Təranə

 

Halal zəhmətlə qazanılan hər bir iş çox gözəldir

 

Uşaqlıqdan musiqi aləmində böyüyüb. Onu əhatə edən mühit Bəhram Mansurov kimi sənətkarlar, klassik ədəbiyyata bağlı adamlardan ibarət olub. Ata-anası, qohum-əqrəbası da muğamata yaxın adamlar idi. Onlar hər oxuyana, hər tarçalana qulaq asmazdılar. Cabbar, Seyid Şuşinski, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Hacıbaba Hüseynov kimi sənətkarlar və onlardan sonra gələn yeni nəsil xanəndələri xoşlayırdılar. Onların söhbətlərinə oturub qulaq asdıqca, muğamın ən xırda guşələri ilə bağlı gedən mübahisələrin şahidi olardı. Heç bir alətdən xəbəri olmayan, oxuyub-çalmağı bacarmayan, bunu şifahi qavrayan adamların dilindən həmin guşələrə, rənglərə münasibəti, klassik ədəbiyyatdakı qəzəllərin sətiraltı mənalarını eşitmək və s. onun üçün sirli bir aləm idi.

Tanınmış tarzən Valeh Qəhrəmanov musiqi ilə bağlı əhatəli savadının və biliyinin təsadüfdən əmələ gəlmədiyindən belə söhbət açır:

 - Əvvəlcə nağara çalmağa başlamışam. Sonra mənimçün qarmon aldılar. Qarmon da xoşuma gəlmədi. Sonra tar aldılar. Bir az tar çalıb, onu da atdım. Tara gəlişim çox gec - 17 yaşımda olub. İndi 17 yaşında professional tarçalanlar var. 20 yaşımda da Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olmuşam. Bibimgilə tez-tez gedib gələrdim. Görürdüm ki, onlar Zülfünün, Seyidin, Bəhram Mansurovun lent yazılarına qulaq asırlar. Onda Bəhram Mansurov sağ idi. Mən də istər-istəməz bu ruhla tərbiyələnirdim. Hər şeylə də maraqlanıb soruşanda, "əşi, bu, sən bilən şey deyil, başqa aləmdir" - deyirdilər. Mən də bu başqa aləmin içinə girmək istəyirdim. Ola bilsin ki, özümün də müəyyən fərdi xüsusiyyətlərim buna kömək edirdi. Çünki anam Nardarandan, atam Hövsandandır. Anam muğamatı çox sevirdi və onun gözəl səsi vardı. Atamın da gözəl səsi olub. Hələ bu yaxınlara qədər anamdan "Kəsmə şikəstə", "Qatar", "Orta Mahur, "Şahnaz"ı eşidirdim. Onların lent yazılarını saxlayıram.

Musiqi məktəbində oxuyanda gözəl muğam bilicilərindən olan Faiq Çələbiyevlə rastlaşdım. Mən Politexnik İnstitutunda, o isə Neft və Kimya İnstitunda oxuyurdu. Həmçinin 2 saylı İncəsənət məktəbində birlikdə təhsil alırdıq. O, tar çalmağımı eşidib, bir gün mənə yaxınlaşdı və "sən bu çalğını harda öyrənmisən?" - deyə soruşdu. Həmin vaxtlar o, Bəhram Mansurovgilə təzə-təzə gedib-gəlirdi. Mən ona cavab verdim ki, bu çalğını lent yazılarından öyrənmişəm. "Necə ola bilər, mən onun evinə gedə-gedə bu dərəcədə öyrənə bilməmişəm. Sən onu görmədən lent yazılarından necə öyrənmisən?" - deyə təəccübünü gizlətmədi. Anama tapşırmışdım ki, dükanlarda nə qədər plastinka görsəniz, alın, xüsusən də Bəhram Mansurovun plastinkalarını yığın. Az vaxtın içərisində mənim bir xeyli plastinkam yığıldı. Hal-hazırda 3000-dən çox plastinkam var. Mən də plastinkalardan öyrənməyə başladım. O vaxt Bəhram Mansurov, Hacıbaba Hüseynov, Tələt Bakıxanov üçlüyünü Hövsandakı toylarda tez-tez görürdüm. Ağlım kəsməyən vaxtlar Nardaranda aşıq Şakiri, Zülfünü, Seyid Şuşinskini də görmüşəm. Bu həvəsimi eşidən Bəhram Mansurov da mənimlə maraqlanırdı. "Gəlsin, bir dəfə o oğlana baxım" - deyə xəbər də göndərmişdi. Ancaq mən məktəbə daxil olmayınca, onun yanına getmək istəmirdim.

- Bəs necə oldu ki, Bəhram Mansurovun tələbəsi oldunuz?

 - Mən bu həvəslə Asəf Zeynallı adına texnikuma sənəd verdim. Dedim ki, əgər texnikuma qəbul olunaramsa, gələrəm. Yoxsa belə gəlməyim mənasızdır. Ancaq bilmirdim ki, Bəhram dayı pula həris adam deyil. İmtahan verib texnikuma daxil oldum. Aftandil Cəfərov adlı müəllimin mənə çox böyük köməyi oldu. Məndən imtahanı mərhum Rəşid Əfəndiyev və Əhməd Bakıxanov götürdü. "Nə çala bilərsən?" - deyə Əhməd müəlim soruşanda, "Nəva" - deyə cavab verdim. "Vay, vay, tələbə, "Nəva"? Mən başa düşmədim" - deyə Əhməd müəllim dilləndi. Mən "Nəva"nı Əhməd müəllimin üslubu ilə çaldım. Keçmişdə bütün tarzənlərin dəst-xətti vardı. Çalan kimi bilirdin ki, bu, Qurban Pirimov, ya Əhməd Bakıxanov, ya da Bəhram Mansurovdur. İndi isə texnika inkişaf etdikcə, hamısı eyni cür çalır, ayıra bilmirsən. "Nəva"nı çalmağıma görə texnikuma daxil oldum. Elxan Mansurovla da təzəcə dostluq etməyə başlamışdıq. Bir gün gəlib dedi ki, atam deyir, daha qəbul olub, gəlsin. Mən də onların evinə gəldim. Yoldaşı Münəvvər xanım məni çox gözəl qarşıladı. Bəhram müəllim gəldiyimi bilincə, o biri otaqdan boylanıb yumşaq səslə: "Bala, kimlərdənsən?" - deyə soruşanda da "Əmim Rza, Musarza" - deyə tanışlıq verdim. Sevincək: "Sən mənim qardaşım oğlusan ki" - deyə dilləndi. Bəhram müəllim çörək yeyə-yeyə birdən gəlib dedi ki, ver tarı ona, qoy bir çalsın, qulaq asım. Elxanın tarını çalmaq üçün mənə verdilər. Bəhram müəllim mətbəxdə oturaraq qapını aralı qoyub qulaq asırdı. Sonralar başa düşdüm ki, Bəhram müəllim əlimin səsinə qulaq asırmış. O, əlimdə səsin olub-olmadığını bilmək istəyirdi. Çünki əldə səs olmasa, Bəhram Mansurovun üslubunu çalmaq mənasızdır. O üslub dolu çalmağı xoşlayır, adi mizrab vuruşları ilə çalmağı xoşlamır. Səhv eləmirəmsə, mən "Segah" çaldım və o biri otaqdan Bəhram müəllimin "Əhsən! Əhsən!" deyən səsini eşitdim: "Daha nə çala bilərsən?" - deyə soruşanda "Bayatı-şiraz"ı da çaldım. Səhv eləmirəmsə, orda muğamların çoxunu çaldım. Mənimlə üzbəüz oturub yenə: "Daha nə çala bilərsən?" soruşanda "Nəva" - deyə cavab verdim. Bəhram müəllim: "Ay Elxan, bunun toyda yanımdan əl çəkmədiyini görmüşəm" - dedi.

Bəhram Mansurovun çalğısına, yaradıcılığına yaxşı münasibətim istər-istəməz onun üslubunu öyrənməyimə səbəb olmuşdu. Münəvvər xanım texnikumun direktoru Əhəd İsrafilzadəyə "Xahiş edirik ki, bu oğlanı Bəhram Mansurovun sinfinə keçirəsiniz" xahişli məktub yazdı. Məni 6-7 dəfə başqa müəllimin sinfinə saldılar. Axırda Bəhram dayı uşaq kimi əlimdən tutub direktorun yanına gətirdi və "Bu uşaq texnikuma məndən ötrü gəlib, əgər başqa sinfə salsanız, bu dəqiqə çıxacaq". Direktorun şöbə müdiri Adil Babayevə verdiyi göstərişə əsasən, məni Bəhram Mansurovun sinfinə saldılar. Mən də öyrənməyə başladım. İlk öyrəndiyim "Bayatı-şiraz" oldu. Bir ay məşğul olduqdan sonra baxıb gördüm ki, nə bilirdimsə yalnız onu bilirəm, başqa bir şey öyrənə bilməmişəm. Bu mənə çox pis təsir etdi. Təzədən "Bayatı-şiraz"ı çalmağı öyrəndim. Artıq nə təzə çalarlar, guşələr əmələ gəlirdisə, öyrənməyə başladım. Bəhram Mansurovun üslubu çətin sayılan üslubdur. Bu məktəbi öyrənmək çox çətindir. Çoxları öyrənməyə cəhd edib. Tələbələri öyrəniblər, sonra da bu yoldan qaçıblar. Bu yolda qalan bir mən, bir də Elxan Mansurovdur. Yalnız biz bu üslubu saxlamışıq.

- Məktəbi qurtarandan sonra harda işlədiniz?

- Məktəbi qurtarandan sonra əmək kitabçam təsadüf üzündən korlandığı üçün məcbur oldum ki, "Bakqaz"da çilingər vəzifəsində işləyim. Onda toylara da gedirdim. Sonra Hövsanda mədəniyyət klubunda ansambl rəhbəri kimi çalışdım. 1986-cı ildə isə məni Sumqayıtda Soltan Hacıbəyov adına orta ixtisas musiqi texnikumuna müəllim götürdülər. 1998-ci ilə qədər orda işlədim. Bir il də təsadüf üzündən İranda qaldım və sənətdən uzaqlaşmalı oldum. Qayıdandan sonra Muğam studiyasında işləməyə dəvət aldım. Həmin il Qəzənfər müəllim Bülbül adına məktəbə müəllim düzəldi, mən də ona xanəndə kimi müşayiətçi getdim. Daha sonra 12 saylı musiqi məktəbində də işlədim. Bir il sonra Hacı Rasim dedi ki, mən səni mütləq Asəf Zeynallı adına musiqi məktəbinə götürəcəyəm, yoxsa bu üslub ölüb gedir. 2001-ci ildə məni xanəndə Canəli Əkbərovun sinfinə müşayiətçi kimi götürdülər. Hacı Rasim muğamat keçmək üçün mənə tələbə də verdi. Milli Konservatoriya təsis olunandan sonra mən həm Canəli müəllimin, həm də Qəzənfər müəllimin sinfində müşayiətçi oldum. Səkinə xanım gələndən sonra isə onu da müşayiət elədim.

- Niyə sənətdə həmişə özünüzə çətin yer tapmısınız?

- İnsan bir şeyi asan əldə eləsə, onun qədri bilinməz, həm də onun ləzzəti olmaz. Halal zəhmətlə qazanılan hər bir iş çox gözəldir. Füzulinin bir qəzəlində belə məna var: "Hər bir insan Haqq adıyla bir işə eşqlə başlasa, ondan sonsuz zövq görər". Ümumiyyətlə, mən hər işi çətinliklə əldə edirəm.

- İndiyə qədər kimləri müşayiət etmisiniz?

- Rəhmətlik Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Canəli Əkbərov, Arif Babayev, Ağaxan Abdullayev və Alim Qasımovu toylarda müşayiət eləmişəm. Rəhmətlik Səxavət Məmmədovu Filarmoniyadakı konsertində müşayiət eləmişəm. Mənim səhnəyə gəlişim çox gec olub. Təbii ki, bunun da müxtəlif səbəbləri var.

- Söhbətin əvvəlində ata-ananızın gözəl səsinin olduğunu dediniz. Sizin də səsiniz varmı?

- Çox heyifslənirəm ki, mənim səsim yoxdur. Oxumağı bacarıram, ancaq söhbət fundamental oxumaqdan gedir. Əgər əvvəldən Qəzənfər Abbasov kimi müəllim görmüş olsaydım, səsimi cilalayıb orta səviyyəli bir xanəndə olardım. Orta səviyyəli xanəndə olmaq yaxşı tar, kamança və klarnet çalan olmaqdan qat-qat yaxşıdır.
   - Uşaqlıqdan müxtəlif sənətkarların səsləri və ifaları yazılmış 3000-ə yaxın plastinka yığdığınızı dediniz. Özünüzün də lent yazılarınız varmı?

 - Lent yazılarım yoxdur. Mən bu işə xor baxmıram, ancaq çətinliklə dartınıram. Görünür, bu mənim içimdəki məsuliyyətdən irəli gəlir. Bunu mənə həmişə məsləhət görürlər. Fikirləşirəm ki, sabah bu gündən çox yaxşı olar. Əslində, məntiqi cəhətdən belədir. Ancaq vaxt da gedir. Mənim lent yazılarımın olmamasının bir səbəbi də əlimdə Bəhram Mansurovgilin tarına bərabər olan alətimin sədəflənən zaman sınması, balansının itməsi oldu. O alət 1901-ci ilə məxsus idi. Bu, az qala, məni xəstələndirmişdi. O vaxtdan muzeylərdəki tarları ölçürəm. O tarın səsini tapacağam. Səslənmə başqa şeydir. Alət sənətin yarısıdır.

- Yeri gəlmişkən, bir neçə il bundan qabaq "İrs" ansamblında "Nəva" muğamını bərpa ediblər. Bu yenilik barədə fikriniz nədir?

- O, cəhddir. Onu bir neçə dəfə bərpa etməyə cəhd ediblər. 1995-ci ildə də yaratmışdılar. Ancaq tez məhv olub getdi. İran muğam dəstgahının Azərbaycanın qəzəl mətnləri ilə verilmiş variantı olduğu üçün yaşamadı. "Nəva"nı elə-belə yaratmaq asan deyil.
   
Mövqe.- 2008.- 6-8 sentyabr.- S. 13.