Məhərrəmova T.
“Biz
özümüz də tələb olunmamış nəsilik”
Elnarə Dadaşova, Əməkdar
incəsənət xadimi:
"Bütün
ağrı-acılarımız biganəlikdən
başlayır”
Elnarə Dadaşova görkəmli
bəstəkar Qara Qarayevin sinfini bitirib. Elə həmin vaxtdan
Musiqi Akademiyasında həm nəzəri, həm də
yaradıcılıqla bağlı fənlərdən dərs
deyir. Bəstəkar kimi yaradıcılığında
çox şeyə nail olsa da, bugünkü həyatını
yaradıcılıqdan qoparılmış vaxtlar hesab edir.
E.Dadaşova söhbətimiz zamanı bunu maliyyə problemi,
musiqi aləmində yaranan xaosla əlaqələndirdi.
- Bir bəstəkar kimi
əsərlərinizin ifasından razısınızmı?
- Demək olar
ki, bütün plenumlarda, qurultaylarda və konsertlərdə
ifa olunuram. Xaricilər əsərlərimlə daha çox
maraqlanırlar. Əlbəttə, dünya üzrə səni
seçirlərsə, bu, sınaqdan üzüağ
çıxmaq deməkdir. Hazırda mən Rusiya, Almaniya,
Amerika, Türkiyə, İtaliya və s.
ölkələrdə ifa olunuram. Bu o demək deyil ki,
özüm bu əsərləri harasa təqdim
eləmişəm. Sadəcə, bu, yəqin ki, bir taledir.
Gəlib arayıb-axtaranda mənim əsərlərimi
seçiblər. Demək olmaz ki, əsərlərimi
məxsusi kiminçünsə bəstələmişəm.
Adi yaradıcılıq peşəmlə bağlı olaraq
müraciət etdiyim yanrlardır. Aprel ayında Almaniyada
keçirilən Azərbaycan mədəniyyət
günləri çərçivəsində orqan
üçün yazdığım
"Süsən-sünbül" xalq mahnısına variasiyalarım
ifa olunub. Əsər çox gözəl
qarşılanıb. Diskimin təqdimatı da
keçirilməli idi. Ancaq buna imkan olmadı. Əsərimin
Almaniyada ifa olunması çox fərəhləndirici
haldır. Əslində, beş Azərbaycan
bəstəkarının əsərləri ifa olunmalı idi.
Ancaq proqrama Nazim Əliverdibəyovla mənim əsərim
salınmışdı. Bu, stimuldur. Bəstəkar
yazdığının boşa getmədiyini
görəndə daha da fərəhlənir.
- Siz özünüz də
konsertdə iştirak elədinizmi?
- Çox
təəssüf ki, maddi imkan olmadığı
üçün konsertdə iştirak edə bilmədim.
Almanlar da əsərin bəstəkarının konsertdə
iştirak etməməsinə
təəccübləndilər. Çünki dəvət
göndərilmişdi. Çox istərdim ki, gələcəkdə
belə dəvətlərin reallaşmasına şərait
yaradılsın. Biz mədəniyyətimizlə
tanınırıq. Ancaq bizdə mədəniyyətə bir
az gözucu baxırlar. Bəstəkarın əsəri ifa
olunacaqsa, onun həmin konsertdə iştirakı vacibdir.
Çünki canlı ünsiyyətdə olanda xarici
millətlərdə bizim haqqımızda aydın təsəvvür
yaranır. Ermənilər belə məqamlardan çox
məharətlə istifadə edirlər.
- Fransanın "Salamander"
nəşriyyatı əsərlərinizi çap
üçün götürmüşdü. Nəticəsi
necə oldu?
-
Mənimlə Cəlal Abbasovun əsərlərini çap
etmək üçün götürmüşdülər.
Onu bilirəm ki, Cəlalın əsərlərini çap
ediblər və orada satışa qoyulub. Mən də öz
əsərlərimin taleyi ilə maraqlanmalıyam. Bu
barədə dəqiq məlumatım yoxdur. Çox pis
haldır ki, əsərlər gedir, aqibətini bilmirik. Bu,
sistemli şəkildə qurulmalıdır.
Təşkilatçılıq olmalı, bu iş sivil qaydada
həyata keçməlidir. Biz bu işdə
atılmış uşaqlar kimiyik. Həmin nəşrlər
bizdə izlənilmir.
- Demişdiniz ki, irihəcmli bir
sıra əsərləriniz ifasını, baletiniz də
səhnə təcəssümünü illərlə
gözləyir.
- Mən Qara Qarayevin
bəstəkarlıq sinfini bitirib susan insan deyiləm.
Yazıb-yaradan insanam. Ancaq eyni zamanda, acınacaqlı
nöqtələr də var. Bu axına düşmək bir
qədər çətin olur. Fakturasına görə
müəyyən məşq tələb edən
əsərlər haradasa ifaçıları qorxudur. Amma
yenə ümidimi qırmıram, bilirəm ki, ifa
olunacağam. Keçən ilin iyun ayında -
Bəstəkarlar İttifaqının Qurultayında mən bu
məsələni qaldırdım. Əlbəttə,
tək özüm üçün yox, bütün
bəstəkarların problemi kimi. Əbülfəz
Qarayev özü üçün qeydə aldı. Bir
müddətdən sonra "İki saylı
simfoniya"mın ifası diriyora həvalə olundu. Ancaq
əsərin yalnız iki hissəsini ifa etdilər. Çox təəssüf ki, 32 ildən sonra
əsərimin ifasını yenə də tam
şəkildə eşidə bilmədim. Düzdür,
əsər çətin əsərdir. Vaxtilə Qara Qarayev
də demişdi ki, "Bu, Azərbaycan musiqisində yeni
sözdür, ifası da çətin olacaq". Eləcə
də "Sayalı" adlı baletim hələ də
səhnə təcəssümünü gözləyir.
- Bu gün
bəstəkarların çoxu sizin kimi çap olunmaqdan
şikayətlənir. Maneələr yalnız maliyyə
ilə bağlıdır?
- Yalnız maliyyə ilə...
Bəstəkarlar İttifaqında müəyyən
şöbələr var: hər hansı yanrda əsər
yazmısansa, gəlib özünü göstərə, sınaqdan
çıxara, hətta rəy də ala bilərsən. Amma bunun
arxasında maliyyə problemi duracaq. Onların ifası,
çapı üçün müəyyən pul
ödəməlisən. Bu isə bu gün
problemdir. Gəlin, açıq danışaq, bizim
axı məvacibimiz də çox aşağıdır.
Hətta əməkhaqları qaldırılandan sonra da
çox aşağıdır. Bir bəstəkar,
müəllim olaraq xarici görkəminə də fikir
verməli, oxumalı, konsertlərə getməlisən.
Susursansa, bu o demək deyil ki, həyatından razısan. Əgər kimsə susursa, "yəqin bu onu
birtəhər qane edir" - deyə
düşünürlər. Susuruqsa, bu o demək deyil
ki, biz qaneyik. Biz reqresə doğru gedirik. Bu barədə düşünmək
lazımdır.
- Sizcə nə
üçün klassik musiqi, ciddi mahnılar yazan
bəstəkarlar kölgədə qalıb, ancaq hansısa
bayağı mahnılar yazanlar bu gün daha çox
populyardır?
- Yenə də səbəb
maliyyədir. Əgər siz öz bayağı mahnınızı
bayağı ifaçı ilə də təmin edir, hardasa
bir studiyanın pulunu ödəyə bilir, o mahnını
ortaya çıxarmaq üçün kompyuter vasitəsilə
abra salır və sonra efiri də müəyyən yollarla
əldə edə bilirsinizsə, onda dinləyici də sizin
olur. Dinləyici bununla da qane olur və elə bilir ki,
olan budur.
Hələ qədim yunanlar
tərbiyəni musiqi ilə başlayırdılar. Elə
məqamlar var idi ki, onları yaxına buraxmırdılar.
Çünki bu, körpəni formalaşmaqda kasad eləyə,
hardasa onun ruhuna pis təsir edə bilərdi. Amma biz
körpədən böyüyə qədər hamını
başlı-başına buraxmışıq. Onlar
nəyə qulaq asır, nəyə baxırlar? Biz romansa, mahnıya söz seçmək
üçün nə qədər kitabı ortaya
tökürdük. O söz səni hər mənada qane
etməli idi. İndi söz heç bir şey
olub. Ağızlarına gələni yazıb-oxuyurlar. Nə
məntiq, nə tərbiyə, nə də estetik
münasibət var. Bu mənada müasir gənclərimizə
yazığım gəlir. Bacardığımız
sahədə nəsə edirik, ancaq bu, çox məhdud bir
çərçivədir. Tələbə də getdikcə
azalır, ümumi səviyyə aşağıdır. Musiqi
və digər incəsənət növləri əsasən
daxildə olan qabiliyyətdir. Bilirsinizmi, bizdə
düşüncə formalaşmayıb. Bizə elə
gəlir ki, bir anın içində hər şey
düzəlir, ancaq elə deyil. Hər şeyin bir anın
içində düzəlməsi üçün bizim
üzərimizdə illərlə əziyyət
çəkilib. Uşaqlıqda film-operalara qulaq asmışıq.
Elə dahiyanə insanlarla oturub-durmuşuq ki... Bizim
müəllimlər əsl fədailər idi. Musiqi
aləminə özbaşına gəlməmişik, nə
qədər insanın üstümüzdə əziyyəti
var. Məhz onun nəticəsidir ki, musiqimizdə də
sözümüzü deyə bilirik. Yeniyetmələrimiz,
gənclərimiz, istedadlı uşaqlarımız çoxdur.
Amma onlar hansı əllərdədir? Nə üçün
istedadlı gənclərimiz bu gün tələb
olunmamış kimi qalsın? Biz
özümüz də tələb olunmamış nəsilik.
Məgər bizdən lazımınca istifadə etmək
olmazdımı? Ona görə də bu boşluğu
imkanlılar doldurur. O da düşünmür ki, axı
mən kiminsə mənəviyyatını korlayıram.
Düşünmür ki, onun qəlbində, şüurunda
elə bir iz buraxır, bəlkə də onu kimsə
dərhal öldürsəydi, az günaha batardı, nəinki
saatlarla, dəqiqələrlə, günlərlə onun
şüuruna bu cür təsir edilir. Bəzən
fikirləşirlər ki, mahnıdır da, uçub getdi...
Ancaq elə deyil. Təsəvvür edin, bir məclisdə
oturmusunuz, bir mahnı çalınır və bu sizin ruhunuzu
oxşamır. Ancaq birdən elə musiqi çalınır
ki, qol götürüb oynamaq istəyirsiniz. İnsanlar Pifaqor
dövründən bu təsirdən düzgün istifadə
edərək çox gözəl nəticələr
əldə ediblər. Bu barədə çox
ciddi düşünmək lazımdır.
- Sizcə
çıxış yolu nədədir?
- Mənə
elə gəlir ki, ən yaxşı ənənələr
bərpa olunmalıdır. Mədəniyyət evlərimiz var,
məktəblərdə dərnəklər ola bilər.
Məvaciblər artırılmalıdır. Dolanmaq
üçün bir neçə yerdə işləməli
oluruq. Bəzən elə yerdə işləyirik ki, o,
heç bizim yerimiz deyil. Bizdə dəyərli insanın
qiymətini ölümündən sonra versələr,
böyük şeydir. Biz Üzeyir bəy, Qara Qarayev kimi
dühaları lazımınca dünyaya çatdıra
bilmirik. Heç öz içərimizdə onları bilən
yoxdur. Bəzən tələbələrimiz
içərisində onları qarışdıranlar olur. Bu,
faciədir. Yadınızdadırsa, Böyük Vətən
müharibəsi illərində yubileylər keçirilir,
əsərlər ifa olunur, səhnəyə
çıxarılırdı. Onda insanları böyük
ideya birləşdirirdi. Alver nə qədər olar?
Millətin əsl şairi, müğənnisi, akademiki
olmalıdır. Belə gedişlə biz heç nəyə
nail olmayacağıq. Olanı da itirəcəyik. Bəlkə
heç o vaxt da ayılmayacağıq ki, bütün
folklorumuz da başqasının adına yazılacaq. Necə
ki, torpaqlarımız başqasının əlindədir.
- Heç şübhəsiz, itib
gedən mənəviyyatı sonradan bərpa eləmək
çox çətindir. Ancaq bu mənəviyyatdan xırdaca
bir işartı da qalıbsa, bəlkə onun uğrunda
mübarizə aparmağa dəyər. Sizcə bu prosesdə
yaxşı musiqinin rolu nə ola bilər?
- Çox
böyük... Mənəviyyat elə musiqidən,
sözdən başlamalıdır.
Düşünülməmiş sözlərə qanad
verilmiş bir əsərlə kiminsə şüurunu
korlamağa heç kəsin ixtiyarı yoxdur. Bu
vəziyyətə çox acıyıram və
düşünürəm ki, danışmaqla heç nə
düzəlməyəcək. Ancaq qlobal işlər
görülməlidir. Nə qədər geciksək, bir o
qədər bütöv bir nəsli itirmiş olarıq. Biz
öz mentalitetimizə arxalanmalıyıq. İnsan öz dilində,
öz ana südü ilə bəhrələnərək
yaşa dolmalı və onu gələcək
nəsillərə ötürməlidir. Ancaq biz
nəsillərdən-nəsillərə
ötürülən zənciri itiririk.
- Siz "Fonoxrestomatiya"
kitabının nəşri üçün Təhsil
Nazirliyinə müraciət etmişdiniz. Müsbət cavab ala
bildinizmi?
- Mən
Bəstəkarlar İttifaqının uşaq musiqi
bölməsinin sədri kimi bu təşəbbüsü
irəli sürdüm. Çox təəssüf ki,
ünvanladığımız məktuba rədd cavabı
gəldi. Bu dərslikdə dünya mədəniyyətinə
məxsus incilər toplanacaqdı. Dərslik bağçadan
başlayaraq orta məktəbə qədər
şagirdləri əhatə edəcəkdi. Təhsil nazirinin
də bilavasitə bu işə marağı olmalıdır.
Kitabın nəşri üçün 20 min manat pul
lazımdır. Bu, çox böyük məbləğ deyil.
Ancaq nazirlik bildirdi ki, hələlik imkanımız yoxdur.
Sponsorlara müraciət etmək məcburiyyətində
qalmışıq.
Bizdə
bütün ağrı-acılar biganəlikdən
başlayır.
Kaspi.- 2008.- 3 sentyabr.- S. 14.