Bütün
ağrı-acılarımız biganəlikdən
başlayır
Elnarə Dadaşova görkəmli bəstəkar Qara
Qarayevin sinfini bitirib. Elə həmin
vaxtdan Musiqi Akademiyasında həm nəzəri, həm də
yaradıcılıqla bağlı fənlərdən dərs
deyir. Bəstəkar kimi yaradıcılığında çox
şeyə nail olsa da, bugünkü həyatını
yaradıcılıqdan qoparılmış vaxtlar hesab edir.
E.Dadaşova söhbətimiz zamanı bunu maliyyə problemi,
musiqi aləmində yaranan xaosla əlaqələndirdi.
- Bir bəstəkar kimi əsərlərinizin
ifasından razısınızmı?
- Demək olar ki, bütün plenumlarda, qurultaylarda
və konsertlərdə ifa olunuram. Xaricilər
əsərlərimlə daha çox maraqlanırlar.
Əlbəttə, dünya üzrə səni
seçirlərsə, bu, sınaqdan üzüağ
çıxmaq deməkdir. Hazırda mən Rusiya, Almaniya,
Amerika, Türkiyə, İtaliya və s.
ölkələrdə ifa olunuram. Bu o demək deyil ki,
özüm bu əsərləri harasa təqdim
eləmişəm. Sadəcə, bu, yəqin ki, bir taledir.
Gəlib arayıb-axtaranda mənim əsərlərimi
seçiblər. Demək olmaz ki, əsərlərimi
məxsusi kimin üçünsə
bəstələmişəm. Adi yaradıcılıq
peşəmlə bağlı olaraq müraciət etdiyim
janrlardır. Aprel ayında Almaniyada keçirilən
Azərbaycan mədəniyyəti günləri
çərçivəsində orqan üçün
yazdığım "Süsən-sünbül" xalq
mahnısına variasiyalarım ifa olunub. Əsər çox
gözəl qarşılanıb. Diskimin təqdimatı da
keçirilməli idi. Ancaq buna imkan olmadı. Əsərimin
Almaniyada ifa olunması çox fərəhləndirici
haldır. Əslində, beş Azərbaycan
bəstəkarının əsərləri ifa olunmalı idi.
Ancaq proqrama Nazim Əliverdibəyovla mənim əsərim
salınmışdı. Bu, stimuldur. Bəstəkar
yazdığının boşa getmədiyini görəndə
daha da fərəhlənir.
- Siz özünüz də konsertdə
iştirak elədinizmi?
- Çox təəssüf ki, maddi imkan
olmadığı üçün konsertdə iştirak
edə bilmədim. Almanlar da
əsərin bəstəkarının konsertdə iştirak
etməməsinə təəccübləndilər.
Çünki dəvət göndərilmişdi. Çox
istərdim ki, gələcəkdə belə
dəvətlərin reallaşmasına şərait
yaradılsın. Biz mədəniyyətimizlə
tanınırıq. Ancaq bizdə mədəniyyətə bir
az gözucu baxırlar. Bəstəkarın əsəri ifa
olunacaqsa, onun həmin konsertdə iştirakı vacibdir.
Çünki canlı ünsiyyətdə olanda xarici
millətlərdə bizim haqqımızda aydın
təsəvvür yaranır. Ermənilər belə
məqamlardan çox məharətlə istifadə
edirlər.
- Fransanın "Salamander" nəşriyyatı
əsərlərinizi çap üçün
götürmüşdü. Nəticəsi
necə oldu?
- Mənimlə Cəlal Abbasovun əsərlərini
çap etmək üçün
götürmüşdülər. Onu
bilirəm ki, Cəlalın əsərlərini çap
ediblər və orada satışa qoyulub. Mən də öz
əsərlərimin taleyi ilə maraqlanmalıyam. Bu
barədə dəqiq məlumatım yoxdur. Çox pis
haldır ki, əsərlər gedir, aqibətini bilmirik. Bu,
sistemli şəkildə qurulmalıdır.
Təşkilatçılıq olmalı, bu iş sivil qaydada
həyata keçməlidir. Biz bu işdə
atılmış uşaqlar kimiyik. Həmin nəşrlər
bizdə izlənilmir.
- Demişdiniz ki, irihəcmli bir sıra
əsərləriniz ifasını, baletiniz də səhnə
təcəssümünü illərlə gözləyir.
- Mən Qara Qarayevin bəstəkarlıq sinfini bitirib
susan insan deyiləm. Yazıb-yaradan
insanam. Ancaq eyni zamanda acınacaqlı nöqtələr
də var. Bu axına düşmək bir qədər
çətin olur. Fakturasına görə müəyyən
məşq tələb edən əsərlər haradasa
ifaçıları qorxudur. Amma yenə ümidimi
qırmıram, bilirəm ki, ifa olunacağam. Keçən
ilin iyun ayında - Bəstəkarlar İttifaqının
Qurultayında mən bu məsələni qaldırdım.
Əlbəttə, tək özüm üçün yox,
bütün bəstəkarların problemi kimi.
Əbülfəz Qarayev özü üçün qeydə
aldı. Bir müddətdən sonra "İki saylı
simfoniya"mın ifası dirijora həvalə olundu.
Ancaq əsərin yalnız iki hissəsini ifa etdilər.
Çox təəssüf ki, 32 ildən sonra əsərimin
ifasını yenə də tam şəkildə eşidə
bilmədim. Düzdür, əsər çətin
əsərdir. Vaxtilə Qara Qarayev də demişdi ki, "Bu,
Azərbaycan musiqisində yeni sözdür, ifası da
çətin olacaq". Eləcə də "Sayalı"
adlı baletim hələ də səhnə
təcəssümünü gözləyir.
- Bu gün bəstəkarların çoxu sizin kimi
çap olunmaqdan şikayətlənir. Maneələr yalnız maliyyə ilə
bağlıdır?
- Yalnız maliyyə
ilə... Bəstəkarlar İttifaqında müəyyən
şöbələr var: hər hansı janrda əsər
yazmısansa, gəlib özünü göstərə,
sınaqdan çıxara, hətta rəy də ala
bilərsən. Amma bunun arxasında maliyyə problemi duracaq.
Onların ifası, çapı üçün
müəyyən pul ödəməlisən. Bu isə bu
gün problemdir. Gəlin, açıq danışaq, bizim
axı məvacibimiz də çox aşağıdır.
Hətta əməkhaqları qaldırılandan sonra da
çox aşağıdır. Bir bəstəkar,
müəllim olaraq xarici görkəminə də fikir
verməli, oxumalı, konsertlərə getməlisən.
Susursansa, bu o demək deyil ki, həyatından razısan.
Əgər kimsə susursa, "yəqin bu onu birtəhər
qane edir" - deyə düşünürlər. Susuruqsa, bu
o demək deyil ki, biz qaneyik. Biz reqresə doğru gedirik. Bu
barədə düşünmək lazımdır.
- Sizcə, nə üçün klassik musiqi, ciddi
mahnılar yazan bəstəkarlar kölgədə qalıb,
ancaq hansısa bayağı mahnılar yazanlar bu gün daha
çox populyardırlar?
- Yenə
də səbəb maliyyədir. Əgər siz öz
bayağı mahnınızı bayağı ifaçı
ilə də təmin edir, hardasa bir studiyanın pulunu
ödəyə bilir, o mahnını ortaya çıxarmaq
üçün kompyuter vasitəsilə abıra salır
və sonra efiri də müəyyən yollarla əldə
edə bilirsinizsə, onda dinləyici də sizin olur. Dinləyici bununla
da qane olur və elə bilir ki, olan budur.
Hələ qədim yunanlar tərbiyəni musiqi ilə
başlayırdılar. Elə məqamlar var idi ki, onları
yaxına buraxmırdılar. Çünki bu, körpəni
formalaşmaqda kasad eləyə, hardasa onun ruhuna pis təsir
edə bilərdi. Amma biz körpədən böyüyə
qədər hamını başlı-başına buraxmışıq.
Onlar nəyə qulaq asır, nəyə baxırlar? Biz romansa, mahnıya söz seçmək
üçün nə qədər kitabı ortaya
tökürdük. O söz səni hər mənada qane
etməli idi. İndi söz heç bir şey
olub. Ağızlarına gələni yazıb-oxuyurlar.
Nə məntiq, nə tərbiyə, nə də estetik münasibət
var. Bu mənada müasir gənclərimizə
yazığım gəlir. Bacardığımız
sahədə nəsə edirik, ancaq bu, çox məhdud bir
çərçivədir. Tələbə də getdikcə
azalır, ümumi səviyyə aşağıdır. Musiqi
və digər incəsənət növləri əsasən
daxildə olan qabiliyyətdir. Bilirsinizmi, bizdə
düşüncə formalaşmayıb. Bizə elə
gəlir ki, bir anın içində hər şey
düzəlir, ancaq elə deyil. Hər şeyin bir anın
içində düzəlməsi üçün bizim
üzərimizdə illərlə əziyyət
çəkilib. Uşaqlıqda film-operalara qulaq
asmışıq. Elə dahiyanə insanlarla oturub-durmuşuq
ki... Bizim müəllimlər əsl fədailər idi. Musiqi
aləminə özbaşına gəlməmişik, nə
qədər insanın üstümüzdə əziyyəti
var. Məhz onun nəticəsidir ki, musiqimizdə də
sözümüzü deyə bilirik. Yeniyetmələrimiz,
gənclərimiz, istedadlı uşaqlarımız çoxdur.
Amma onlar hansı əllərdədir? Nə üçün
istedadlı gənclərimiz bu gün tələb
olunmamış kimi qalsın? Biz
özümüz də tələb olunmamış nəsilik.
Məgər bizdən lazımınca istifadə etmək
olmazdımı? Ona görə də bu boşluğu
imkanlılar doldurur. O da düşünmür ki, axı
mən kiminsə mənəviyyatını korlayıram.
Düşünmür ki, onun qəlbində, şüurunda
elə bir iz buraxır, bəlkə də onu kimsə
dərhal öldürsəydi, az günaha batardı, nəinki
saatlarla, dəqiqələrlə, günlərlə onun
şüuruna bu cür təsir edilir. Bəzən
fikirləşirlər ki, mahnıdır da, uçub getdi...
Ancaq elə deyil. Təsəvvür edin, bir məclisdə
oturmusunuz, bir mahnı çalınır və bu sizin ruhunuzu
oxşamır. Ancaq birdən elə musiqi çalınır ki,
qol götürüb oynamaq istəyirsiniz. İnsanlar Pifaqor
dövründən bu təsirdən düzgün istifadə
edərək çox gözəl nəticələr
əldə ediblər. Bu barədə çox
ciddi düşünmək lazımdır.
- Sizcə, çıxış yolu nədədir?
- Mənə elə gəlir ki, ən yaxşı
ənənələr bərpa olunmalıdır.
Mədəniyyət evlərimiz var, məktəblərdə
dərnəklər ola bilər. Məvaciblər
artırılmalıdır. Dolanmaq üçün bir
neçə yerdə işləməli oluruq. Bəzən
elə yerdə işləyirik ki, o, heç bizim yerimiz deyil.
Bizdə dəyərli insanın qiymətini
ölümündən sonra versələr, böyük
şeydir. Biz Üzeyir bəy, Qara Qarayev kimi dühaları
lazımınca dünyaya çatdıra bilmirik. Heç
öz içərimizdə onları bilən yoxdur.
Bəzən tələbələrimiz içərisində
onları qarışdıranlar olur. Bu,
faciədir. Yadınızdadırsa, Böyük
Vətən müharibəsi illərində yubileylər
keçirilir, əsərlər ifa olunur, səhnəyə
çıxarılırdı. Onda insanları böyük
ideya birləşdirirdi. Alver nə qədər olar?
Millətin əsl şairi, müğənnisi, akademiki
olmalıdır. Belə gedişlə biz heç nəyə
nail olmayacağıq. Olanı da itirəcəyik. Bəlkə
heç o vaxt da ayılmayacağıq ki, bütün
folklorumuz da başqasının adına yazılacaq. Necə
ki, torpaqlarımız başqasının əlindədir.
- Heç şübhəsiz, itib gedən
mənəviyyatı sonradan bərpa eləmək çox
çətindir. Ancaq bu mənəviyyatdan xırdaca bir
işartı da qalıbsa, bəlkə onun uğrunda
mübarizə aparmağa dəyər. Sizcə, bu prosesdə
yaxşı musiqinin rolu nə ola bilər?
- Çox böyük... Mənəviyyat elə
musiqidən, sözdən başlamalıdır.
Düşünülməmiş sözlərə qanad
verilmiş bir əsərlə kiminsə şüurunu
korlamağa heç kəsin ixtiyarı yoxdur. Bu
vəziyyətə çox acıyıram və
düşünürəm ki, danışmaqla heç nə
düzəlməyəcək. Ancaq qlobal işlər
görülməlidir. Nə qədər geciksək, bir o
qədər bütöv bir nəsli itirmiş olarıq. Biz öz mentalitetimizə arxalanmalıyıq. İnsan öz dilində, öz ana südü
ilə bəhrələnərək yaşa dolmalı və
onu gələcək nəsillərə ötürməlidir.
Ancaq biz nəsillərdən-nəsillərə
ötürülən zənciri itiririk.
- Siz "Fonoxrestomatiya" kitabının nəşri
üçün Təhsil Nazirliyinə müraciət
etmişdiniz. Müsbət cavab ala bildinizmi?
- Mən Bəstəkarlar İttifaqının uşaq
musiqi bölməsinin sədri kimi bu
təşəbbüsü irəli sürdüm. Çox təəssüf ki,
ünvanladığımız məktuba rədd cavabı
gəldi. Bu dərslikdə dünya
mədəniyyətinə məxsus incilər toplanacaqdı.
Dərslik bağçadan başlayaraq orta məktəbə
qədər şagirdləri əhatə edəcəkdi.
Təhsil nazirinin də bilavasitə bu işə marağı
olmalıdır. Kitabın nəşri üçün 20 min
manat pul lazımdır. Bu, çox böyük məbləğ
deyil. Ancaq nazirlik bildirdi ki, hələlik imkanımız
yoxdur. Sponsorlara müraciət etmək
məcburiyyətində qalmışıq.
Bizdə bütün ağrı-acılar
biganəlikdən başlayır.
Mövqe.- 2008.- 27 sentyabr-2 oktyabr.- S. 13.