Qurbanqızı Z.

 

Mədəniyyət müəssisələri yenidən qurulur

 

Ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində misilsiz xidmətləri olmuşdur. O, xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi idi. O, xalqın mənəviyyatını zənginləşdirən milli mədəniyyətimizin hərtərəfli inkişafına ən ümdə vəzifə kimi baxmış və demişdir: "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir".

Bəs, belə bir missiyanı yerinə yetirməyə borclu olan mədəniyyət müəssisələrinin iş fəaliyyəti bu günün tələblərinə cavab verirmi? Mədəniyyət müəssisələrinin yenidən qurulmasına zərurət varmı? Bu barədə mütəxəssislər nə düşünürlər?

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev iki ay əvvəl bu vəzifəyə təyin olunarkən işə idarənin şəbəkəsinə daxil olan müəssisələrlə tanışlıqdan başladı.

160-dək müəssisə ilə tanışlıq zamanı aşkar olunan problemlər həmin müəssisə rəhbərlərinin birgə iştirakı ilə müzakirə olundu, mövcud problemlərin həlli yolları araşdırıldı. Mədəniyyət müəssisələrinin yenidən qurulması, bu sahəyə yeni ab-hava gətirilməsi üçün işə başlandı.

Hər bir sahədə qazanılacaq uğurların əsl təminatçısı kadrlardır. Peşəkar kadr potensialı olmadan heç bir sahədə inkişaf mümkün deyil, o cümlədən mədəniyyət müəssisələri yalnız belə kadrlan hesabına yeniləşə, inkişaf edə bilər. İdarə rəisi Əlikram Əliyev dedi ki, yerlərdə bizim çox gözəl, bacarıqlı kadrlarımız vardır. İlk öncə o insanların əməyini qiymətləndirməliyik. Daha sonra onlar üçün normal şərait yaratmalıyıq ki, daha yaxşı işləyə bilsinlər. Bunun üçün stimul olmalıdır.

Yeni layihələrin reallaşdırılmasına musiqi məktəblərindən başlanıldı. Əlaçı şagird müəllimlərin bu yay Quba istirahət mərkəzində ikigünlük ekskursiyaları təşkil olundu. Kitabxana mədəniyyət evlərinin işçiləri üçün isə Quba istirahət mərkəzində treninq kursları təşkil olunacaq ki, bu da bir növ istirahət xarakteri daşıyacaq. Sentyabr ayında İdarənin internet saytının təqdimatı olacaq. Mərasimdə yeni layihələrə start veriləcək.

Əlikram Əliyev onu da bildirdi ki, Mədəniyyət Turizm Nazirliyinin xətti ilə Bakı şəhərətrafı qəsəbələrdə 2009-2013-cü illərdə yeni mədəniyyət mərkəzlərinin yaradılması ilə bağlı layihə hazırlanıb ölkə rəhbərliyinə təqdim olunmuşdur. Mədəniyyət mərkəzləri kompleks şəkildə qurulacaq, onun tərkibinə musiqi məktəbi, kitabxana, tarix-diyarşünaslıq muzeyi s. daxil ediləcəkdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılacaq, əhaliyə mədəni xidmətin səviyyəsi yüksəldiləcəkdir. Məqsəd təsərrüfat hesablı mədəniyyət müəssisələri yaratmaqdır.

Müasir tipli müəssisələrdə işləmək üçün, yüksək ixtisaslı kadrlar lazımdır. Bu gün respublikanın Dövlət Mədəniyyət İncəsənət Universitetində, Mədəni-Maarif Texnikumunda, mədəniyyət müəssisələrində işləmək üçün kadrlar hazırlanır, lakin onların praktiki hazırlığı çox aşağı səviyyədədir. Yaxşı olar ki, həmin gənclər nəzəri biliklə yanaşı, təhsil müddəti dövründə mədəniyyət müəssisələrində təcrübə əldə etsinlər.

Əlikram müəllimin qənaətinə görə, yeni mədəniyyət mərkəzlərinin yaradılması özfəaliyyət kollektivlərinin, dərnəklərin, xüsusi kursların, əhalinin asudə vaxtının səmərəli təşkili kimi mühüm vəzifənin yerinə yetirilməsinə imkan verəcəkdir. Bu, müasir tələblər baxımından çox vacib olan, həm sovet dövründən qalma funksional bölgüsünün yenisi ilə əvəzlənməsi zərurətini ortaya çıxarır. Mədəniyyət müəssisələrinin adlarında edilən dəyişikliklər zahiri, yaxud dəb xarakteri daşımayacaq, eyni zamanda onların rolunun, funksiyalarının artırılmasına imkan yaradacaqdır. Məsələn, indiyədək işlədilən, həvəskar birlik mənasını verən "klub" sözü mədəniyyət müəssisələrinin üzərindən götürüləcək, həmin müəssisələr mədəniyyət turizm mərkəzləri kimi fəaliyyət göstərəcəklər.

Avqust ayının 1-dən etibarən Bakı şəhərində yerləşən kitabxanalar şənbə-bazar da daxil olmaqla hər gün işləyir, işçilərin istirahəti sürüşkən qrafiklə təmin edilir. Oxucu cəlb etmək məqsədilə bu günün tələbinə uyğun mövzularda tədbirlərin təşkili nəzərdə tutulur.

Əlikram Əliyevin sözlərinə görə, mədəniyyət müəssisələrinin ayrı-ayrı sahələri üzrə ən yaxşı işçilərin müsabiqələri təşkil ediləcək onlar mükafatlandırılacaqlar.

Hələlik müxtəlif nominasiyalar üzrə beş ən yaxşı mütəxəssisin seçilməsi nəzərdə tutulur. Sonralar bu layihə genişləndiriləcək.

Son illər Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizin inkişafı onun dünyada tanıdılması istiqamətində gördüyü işlər bizim hər birimizi daha təşəbbüskar yaradıcı olmağa sövq edir.

Hər bir cəmiyyətin formalaşmasında mədəniyyətin rolu danılmazdır. Qədim tarixi köklərimiz, mədəniyyətimiz var. Gəlin mənəviyyatımızı saflaşdıraq, mədəniyyətimizi yüksəldək ki, bir xalq kimi həmişə yaşayaq, irəli gedək...

 

Respublika.- 2008.- 17 sentyabr.- S. 6.