Tuncay Ə.

 

Görkəmli musiqişünas-alim

 

Müasir musiqi tariximizdə özünəməxsus yeri və mövqeyi olan, mədəni-ictimai aləmdə, uzun illərdən bəri klassik musiqimizin ən yüksək zirvəsi sayılan muğamlarımızın təbliğat və tədqiqatçısı və eyni zamanda tərəqqisi yolunda tanınan əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi, sənətşünaslıq doktoru,  professor, respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının  Azərbaycan xalq musiqisi və nəzəriyyəsi kafedrasının müdiri,   Azərbaycan musiqişünaslığının görkəmli nümayəndəsi və layiqli simalarından sayılan Ramiz Zöhrabov nəinki Azərbaycanda, hətta respublikamızdan kənarda özünün sanballı musiqi əsərləri və dərin məzmunlu məruzələri ilə musiqi elmimizin aparıcı alimi və musiqi mütəxəssisi kimi tanınır və sevilir.

Əlbəttə,  musiqi  aləmində  şöhrət tapmış bəstəkar, musiqişünas və musiqi mütəxəssisləri R.Zöhrabovun həyat yolu, yaradıcılığı, musiqi sahəsindəki əvəzedilməz nailiyyətləri barəsində neçə-neçə kitablarda, jurnal və qəzet səhifələrində,  dərsliklərdə öz layiqli mülahizə və fikirlərini əhatəli şəkildə şərh etmişlər.

Ramiz Zöhrabovla  ilk tanışlığım 1967-ci il M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından başlanır. Ramiz müəllim həmin illər Filarmoniyada "Xalq musiqisi" şöbəsinin müdiri vəzifəsində çalışırdı. Müsabiqədən keçib muğam haqqında suallara dolğun və düzgün cavab verdiyimdən Ramiz müəllimin və Cahangir Cahangirovun razılığı ilə həmin vaxtdan Filarmoniyada proqram üzrə konsertin aparıcısı kimi işə qəbul olundum. Ramiz müəllim həmişə olduğu kimi onda da özünə xas olan kübar görkəmi, ciddi xasiyyəti, ədəb-ərkanı, davranış tərzi, məntiqli, lakonik cümlələri, bir sözlə, qibtə ediləcək qədər nizam-intizamı ilə fərqlənirdi.

O illər hər yerdə olduğu kimi, Filarmoniyada da bir gərginlik hökm sürürdü.

Vaxtilə məhvərindən qoparılmış, milli mənəviyyatımızdan uzaqlaşdırılmış, adımızdan, dilimizdən, dinimizdən, tariximizdən, o cümlədən mənəvi abidəmiz olan muğamlarımızdan da məhrum edilmişdik. Ancaq buna baxmayaraq, Ramiz Zöhrabovun yüksək təşkilatçılığı sayəsində Filarmoniyada başqa konsertlərlə yanaşı, həftədə 3-4 dəfə məşhur xanəndələrin iştirakı ilə muğam gecələri keçirilirdi. Burada elə bir vəziyyət yaranmışdı ki, xanəndələr təsnifin içərisində muğam oxumaqdan çəkinirdilər. Çünki radio və televiziyada muğam haqqındakı qadağalar davam edirdi. Belə bir konsertə rəhbərlik edənlər də nəzarət altında idi. Ramiz Zöhrabov böyük məsuliyyət hissi və cəsarətlə belə bir məsuliyyətin arxasında mərdliklə dayanıb muğamlarımızın təbliğinə yol açırdı. Mən nəinki bu dediklərimin şahidi olmuşam, hətta həmin illərin yadigarı kimi xanəndələrimizin səhnədə canlı şəkildə oxuduqları və heç yerdə səslənməyən muğam dəstgahlarını maqnitofon lentinə yazaraq 40 ildən çoxdur ki, göz bəbəyi kimi qoruyub saxlayıram. Bununla demək istəyirəm ki, o illərdən ta bu günə kimi tanıdığım Ramiz Zöhrabovun musiqiyə, muğamlarımıza olan bağlılığı onu sənətinin müqəddəslərindən birinə, daha doğrusu, musiqimizin fədaisinə çevirmişdir. Əlbəttə, bu da təsadüfi deyildir. Ondakı əqidə dönməzliyi tarixin dərin qatlarına gedib çıxan soykökü ilə bağlıdır. Bəlkə bəzilərinə məlum olmayan bir tarixi məqamı da yada salsaq, lap yerinə düşərdi.

Ramiz müəllim ziyalı ailəsində dünyaya göz açıb, atası ali məktəb müəllimi olmaqla bərabər qədim alətimiz olan tarda muğamlarımızı çox məharətlə çalarmış. Özü ictimai xadim, şair, sərkərdə, torpaqlarımızın hər qarışını yadellilərdən qoruyan, dilimizin Azərbaycan dili kimi inkişaf edib saxlanılmasında böyük rolu olan Şah İsmayıl Xətainin vətənində-Ərdəbildə anadan olmuşdur. Bu həmin Ərdəbildir ki, burada Xətai musiqini çox sevərmiş. Hətta ədəbiyyatçıları, tarixçiləri, musiqiçiləri öz sarayına yığıb onların ehtiyacları, qayğıları ilə maraqlanar, onları göz bəbəyi kimi qoruyarmış. Ramiz Zöhrabovun da qanında, iliyində Xətai ruhu, Xətai vətənpərvərliyi, Xətai ürəyinin yanğısı vardır. Elə bu baxımdan da Ramiz Zöhrabov mənsub olduğu torpağın tarixçəsini özündə yaşadır. O, "Ərdəbil lövhələri" adlı musiqi əsərini atasının xatirəsinə həsr etmişdir. Musiqi, sənətsevərlik, daxili hərarət ilə yanaşı sənətkar duyğularının ən dramatik anları Ramiz müəllimin yaradıcılığında əks olunmuşdur.

Ramiz Zöhrabov 70 illik ömrünün 40 ilini sənətə, yaradıcılığına sərf edib. Onu ətrafındakılara sevdirən onun ən çox təcrübəsi, güclü yaradıcılıq təxəyyülü, peşəkarlığı, dərin biliyi bir təşkilatçılığıdır. Ramiz Zöhrabov musiqi haqqında 20 kitabın, saysız-hesabsız elmi-publisistik məqalələrin, dərsliklərin müəllifidir. 60- illərdən bu günə kimi Azərbaycan Dövlət Radiosunda televiziyada silsilə verilişlərinin aparıcısı olmaqla musiqi tariximizə, milli musiqimizə böyük xidmətlər göstərmişdir. O, nadir musiqişünaslardandır ki, bəstəkarlıqla da məşğul olur. O, musiqi sənətinin şifahi ənənələrini yaşatmaqla yaradıcılığında bəstəkarlıq sənətinə ciddi maraq göstərmiş hər iki sahədə uğur qazanmışdır. Ramiz müəllimin yaradıcılığında onun irihəcmli "Muğam" kitabı ilə bərabər, "Azərbaycan təsnifləri", "Azərbaycan zərb muğamları" və "Azərbaycan rəngləri" kitabları öz zəngin informasiya tutumu ilə fərqlənir. Onu da deyim ki, onun "Azərbaycan təsnifləri" kitabı Moskvanın "Sovetski kompozitor" nəşriyyatında buraxılaraq oxucuların ixtiyarına verilmişdir. Bu nailiyyətlərinə görə "Humay-97" mükafatına layiq görülmüşdür. Ramiz Zöhrabov musiqi fəaliyyəti ilə bərabər elmi-pedaqoji sahədə də çalışır. Onu da deyim ki, Bakı Musiqi Akademiyasının müəllimləri arasında musiqi sənəti üzrə ilk sənətşünaslıq doktorudur. Ramiz müəllim 35 ildir ki, Bakı Musiqi Akademiyasının müəllimidir. O, məhsuldar yaradıcılığı ilə birlikdə müəllimlik fəaliyyətində də gənc nəsillər üçün nümunədir. O bu illər ərzində tələbələrini musiqişünaslığın dərin sirləri ilə tanış etmişdir. O, öz fənnini tədris edərkən qədim mənbələrə istinad edir, maraqlı müqayisələr aparır və tələbələri maraqlandıra bilir. Bunlar onun geniş erudisiyasından və hərtərəfli biliyə malik olmasından xəbər verir. Fitri istedad, dərin zəka Ramiz Zöhrabovu bir mütəxəssis, alim kimi pedaqoji sahədə də səciyyələndirən əsas cəhətlərdir.

Ramiz müəllimin elmi rəhbərliyi ilə yüksək səviyyəli ixtisaslı kadrlar, sənətşünaslıq namizədləri hazırlanmış və eyni zamanda yeni tədris proqramları da yaradılmışdır. Ramiz Zöhrabov Respublika Təhsil Nazirliyi elmi-metodiki şurasının incəsənət və musiqişünaslıq bölməsinin sədri kimi də fəaliyyət göstərir.

Ramiz müəllimin istər musiqi yaradıcılığında, istərsə də şəxsiyyətində ən ümdə xüsusiyyətlərindən biri də onun ləyaqət hissidir ki, bu da ona ətrafdakılar tərəfindən böyük rəğbət qazandırmışdır.

Biz də ömrünün müdriklik çağına qədəm qoymuş Ramiz Zöhrabova musiqinin üfüqlərində dağ ucalığı arzulayırıq.

 

Respublika.- 2008.- 9 sentyabr.- S. 7.