getməlidir. Onlar nə ifa edirlər ki, toyların da qiymətini
qaldıralar? O ki qaldı mənə, cavabım bir
qədər siyasətə gedib çıxır.
Əgər ərzağın, neftin qiyməti bahalaşırsa,
təbii ki, toyların da qiyməti qalxmalıdır.
Mən şəhər toyları ilə yanaşı,
ən çox rayon toylarına dəvət alıram. Onda
musiqiçilərimi də özümlə aparmaq
üçün avtobus tuturam. Əgər əvvəllər
avtobus tutaq ki, 150 dollara gedirdisə, indi 300 dollara gedəcək.
Amma mən toylara gedəndə heç vaxt qiymət demirəm.
Öz xalqımın, həmvətənlərimin toyudur,
nə qədər verərlərsə, min bərəkət.
Mənə verilən qiymət verilən pulda
deyil, sənətimə hörmət edib, bəyənib
toyuna dəvət etməsindədir. Əgər bizi bu
yerlərə xalqın istəyi gətirib çıxarıbsa,
onların da yolunda bu səsi xərcləməliyik.
- Əvvəllər cəbhə
bölgələrində tez-tez konsertlər təşkil
olunurdu. Bəs indi niyə sənətçilərimiz
bu sahədə bir qədər passivlik göstərirlər?
-
O vaxtlar Qazaxdan tutmuş, Füzuliyə, Horadizə
qədər konsertlər vermişəm. Amma gərək
indi bu işlə məşğul olan təşkilatçılar
olsun. Təşkilatçıların başı xarici
müğənnilərə qarışıb. Öz
sənətçilərimiz yaddan çıxıb,
nəinki onların konsert verməsi. Sonuncu
konsertimi bir neçə il bundan öncə öz doğma
elim-obam olan Laçında vermişdim. Nəinki Laçın,
ümumilikdə Qarabağ torpağında konsert vermək
hər bir sənətçinin istəyidir. Qarabağ
bütün azərbaycanlıların yaralı yeridir.
Laçın yadıma düşəndə hamıdan
gizlin ağlayıram. Ürəyimdəki bu sızıltı,
qubar məni "Laçınım mənim" mahnısını
yazmağa vadar etdi. Nə edim, bundan başqa heç
nəyə gücüm çatmır. İnandırım
sizi, o mahnı necə alındısa, ona heç kim sakit
qulaq asa bilmirdi. Heç bu mümkün də deyil.
Çünki o mahnıda Məhəbbətin Vətən
həsrəti, Vətən göynərtisi, ağrısı-acısı
var. Bütün bunları mən nota köçürdüm
və bu mahnı ərsəyə gəldi. Bu
mahnı hələ də ifa olunur. Bir haşiyə
çıxım: bu mahnını çox vaxt məndən
toylarda istəyirlər. Amma onlara şərt qoyuram ki,
mahnını ifa edin, amma oynamayın. Bu mahnı
oynamaq üçün deyil, sadəcə qulaq asın.
Bir şeyin ki, həsrətini çəkirsən, ona necə
oynamaq olar? Bizim belə mahnılarımız çoxdur.
Amma ifa edəndə qoymuram kimsə oynasın.
- Məhəbbət müəllim, siz
solo ifaçısı qədər də duet ifaçısı
kimi sevildiniz. Amma gəlin etiraf edək ki, bu gün duet
oxuduğunuz illərdəki qədər gündəmdə
deyilsiniz.
-
Yenə də deyirəm, görün mən neçə
illərin sənətçisiyəm, həmişə
sevilmişəm və qəbul olunmuşam.
- Yox, söhbət sizin gündəmdə
olmağınızdan gedir.
-
Bilirsiniz, duet elədir ki, onu tamaşaçı tez
qəbul edir və buna tələbat həmişə
çox olub. Düzdür, solo ifaçı kimi
özünü qəbul etdirmək çətindir, amma
o illəri mən artıq çoxdan arxada qoymuşam.
- Nədənsə, sizin ilk və son
duet ortağınız elə Könül Kərimova oldu.
Bundan sonra duet oxumaq fikriniz yoxdur?
-
Həmişə etiraf etmişəm ki, doğrudan da
Könül xanımın çox gözəl səsi
var. İkincisi də mən bir çox gənc müğənnilərlə,
elə Gunay Şuşalı ilə duet oxumuşam.
- Ola bilsin ki, o bir layihə şəklində
olub. Amma söhbət uzunmüddətli duetdən gedir.
-
Ataların bir misalı var e, "xoruz yox idi, səhər
açılmırdı?". İndi Məhəbbət
ömür boyu tərəf-müqabili ilə oxumayıb
ki. İkili oxumaq yaxşıdır, amma
gərək uyğun səs olsun ki, oxuyum.
- Məhəbbət müəllim, bir
vaxtlar müğənni Rəqsanənin ünvanına
efir vasitəsilə ittihamlar səsləndirmişdiniz.
İndi münasibətlər necədir?
- Necə varsa, elədir.
Mən onda da demişdim, indi də deyirəm, onun ünvanına
söylədiklərim şou-biznesdə oxuyan bəzi insanlara
bir mesaj idi. Rəqsanəyə gəlincə, əvvəlcədən
onunla mənim heç bir qalmaqalım olmayıb. Hətta
ittihamlardan sonra da o mənə cavab vermədi. Amma etiraf
edim ki, onu müğənni kimi qəbul etmirəm. Onun
nə özünə, nə də əqidəsinə
hörmətim yoxdur. İstəyirsən,
gözəl səsi, sənəti olsun, əgər onun
səviyyəsi yoxdursa, özünü apara bilmirsə,
mənim üçün yenə də heçdir.
Rəqsanənin şəxsiyyətinə görə,
etdiyi hərəkətlərə görə ona hiddətim
var, başqa heç nəyə görə yox. Mən
heç vaxt heç bir musiqiçinin arxasınca danışmamışam.
Nə deyirəmsə, qorxmadan, çəkinmədən
üzünə deyirəm. Bu, mənim xarakterimdən
irəli gəlir və bunu məni tanıyanlar da bilir.
Əslində mənim heç kimlə
də işim yoxdur, hamısı yaxşı sənətkardır.
Yalnız Rəqsanə bu qədər incəsənət
adamının adını batırdı. Şou
naminə nə isə göstərmək və yaxud da danışmaq
olar, amma qədərində.
Üç nöqtə.- 2008.- 20 sentyabr.- S. 13.