Ağcabədidə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi istifadəyə verilmişdir

 

Sentyabrın 20-də Ağcabədidə dahi Üzeyir Hacıbəylinin büstünün və bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin açılışı olmuşdur.

...Dahiləri bir xalq, bir ölkə yetirir, ancaq onlar bəşəriyyətə məxsus olurlar. Azərbaycan xalqının dünya musiqi mədəniyyəti tarixinə bəxş etdiyi Üzeyir Hacıbəyli belə korifeylərdəndir. Onu təkcə öz Vətənində deyil, dünyanın hər yerində böyük hörmət ehtiramla xatırlayırlar. İki il əvvəl uzaq Niaqara sahillərində dahi Motsartın 250 illik yubileyinə həsr edilmiş beynəlxalq musiqi festivalının Üzeyir Hacıbəylinin 1932-ci ildə yazdığı "Motsart mövzularında fantaziya" əsəri ilə açılması bunun əyani təsdiqidir.

Azərbaycanın musiqi ictimaiyyəti sentyabrın 20-də dahi Üzeyir bəyin xatirəsinə ehtiramın daha bir təsdiqinin şahidi oldu. Həmin gün Üzeyir bəyin dünyaya göz açdığı Ağcabədi şəhərində onun büstünün, bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin buradakı park-kompleksin təntənəli açılışı olmuşdur. Bu tədbir həqiqətən milli musiqimizin təntənəli bayramı idi. Ona görə mərasim iştirakçıları bir-birini hərarətlə təbrik edir, ürək sözlərini bölüşürdülər.

Qarabağ Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarının dəstəyi ilə inşa edilmişdir.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş və ümummilli liderin adını daşıyan muzeylə yaxından tanış olmuşlar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mərasimi açaraq bildirmişdir ki, bugünkü mərasim mədəniyyətimizin bayramı, muğamın təntənəsi, böyük sənətkarlarımıza olan ehtiramın hörmətin təsdiqidir. Mədəniyyətimizə, tariximizə, dilimizə, adət-ənənələrimizə, sənət adamlarımıza sonsuz qayğı diqqətlə yanaşan ulu öndər Heydər Əliyevin idealları bu gün bizimlədir daim bizimlə olacaqdır. Ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə böyük nüfuz qazanması, regionlarda baş verən əsaslı dəyişikliklər, insanların həyat şəraitinin ildən-ilə yaxşılaşdırılması hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir insanlarda gələcəyə olan inamı qat-qat artırır.
Qarabağda muğam ifaçılıq sənətinin inkişafında, təbliğındə müstəsna rol oynayacaq belə bir mərkəzin Ağcabədi rayonunda istifadəyə verilməsi hamımızı sevindirir. Bu mərkəz çox əlamətdar bir vaxtda, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 123-cü ildönümünun qeyd olunduğu günlərdə muğamsevərlərə hədiyyə edilir.

Azərbaycan mədəniyyətinin, muğam ifaçılıq sənətinin tarixi qədim, ömrü uzundur deyən icra başçısı vurğulamışdır ki, bu ömürə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yeni bir nəfəs verdi və muğamın inkişafı, təbliği sahəsində müasir bir tarix yazdı. Sənətkarlarımızı unutmamaq, muğamlarımızı yaşatmağa olan vətəndaşlıq borcumuzu Mehriban Əliyeva Üzeyir bəyin timsalında belə səciyyələndirmişdir: "Bu gün biz Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə müraciət etməklə, əslində onun ruhu qarşısında öz vətəndaşlıq borcumuzu verməyə hazır olduğumuzu nümayiş etdiririk".Açılışına toplaşdığımız Qarabağ Muğam Mərkəzinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də göndərilmişdir.

Üzeyir Hacıbəylinin qranitdən hazırlanmış büstünün üzərindən ağ örtük götürüləndən və dahi bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsiləndən sonra iştirakçılar mərkəzlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, binanın ümumi sahəsi 830 kvadratmetrdir. Bina hər biri 154 tamaşaçı tutan yay qış konsert zallarından, 6 sinif, müdiriyyət, iclas, qrim otaqlarından ibarətdir. Müasir səsləndirmə, işıqlandırma digər avadanlıqla təchiz edilmiş binada mərkəzləşdirilmiş havalandırma qurğusu quraşdırılmışdr. Binanın foyesində Azərbaycan muğamının tarixi müasir dövrünü əks etdirən guşə yaradılmışdır.

Vurğulanmışdır ki, mərkəzin yerləşdiyi parkın ümumi sahəsi 15 min 325 kvadratmetrdir. Parkdakı Veteranlar evi yenidən qurulmuş, burada müasir memarlıq üslubunda "Gənclər evi" inşa edilmişdir. Həmişəyaşıl ağacların bəzək kollarının xüsusi yaraşıq verdiyi parkda Üzeyir Hacıbəylinin əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyası yaradılmışdır. Gün ərzində bu parkda Üzeyir bəyin digər görkəmli sənətkarların əsərlərinin, habelə xalq musiqisinin səsləndirilməsi üçün səsgücləndiricilər qurulmuşdur. Parkın ətrafındakı 4 min kvadratmetr sahəyə asfalt örtüyü döşənmişdir.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, Heydər Əliyev Fondu Azərbaycan musiqisinin təbliği, muğamlarımızın qorunaraq nəsildən-nəslə ötürülməsi istiqamətində çox ciddi işlər görür. Bu günlərdə fondun "Üzeyir dünyası" "Azərbaycan muğam ensiklopediyası" layihələrinin təqdimatı dediklərimizə əyani sübutdur. Musiqi mədəniyyəti tariximizdə xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyr dünyası" layihəsinə "Ömür salnaməsi", "Üzeyr Hacıbəyli ensiklopediyası", "Bədii publisistik əsərləri" kitabları, "Leyli Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operaları musiqili komediyalarının klavirləri, librettoları onların CD-ləri daxildir. Bütün bunlar təkcə Üzeyir bəyin yaradıcılığına deyil, ümumilikdə Azərbaycan xalqına, onun mədəniyyətinə, musiqisinə, incəsənətinə verilən böyük sonsuz qiymətdir.

Nazir vurğulamışdır ki, Üzeyir Hacıbəyli yaradıcılığına həsr edilmiş tədbirlər bundan sonra da davam etdiriləcək və onun zəngin irsinin gənc nəsil tərəfindən öyrənilməsi üçün səylər artırılacaqdır.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Milli Məclisin deputatları Rəfael Hüseynov, Aqil Abbas, xalq artisti Arif Babayev çıxış etmişlər. Vurğulanmışdır ki, "Qarabağ xanəndələri" musiqi albomunun işıq üzü görməsi, "Muğam" jurnalının nəşr edilməsi, 2005-2007-ci illərdə televiziya muğam müsabiqələrinin keçirilməsi, muğamlarımızın dünya miqyasında təbliğ olunması Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindəndir. Bütün bunlar mədəniyyətimizin inkişaf tarixinin yeni salnaməsidir. Hazırda Bakıda tikilməkdə olan möhtəşəm Muğam Mərkəzi bu salnamənin yeni bir parlaq səhifəsi olacaqdır.

Mərasimdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov, Azər Zeynalov və digər sənətkarlar dahi bəstəkarın əsərlərindən parçalar ifa etmişlər.

 

Azərbaycan.- 2008.- 23 sentyabr.- S. 2.