Samirə

“The Times”ın Alim Qasımov səsi

 

"Saçları bəyazlanmış kişi muzeyin günbəz formalı tavanına baxaraq oxumağa başlayır. Onun səsinin zil notları qızının səsi ilə birləşir. Adama elə gəlir ki, onlar, sadəcə, birlikdə oxumurlar, başqa bir dünya ilə əlaqə qururlar. Bu ifanın effekti möhtəşəmdir. Onun dinləyiciləri qədim poeziyanın təsiri altına düşürlər. 1973-cü ildə "Kronos Quartet" kvartetini yaratmış amerikalı skripkaçı Devid Harrinqton onun haqqında deyir: "Alim Qasımov - dünyanın ən yaxşı 5 səsindən birinə malikdir". Bu cümlələr Böyük Britaniyanın "The Times" qəzetinin məqalələrindən birindəndir. İngiltərənin rəmzlərindən birinə çevrilmiş nəşrin jurnalisti məqaləsinə belə bir ad verib: "Əvvəllər eşitmədiyiniz canlı əfsanə". Jurnalist Bakıya Alim Qasımovun "Kronos Quartet" musiqi kollektivi ilə nəzərdə tutulan birgə çıxışı barədə söhbət etməkdən ötrü səfər edib. Jurnalist məqaləsində qeyd edir ki, onların görüşü İpək Yolunun üzərində inşa edilmiş, indi muzey kimi fəaliyyət göstərən sarayda baş tutub. "Alim Qasımov həyatının böyük hissəsini muğamı dünya miqyasında tanıtmağa sərf edib. Muğam - mürəkkəb bədii ifadə formasıdır. Onun yaşı yüz illərlə ölçülür. Muğamlarda qədim fars musiqisinin elementləri Osmanlı imperiyası dövründə geniş yayılmış melodiyalar var. Muğamı məhəbbət poeziyası, sədaqət himni adlandırmaq olar. Muğam ifa edən musiqiçi öz qəlbinə, daxili aləminə üz tutur", - deyə ingilis həmkarımız yazır. "The Times"in müxbiri oxuculara ölkəmiz haqqında qısa məlumat da verir: "Azərbaycan Şərq ölkəsidir. Burda əhalinin 90 faizi müsəlmandır. Amma islam qaydalarına uyğun libas geyinmiş qadınlara Azərbaycanda nadir hallarda rast gəlinir. Azərbaycanın özünün "Cənubi Osetiya" var - Dağlıq Qarabağ. Orda ermənilər yaşayırlar". Britaniyalı jurnalist A.Qasımovun qızı, gözəl xanəndə Fərqanə Qasımovaya heyranlığını da gizlətmir. Onun hicab örtməsini səsinin Allah vergisi olmasını qeyd edir.

 

Həftə içi.- 2008.- 20-22 sentyabr.- S. 8.