Məhərrəmova T.
Tamaşaçı mahnı
üçün darıxmalıdır
Mehri Arifqızı, kamança
ifaçısı: Arzum gələcəkdə nə Xalq
artisti olmaq,
nə də hər gün efirdə
görünməkdir
Gözünü dünyaya
açandan ata-anasının kamançada
çaldığı muğamların, xalq musiqisinin
səsini eşidib. Kamanın incə, kövrək səsi
ilə yuxuya gedib. Bu səsin sədası altında
böyüyüb. Anası məşhur
kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova və
atası Musiqi Akademiyasının xalq musiqisi tarixi və
nəzəriyyəsi kafedrasının əməkdaşı
Arif Əsədullayev özləri də hiss etmədən
qızlarını öz sənət yollarına
istiqamətləndiriblər. Mehri də ona
nağıllar qədər maraqlı görünən bu yolun
cığırına düşüb. Hazırda bu gənc
qız Milli Konservatoriyanın müəllimidir. Uşaqlıqdan
sehrinə düşdüyü sənətin
nəzəriyyə və təcrübəsini
həvəslə tələbələrə öyrədir.
Mehri Arifqızı həmçinin ifaçılıq
sənətini seçməsini ata-anasının istəyi
ilə deyil, öz arzusu ilə olduğunu bildirir:
-
Valideynlərin istəyi o zaman yaranır ki, uşağın
musiqiyə həvəsi olur. Əgər mənim musiqiyə
həvəsim varsa, niyə də onlar bunu
istəməsinlər, istedadı öldürsünlər?
Düzdür, çox valideyn deyir ki, mən
musiqiçiyəm, istəmirəm övladım da
musiqiçi olsun. Hər şey uşağın
özündən asılıdır. Valideynlərimin
istəməyi ondan irəli gəldi ki, mən 3-4
yaşımda musiqini sevdim. Özüm də hər uşaq
musiqisini yox, "Sənsiz" romansını oxuyurdum. Hər
gün də atamdan maraqla: "Qara Qarayev böyük
bəstəkardır, yoxsa Üzeyir Hacıbəyov" -
deyə soruşurdum. Atam da deyirdi ki, müqayisə etmək
lazım deyil, musiqidə hər bəstəkarın öz rolu
var.
- Uşaqlıq həvəsiniz sizi
hara gətirib çıxardı?
- III sinfə
qədər 267 saylı məktəbdə, IV sinifdən
isə Bülbül adına orta ixtisas musiqi
məktəbində oxumuşam. Bülbül
məktəbində əvvəlcə fortepiano sinfində
oxudum, sonra bu məni qane eləmədi. Çünki
uşaqlıqdan kamançanın səsinə öyrəşmişdim.
Atam-anam çalanda o səs mənim ilk laylam olmuşdu. Dedim
ki, məni də kamança sinfinə yazdırın.
Beləliklə, Bülbül məktəbində kamança sinfinə
gəldim.
1996-cı
ildə kamança üzrə respublika müsabiqəsi
keçirilirdi. Onda kamança üzrə III sinifdə idim.
Müsabiqədə münsiflər heyətinin sədri Vasif
Adıgözəlov və başqa hörmətli
müəllimlər idi. Müsabiqəyə yaşım
çatmırdı. Vasif müəllim icazə verdi və
həmin müsabiqədə birinci yerə layiq
görüldüm. Sonra Sadıqcan adına tar-kamança,
kanon müsabiqəsi keçirildi. Həmin
müsabiqədə əsasən yaşlı
musiqiçilər iştirak edirdi. Orda ikinci yeri tutdum.
Oxumağıma
gəlincə, "Bura Vətəndir"
müsabiqəsində iştirak etdim. Həmin
müsabiqədə əsasən vətənpərvər
mahnılar oxunurdu. Mən
orda "Azərbaycan, ana torpaq" balladası ilə ikinci yer
tutdum. Birinci yerə isə Azər Zeynalov layiq
görüldü. Daha sonra muğam
müsabiqələrində iştirak etmişəm.
Bülbül məktəbini
bitirəndən sonra Musiqi Akademiyasının kamança
sinfinə - anamın sinfinə daxil oldum. Muğamı, notu
onun sinfində oxudum. Daha sonra Fəxrəddin Dadaşovun
sinfinə keçdim.
- Belə
demək olar ki, ilk musiqi müəllimləriniz ata-ananız
olub?
- Tam əminliklə deyə
bilərəm ki, belədir. Bu müəllimlik
evdən gəlib. Ata-anam musiqinin çox ciddi bir
sahəsi ilə məşğul olurlar. Əgər
onların evində böyümüşəmsə, bu
belə də olmalı idi.
- Atanızın,
yoxsa ananızın musiqisini daha çox sevirsiniz?
- Valideynlərim olduğu
üçün demirəm, hər ikisi məni qane edir. Bir
ifaçı olaraq daha çox tanınan, populyarlıq qazanan
anamdır. Ancaq anam ifaçılıqla məşğuldur.
Atam isə bunun elmi ilə məşğuldur. Atam da
vaxtilə ifaçılıq edib. İndi
isə muğamın düzgün tədrisi, təhlili ilə
məşğuldur.
-
Şəfiqə xanımın çalğısı ilə
öz ifanız arasında hansı fərq və
oxşarlıq görürsünüz?
- Fərq çoxdur. Mənim
təcrübəm o qədər deyil. Onun valideyni musiqiçi
olmayıb. Bu məndə müsbət
haldır. Ancaq mən buna müsbət hal kimi
baxmıram. Anam keçdiyi məktəbi mən
görməmişəm. Fikirləşirəm, musiqiçi
övladı olmaq çox çətin və məsuliyyətlidir.
Oxşar cəhət də odur ki, uşaqlıqdan beynimdə
şüuraltı onun üslubu, münasibəti,
baxışı qalıb.
- Çox nadir
hallarda ifaçı həm də oxuyan olur. Bunların ikisi
də sizdə vəhdət təşkil edir. Gözəl
səs də sizdə kökdən gəlmədir?
- Bu da təbiidir. Atamın
dayısı rəhmətlik Nəriman Əliyev
xanəndələr içərisində yeganə
Əməkdar müəllim olub. O, ölkəmizdə olan
xanəndələrin 80 faizinin müəllimi idi. Alim
Qasımov, Ağaxan Abdullayev, Gülyaz və Gülyanaq
bacıları, Səkinə İsmayılova, Canəli
Əkbərov və başqaları onun
tələbələri olub. Səs bəlkə ondan
gələ bilər. Anamın yaxşı səsi olmasa da, ürək
oxşayan avazı var. Mənim səsim muğam səsi deyil.
Ancaq mahnı yanrında oxuya bilirəm.
- Sırf
müğənni kimi fəaliyyət göstərmək
istərdinizmi?
- Əvvəllər
istəyirdim.
Ancaq gördüm ki, indi müğənnilərin
hamısı şou-biznesdədir. Bu isə
məni qane eləmir. Ekrandan, televiziyadan, onların
ailələrindən görürəm ki, şou-biznesdə
nə qədər maraq, inkişaf varsa, bir o qədər
də kəm-kəsir var. Onlar ekrana çıxıb
geyimlərini nümayiş etdirirlər. Sənət isə
kənarda qalır. Bir müğənni bütün kanallarda
və ya restoranlardadır. Bu
təkrarçılıq maraqsızlıq yaradır.
Qoymurlar ki, tamaşaçı mahnı üçün
darıxsın. İnsanı bezdirənə
qədər bir mahnını oxuyurlar. Mən
istəyirəm ki, müğənni gözlənilsin,
arzulansın, onu görəndə tamaşaçının
gözü doymasın.
- Mən bilən
Adil Bağırovun rəhbərlik etdiyi "Xatirə"
xalq çalğı alətləri ansamblı ilə
mahnılar da yazdırmısınız.
- Atam, anam, dayım və Adil
Bağırov uzun illər bir yerdə - Əhsən
Dadaşovun rəhbərlik etdiyi ansamblda çalıblar. Sonra
dağıldılar, hərə öz işi ilə məşğul
olmağa başladı. Adil müəllim indi həmin
ansamblın rəhbəridir. O məni burda gördü və
dedi ki, səsini eşitmişəm, xoşuma gəlir.
Gəl, gözəl bəstəkarlarımızın
mahnılarını da lentə yazdıraq. Mən də
razılaşdım. Bir neçə mahnı, əsasən
də klassik bəstəkarların mahnılarını yazdırmışam.
Bu sırada Səid Rüstəmovun mahnıları çoxluq
təşkil edir.
-
Tanınmış ifaçıların sizin ifanız
haqqında rəyləri necədir?
- Bu mənimçün daha
məsuliyyətlidir. Əgər bir istedadlı
oğlan və ya qız görürlərsə, onun
ata-anasının musiqiçi olmasına baxmırlar.
Sadəcə, onun işindən qane olurlar. Amma bizim
ailəmizdə söhbət musiqidən gedir. Ona görə
mənim məsuliyyətim daha böyükdür. "Bu,
Şəfiqənin, Arifin qızıdır. Bu, belə də
olmalıdır" - deyə çoxu normal baxır.
Tələbə müəllimindən də güclü
olmalıdır, yoxsa inkişaf ola bilməz. Bəziləri
deyir ki, nə olar, Şəfiqənin qızıdır, bu,
istedadsız da ola bilərdi. Çox adam sənətə
uşağını gətirir və onun adından
istifadə olunur. Ad olur ki, hamısını
uşağın özü edir.
- Yaxşı
ifaçı olmaq üçün sizcə hansı
keyfiyyətlərə yiyələnmək lazımdır?
- İfaçı o
aləmə elə girməlidir ki, orada artistlik bilinməsin. İfaçılıq
səmimiyyət istəyir. Oxuyanda, çalanda
doğrudan da obrazda olursan. Ancaq obraza girdiyini hiss
etdirməməlisən. İfaçılıq
üçün bacarıq lazımdır. Çünki
hər oxuyandan Molla Pənah olmur. Hər əlində mikrofon
tutan oxuyan deyil. Yaxşı ifaçı olmaq
üçün ilk növbədə bacarıq, istedad,
zəhmət lazımdır.
- Musiqi
Akademiyasını bitirib artıq üçüncü ildir
ki, orada müəllim kimi çalışırsınız.
Pedaqoyi iş asandır, yoxsa ifaçılıq?
- Ciddi yanaşanda hər iş
çətindir. Barmaqarası yanaşanda isə hər
şey asandır. Tələbələrlə
çalışmaq əlbəttə, pis deyil.
Xoşagələn tələbə isə azdır.
- Siz
özünüz necə tələbə olmusunuz?
- Kimdən soruşsanız təsdiq
edər ki, mən əla tələbə olmuşam. Amma yeri
gələndə tənbəl idim. Yəni
əhval-ruhiyyədən asılı olardım. Ancaq onu deyim
ki, mən musiqiyə aid olmayan sənətkar da olsaydım,
yenə də musiqi ilə məşğul olardım.
-
Kamançanın gələcəyini necə
görürsünüz: etibarlı əllərdədirmi?
- Bir alət ki, millətin qanından
gəlir, o, etibarlı əllərdə olmalıdır.
Bilirsiniz ki, kamança başıbəlalı alətdir.
Vaxtilə onu ermənilər də çalıblar. Bu gün kamança demək olar ki, etibarlı
əllərdədir. Ancaq vay o gündən ki, bundan
sui-istifadə etsinlər. Düşünməsinlər ki,
yüz il sonra da belə olacaq.
- Solo
fəaliyyətlə necə, məşğul olursunuzmu?
- İyul ayında
Türkiyəyə səfərim oldu. Türkiyənin orkestri
ilə solo çaldım. Açıq havada keçirilən
konsert tamaşaçılar tərəfindən böyük
maraqla qarşılandı. Yenə də planlar var.
-
Türkiyədə kamança alətinə nə
qədər maraq hiss elədiniz?
- Onlar kamançanı çox
yaxşı qəbul edirlər. Ancaq türklərdə
kamançaya çox nadir hallarda rast gəlinir. Daha çox
bizim çalmağımızı xoşlayırlar.
"Nə qədər çalışsaq da, sizin kimi
çala bilmərik" - deyirlər.
-
İfaçı kimi hansı ansamblda
çalışırsınız?
- Xalq artisti
Ağasəlim Abdullayev məni "Araz" xalq
çalğı alətləri ansamblına dəvət
etmişdi. Ancaq mən o vaxt tələbə olduğumdan
çatdıra bilmədim. Əlbəttə, ansamblda
çalışmaq hər bir musiqiçi üçün
yaxşı məktəbdir. Ancaq elə bil bu mənə
azlıq elədi. Hər kəs istəyir ki, solist olsun. Amma bu da hər kəsə
nəsib olan bir şey deyil. Elə musiqiçilər var ki,
ansamblda, eləsi var ki, solist kimi, eləsi də var ki,
"trio"da uğurlu çıxış edir. Mən bir
neçə ildir ki, Səid Rüstəmov adına Xalq
Çalğı Alətləri Orkestrində
çalışıram. Onu da qeyd edim ki, mənə uyğun
iş olmadığı üçün bu ansambla gedirəm.
-
Həyatınız yalnız musiqidən ibarətdi? Yoxsa
başqa məşğuliyyətləriniz də var?
- Şəkil
çəkməyi də çox xoşlayıram. Bunu anam da, dayım da, xalam
da bacarır. Yağlı boya ilə yox, karandaşla
çəkirəm. Bir az abstrakt formanı xoşlayıram.
Halbuki musiqidə bunu sevmirəm. Musiqidə
aydınlığı, şəffaflığı, konkretliyi
sevirəm. Oturub özüm üçün nəsə
tapıram. Bir də mütaliəni sevirəm.
-
Sənətlə bağlı arzularınız nədir?
- Tam səmimi deyirəm, arzum
gələcəkdə nə Xalq artisti olmaq, nə də
hər gün efirdə görünməkdir. Mənim
anlamımda efirə hərdən çıxmalı və
tamaşaçıların yaddaşında qalmalısan. Arzum
valideynlərimə, ölkəmizin adına layiq musiqiçi
olmaqdır. Xaricdə ölkəmizi ləyaqətlə
təmsil etmək, özümü hərtərəfli
doğrultmağı arzulayıram.
Kaspi.- 2008.- 26 sentyabr.- S. 12.