Moldovanın milli bayramı şərəfinə
AzərTAc xəbər
verir ki, sentyabrın 11-də Moldovanın
Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Müstəqillik
günü münasibətilə
"Hyatt Regency" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Səfir İon Robu qonaqları salamlayaraq demişdir ki, Moldova və Azərbaycan dinamik inkişaf edir. Biz müstəqillik əldə etdiyimiz vaxt yaranmış iqtisadi böhranı geridə qoymuşuq, bu gün dövlətlərimizin
uğurlu inkişafı
ölkələrimizin yerləşdiyi
regionda sabitliyin mühüm amilidir.
Diplomat Moldova ilə
Azərbaycan arasında dostluq əlaqələrinin
möhkəmlənməsində dövlətlərimizin
başçılarının rolunu xüsusi
vurğulamışdır. İ.Robu əminliklə bildirmişdir
ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi
dostluq və əməkdaşlıq dövlətlərarası
münasibətlərimizin möhkəm
əsası olaraq bundan sonra da
ikitərəfli əlaqələrimizin
inkişafına və
möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə,
onların tərəqqisinə
xidmət edəcəkdir.
Milli Məclis
sədrinin müavini Valeh Ələsgərov Azərbaycan
Prezidenti İlham Əliyevin adından bayram
münasibətilə Moldova xalqını təbrik
edərək vurğulamışdır ki, Azərbaycan-Moldova
əlaqələri möhkəm təməl
üzərində qurulmuşdur, xalqlarımızın
dostluğu çoxəsrlik tarixə malikdir.
Valeh Ələsgərov
dost ölkələr olan Moldova ilə Azərbaycan arasında
gündən-günə genişlənən
əlaqələrdən məmnunluğunu bildirərək
demişdir ki, dövlətlərimizin
başçılarının qarşılıqlı
səfərləri, yüksək səviyyəli
görüşlər və danışıqlar ikitərəfli
münasibətlərin yüksələn xətt üzrə
inkişafına əlverişli zəmin yaradır.
Qəbulda Milli
Məclisin deputatları, hökumət rəsmiləri, xarici
ölkələrin Azərbaycanda akkreditə olunmuş
səfirləri iştirak etmişlər.
Azərbaycan.- 2008.-
12 sentyabr.- S. 3.