Dirijor Əyyub Quliyev Uşaq
vaxtı yaman iddialı idim
-
Mənim uşaqlığım hamının bildiyi, qəbul
elədiyi formada keçməyib. Uşaqlıq
deyəndə dostlarla, yoldaşlarla məhəllədə
oynanılan oyunlar, uşaqlara xas maraqlı
əyləncələr yada düşür. Amma mənim
uşaqlığım bir qədər fərqli idi.
Çünki vaxtımın əsas hissəsi erkən
uşaqlıqdan musiqiyə, sənətə sərf olunurdu.
Əsas vaxtımı tarla keçirmişəm.
Yadımdadır ki, uşaq vaxtı yaman iddialı idim. Elə
bilirdim ki, hər şey istədiyim kimi olacaq. Bir dəfə
xaricdən qonaqlarımız vardı. O zaman mənim tarla
məşğul olduğum ilk aylar idi. Özümdən yaman
razı idim. Qonaqlardan biri mənə sual verdi ki, sən
yaxşı tar çalırsan, yoxsa atan Ramiz müəllim? Cavab verdim ki, düzdür, Ramiz müəllimin
təcrübəsi çoxdur, amma mən uşaq olsam da, ondan
daha yaxşı çalıram". Əlbəttə, bu bir
uşağın sadəlövh fikri idi. İllər
keçdikcə mən öz fikrimdə nə qədər
yanıldığımı anladım. Çünki Ramiz
Quliyevin sənəti o qədər ucadır ki, nəinki
onu ötmək, ona çatmaq belə mümkünsüz
görünür.
Uşaqlıqda çox da dəcəl
olmamışam. Qardaşım məndən dəcəl idi.
Ailədə narahatçılıq yaratmamışam,
verilənə qane olmuşam.
Minnətdarlıqla
qeyd edim ki, valideynlərim həm mənə, həm də
qardaşıma yaxşı təhsil almaq üçün
maksimum şərait yaratmağa çalışıblar. Valideynlərim
məni hansısa bir işi görməyə məcbur
etməyiblər, qadağa qoymayıblar. Uşaqlıqda
mənə heç vaxt, əksər valideynlərin dediyi kimi,
"qapını bağla, get dərsini oxu, tarını
çal" - deməyiblər. Xatırlayıram ki, birinci
sinfə gedəndə bir az laqeyd olmuşam, amma ikinci sinifdən
sonra özüm valideynlərimin xatırlatması olmadan
dərslərimi hazırlayırdım. Ümumiyyətlə,
məsuliyyətli idim. Orta məktəbi əlaçı
attestatı ilə bitirmişəm. 15 yaşımda daxil
olduğum Bakı Musiqi Akademiyasının dirijorluq
fakültəsini də fərqlənmə ilə başa vurmuşam.
-
İlk növbədə atamı özümə ustad hesab
etmişəm. O, hər baxımdan - həm
müəllim, həm ata, həm insan kimi mənə
nümunə olub. Hər müəllim ustad olmur. Ancaq Ramiz
müəllimdə ustada xas bütün keyfiyyətlər
toplanıb. O, böyük sənətkar olmaqla yanaşı,
həm də böyük insandır. Onun sənət
dünyası həmişə mənim üçün kompas
rolunu oynayıb. Atamın fikirlərini, düşüncə
tərzini özümə başlıca meyar bilmişəm.
Gözümü açandan tarı görmüşəm,
böyük sənətkarın ifasını
eşitmişəm. Amma bununla yanaşı uşaqlıqdan
dirijorluğa həvəsim olub. Dirijorluq - böyük bir
kollektivi idarə etmək, insanların düşüncə
tərzinə nəzarət edib onlara təsir
göstərmək üçün xüsusi bacarıq
lazımdır. Bu daha çox insanların psixologiyası
ilə bağlı amildir. Yaxşı dirijor olmaq
üçün gərək həm də yaxşı psixoloq
olasan, insanlarla ünsiyyət qurmağı bacarasan.
Mənə elə gəlir ki, hələ bunun
öhdəsindən gələ bilirəm. Dirijorluğun
psixoloji tərəfi həmişə məndə
böyük maraq oyadıb. Atamın mənə alıb
gətirdiyi simfonik əsərlərə qulaq asanda bu
qədər musiqiçini bir nəfərin idarə etməsi
mənə çox təəccüblü gəlirdi.
Həmin vaxt xəyalıma elə gəlirdi ki, guya orkestri
idarə edirəm. Beləcə, məndə ideya yarandı və
ali təhsil almaq məqamı yetişəndə dirijorluq
fakültəsini seçdim. Bu, dünyaya çıxmaq,
Azərbaycanı beynəlxalq miqyasda tanıtmaq
üçün yaxşı şansdır.
-
Musiqiyə bağlılıq yəqin ki, mənə atamdan
irsən ötürülüb. Atamın əmisi
mərhum Həbib müəllim də musiqiyə bağlı
insan olub. Atama da ilk xeyir-duanı o verib. Ancaq özünə
qədər nəslimizdə professional musiqi ilə məşğul
olan yeganə insan atamdır. Bəlkə də ondan
bəhrələnməsəydim, bugünkü Əyyub ola
bilməzdim. Atamla yanaşı mənə dəstək olan
bütün insanlara özümü mənəvi baxımdan
borclu hesab edirəm. Xüsusilə mənə ilk xeyir-dua
verən ümummilli liderimiz Heydər Əliyevi
minnətdarlıqla xatırlayıram. Mərhum
prezident özü şəxsən yaradıcılıq
planlarımla, inkişafımla maraqlanardı. Hələ 14
yaşımdan sənət aləmində ilk addımları
atmağa başlayanda adımın Azərbaycanın gənc
istedadlarının "Qızıl kitab"ına
yazılması, elə həmin vaxtdan prezident təqaüdünə
layiq görülməyim gələcək inkişafım
üçün stimul verdi. İndi onun siyasi kursunun uğurlu
davamçısı hörmətli prezidentimiz İlham
Əliyev də gənc istedadlara xüsusi qayğı ilə
yanaşır. Bütün bunlar yaradıcı gənclik
üçün stimuldur. Yaradılan şəraitdən
səmərəli, ölkəmizin mənafeyi naminə
istifadə etmək lazımdır. Son bir neçə ildə
Azərbaycan musiqisində böyük inkişaf var, musiqi
sənətində irəliyə doğru önəmli
addımlar atılıb. Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevanın musiqimizin inkişafı
ilə bağlı gərəkli layihələrə
birbaşa dəstək verməsi bu sahədə
yüksəliş üçün təkan rolu oynayır.
Gənc istedadların özlərini realizə etmələri
üçün lazımi şəraitin olması
mədəniyyətimizin uğurlu gələcəyilə
bağlı əminlik yaradır.
-
Xaraktercə sadə, dərhal anlaşılan insan deyiləm. Adətən
musiqiçilərin, ümumən yaradıcı adamların
xarakterləri fərqli, təzadlı olur. Belə insanlar
onları anlaya, qavraya bilənlərlə ünsiyyətə
can atırlar. Amma bununla belə dostcanlıyam, insanlarla
ünsiyyət yaratmağı xoşlayıram. Dostlarım
azdırsa da, dostluğumla onların diqqətinə,
münasibətinə layiq olmağa çalışıram. Musiqiçilər
arasında dostlarım daha çoxdur. Eyni səhnəni
paylaşdığım insanlarla sonralar isti
münasibətlərimiz yaranır və bu
münasibətlər şəxsi dostluğa çevrilir.
İnsanların psixologiyasını öyrənməyi
xoşlayıram. Zənnimcə, hər insanda
öyrəniləsi nəsə var və bundan
görüb-götürmək faydalıdır. Ola bilsin,
Şir bürcündə doğulduğuma görədir ki,
liderliyi, insanları idarə edib irəli aparmağı,
öz düşüncə tərzini, ideyalarını
başqalarına təlqin etməyi xoşlayıram. Yəqin
ki, dirijorluğu seçməyimə Şir
bürcündə anadan olmağım da öz təsirini
göstərib. Bildiyimə görə, Napoleon və bir
çox böyük şəxsiyyətlər Şir
bürcü altında dünyaya gəliblər. Ailə mühitinə
çox bağlıyam. Ətrafımızda psixoloji
gərginliyin artdığı bir vaxtda
düşünürəm ki, ilk növbədə
ailədə sakitlik tapmaq mümkündür. Hər
cür problemdən qurtulmaq üçün ən
yaxşı istirahət məkanı ailəni hesab edirəm.
Özüm hələlik ailə qurmamışam.
Çünki hələ yaşımın elə
vaxtıdır ki, bu vaxtdan səmərəli istifadə
etməli, sənətimi inkişaf elətdirməliyəm,
cəmiyyətdə özümə yer tapmalıyam.
Ailənin mənəvi-maddi problemləri müəyyən
mənada yaradıcılığı məhdudlaşdıra
bilər. Ancaq bu o demək deyil ki, gec ailə qurmaq
lazımdır. İnşallah, cəmiyyətdə layiqli
yerimi tutandan sonra ailə qurmaq barədə
düşünərəm.
-
Müxtəlif hobbilərim var: gimnastikanı, idmanla
məşğul olmağı sevirəm. Bu sırada
xüsusilə bilyardın, tennisin adını
çəkərdim. Futbola fanat səviyyəsində olmasa da,
böyük rəğbətim var. Ən böyük hobbim
isə kitab və SD diskləri yığmaqdır.
Şəxsi kitabxanamda ədəbiyyata, rəssamlığa,
incəsənətə aid xeyli sayda nadir kitab və disk
toplanıb. Məşhur bəstəkarların lent
yazılarını dinləməkdən xüsusi zövq
alıram. Şəxsi avtomobilim olmasa da, ailəmizin maşınını
idarə etməyi çox sevirəm.
Dünyanın
bir çox ölkələrinin tanınmış
səhnələrində - Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının Böyük zalı,
Sankt-Peterburq Konservatoriyasının Qlazunov zalı,
Moskvanın "Rossiya", Londonun "Ron Xobbard" və
"Kensinqton holl", Norveçin "Siavanger konsertholl",
"Haakonshallen" salonları, Polşa, Baltik
ölkələri, Xorvatiyanın konsert zallarında
çıxış etmişəm. Konsertlərimin 95
faizi xarici ölkələrdə olur. Hərdən
təəssüflənirəm ki, ölkəmizdə az
çıxış edirəm. Arzum budur ki, Azərbaycanda da
simfonik orkestrlərin sayı çoxalsın və mən
də burada çıxış edim. İstedadımı,
biliyimi, enerjimi ilk növbədə doğma vətənim
üçün sərf etmək istəyirəm.
-
Xarici ölkələrdə maraqlı hadisələrlə
çox qarşılaşmışam. Amma
bir əlamətdar hadisə heç yadımdan
çıxmır, hərçənd ki, bu bir musiqiçi
üçün xoşagəlməz xatirədir: 1998-ci
ildə Londonda Azərbaycan Mədəniyyəti Günləri
keçirilərkən konsertdə mənə aid solo
parçanı ifa edərkən tarımın iki simi
birdən qırıldı. O iki simdə ifa olunacaq
hissəni ekspromt olaraq bircə simdə çalıb
birtəhər vəziyyətdən çıxdım. Amma
qabaq sırada əyləşən ingilislərin heyrət
dolu baxışları hələ də gözümün
önündədir. Belə hadisəylə atam da
dəfələrlə qarşılaşıb. Başqa bir
maraqlı hadisəni də danışım: Sankt-Peterburqun
Akademik-Filarmonik Orkestrilə çıxış edən zaman
necə oldusa əlim dəydi, eynəyim yerə
düşdü. Qarşımdakı partitutanı seçmirdim.
Qərara gəldim ki, çətin vəziyyətdən
fantaziyamın köməyi ilə çıxım və
əsərin qalan hissəsini partituranı görmədən
xəyalımın gücü ilə idarə edim.
- Yenicə Avstriyadan qayıtmışam.
Orada Vyana Dövlət Musiqi Universitetində
təkmilləşmə kursu keçirdim. "Vyana
gözəldir" demək hələ heç nə
demək deyil. Alp dağlarının füsunkar
mənzərəsi, daimi yaşıllıqlar buranın
təbiətinin füsunkar olmasına şərait yaradır.
Vyana təbiətən gözəl olduğu qədər
də dünya mədəniyyətinin ürəyidir,
mərkəzidir. Kimsə irad tuta bilər ki, bəs Paris? Bu
iki şəhər həmişə rəqabətdədir.
Ancaq şəxsən mənim üçün Vyana hər
baxımdan daha üstündür. Bu şəhər həm də
musiqi sahəsində böyük şəxsiyyətlərin
adları ilə məşhurdur. Qürur hissi
keçirirəm ki, dahi Motsartın, Bethovenin, Şubertin
yaşadığı bir ölkədə təhsilimi
artırmışam. Musiqiçinin həm
peşəkarlıq yönündən, həm də
mənəvi cəhətdən formalaşması
üçün Vyanada hərtərəfli şərait var.
Hər bir azərbaycanlı üçün böyük
fəxrdir ki, Avropada Üzeyir Hacıbəyovu, Qara Qarayevi,
Fikrət Əmirovu, Niyazinin və başqalarını
tanıyırlar, əsərlərini sevə-sevə
dinləyirlər. Xüsusən Üzeyir bəyin
"Arşın mal alan"ını, "Koroğlu"sunu
az qala əzbər bilirlər.
Vətənini
çox sevən bir insan olaraq, ən ümdə arzum
işğal altındakı torpaqlarımızın azad
edilməsidir. Avstriyada olarkən
təbiətin qoynunda orkestrlə birgə
çıxış edərkən arzulayırdım ki,
kaş Qarabağımız düşmən tapdağından
azad olunaydı, Şuşada, Cıdır düzündə,
gözəl təbiətimizin qoynunda biz də dünyanın
ən aparıcı orkestrlərinin ifasında Azərbaycan
musiqisini səsləndirəydik. Şəxsən
özümə gəldikdə, mən bu yolda,
Azərbaycanımızın inkişafı naminə həm
bir musiqiçi, dirijor, həm də bir əsgər kimi
əlimdən gələni etməyə hazıram.
525-ci qəzet.- 2008.- 13 sentyabr.- S. 22.