Aydınoğlu T.
Üzeyir Hacıbəyov milli mədəniyyətimizin
fəxridir
Milli musiqimizin
banisi, dahi Üzeyir Hacıbəyovun
anadan olmasının
123-cü ildönümü tamam olur. Ölkəmizdə
böyük bəstəkarın
doğum günü -
18 sentyabr hər il, haqlı
olaraq milli musiqi bayramı kimi qeyd olunur.
Bayram ərəfəsində
Üzeyir bəylə
və onun ölməz irsi ilə bağlı suallarımızı üzeyirbəyşünas
Səadət Qarabağlı
cavablandırdı.
- Yeni dövr - müstəqillik epoxası Üzeyir
bəy şəxsiyyətinə və onun zəngin
yaradıcılığına yeni yanaşma tələb edir.
Sizcə, bu yanaşma hansı məsələləri
önə çəkməyi, xüsusi diqqət yetirməyi
vacib edir?
- Dahilər dahisi olan Üzeyir bəy
Hacıbəyov hər dövr üçün ölməz,
nadir sənətkardır. İstər çarizm dövründə,
istər sovet dönəmində, istərsə
də müstəqillik
zamanında Üzeyir bəyə və onun sənətinə yeni yanaşma tələb olunmuşdur. Çünki Ü.Hacıbəyov bir fenomendir. Bu insan nə qədər sahəni özündə ehtiva etmişdir. Üzeyir bəy - bəstəkar, Üzeyir bəy - musiqişünas, Üzeyir
bəy - dirijor, Üzeyir bəy - publisist, Üzeyir bəy - dramaturq, Üzeyir bəy - pedaqoq, Üzeyir bəy - tərcüməçi, Üzeyir
bəy - akademik, Üzeyir bəy - ictimai xadim... Özü də çoxsaylı fəaliyyətində Üzeyir
bəy Hacıbəyov
adi, sıradan biri deyil, hərtərəflidir,
dahidir. Bu insan məşğul olduğu bütün sahələrə möhürünü
vurmuşdur. Ona görə də Üzeyir bəyə yanaşmada çox həssas olmaq gərəkdir.
Lakin etiraf edək ki,
bizim üçün yaratdıqlarının
müqabilində ona kifayət qədər diqqət
yetirməmişik. İndiyə qədər Üzeyir bəy Hacıbəyovun yaradıcılıq irsinin
külliyyatını nəşr
etməmişik, onları
bir yerə toplamamışıq. Onun bu gün də çox aktual olan publisistik yazılarını, musiqi
əsərlərini, bədii
yaradıcılığını xalqa tam çatdırmamışıq.
Üzeyir bəyin yarımçıq qalmış
musiqi əsərləri,
eskizləri var ki, hələ onlardan xalqımızın
xəbəri yoxdur.
Bunları mütləq
nəşr etdirmək
lazımdır. Yoxsa, sonra gec olacaq...
Müstəqil
dövlətimiz var, bu işləri özümüz
görməliyik. Üzeyir bəyə yeni yanaşma buradan
başlamalıdır. Ü.Hacıbəyovun
ev-muzeyinə son dövrlərdə verilmiş arxiv üzərində ciddi tədqiqat aparılmalıdır.
Bu iş Üzeyir bəy Hacıbəyovun irsini dərindən bilənlərə
tapşırılmalıdır. Əfsus ki, bu məsələdə gecikirik...
- Üzeyir bəylə bağlı
bəzən həqiqətə uyğun olmayan faktlar,
mülahizələr səslənir. Bunların
üzeyirbəyşünaslığa təsirini necə qiymətləndirirsiniz?
- Bunların
üzeyirbəyşünaslığa təsirini çox
mənfi qiymətləndirirəm. Elə
şəxsiyyətlər var
ki, onlar haqqında danışmaq həm şərəflidir,
həm də məsuliyyətli. Üzeyir
bəy Hacıbəyov
məhz belə dahilərdəndir. Onun haqqında söz demək üçün yüz ölçüb, bir biçmək lazımdır. Ü.Hacıbəyov
haqqında danışarkən
faktları dəqiqliklə
söyləməli, məsuliyyət
hiss etməlisən. .
O, böyük bir xalqın dahi sənətkarı, bütün
dövrlərdə sevilən
bir dühadır.
Bu yaxınlarda
telekanallardan birində eşitdim ki, Ü.Hacıbəyovun 1915-
1942-ci illərdə yaşadığı bina
(bəstəkarın indiki ev-muzeyi), guya, 1918-ci ilin mart
hadisələrində yandırılıb və Üzeyir
bəyin bəzi əsərləri orada məhv olub. Bununla bağlı mənə çoxlu telefon zəngləri oldu. Faktın nə qədər həqiqətə uyğun
olduğunu soruşurdular.
Ermənilər o vaxt Bakıda çox ev yandırıblar.
Xoşbəxtlikdən, Üzeyir bəy
Hacıbəyovun vaxtilə
yaşadığı, indiki
ev-muzeyinin yerləşdiyi
bina heç vaxt yanmayıb. 1918-ci ilin mart soyqırımı
zamanı Üzeyir bəyi fiziki cəhətdən məhv
etmək üçün
bu binanı ermənilər gülləbaran
etmişlər. Ü.Hacıbəyovun
baldızı oğlu,
uzun illər onun şəxsi katibi olmuş, bəstəkarın ev-muzeyinin
yaradıcısı Ramazan
Xəlilov danışırdı
ki, muzeyin açılışına hazırlıq
görülən vaxt
bina əsaslı təmir olunub. O zaman bu evin divarlarının güllələrdən dəlik-deşik olduğuna bir daha diqqət
yetiriblər. Üzeyir
bəy də, Məleykə xanım da binanın erməni daşnakları tərəfindən güllə
yağışına tutulduğunu
söyləyirmişlər.
Üzeyir bəyin əsərlərinin
yanğında məhv olmasına gəldikdə isə onu
bildirmək istərdim ki, Üzeyir bəy Hacıbəyovun
“Şeyx Sənan” (1909) operasından başqa heç bir əsəri
məhv olmamışdır. Bu operanın partiturasını
bəstəkar özü
cırmış və
yandırmışdır. Həmin
əsərdəki musiqilərdən
isə məşhur “Koroğlu” operasında istifadə etmişdir. Televiziyadakı o çıxışa gəldikdə,
qeyd edim ki, Ü.Hacıbəyovun
“Milli marş”ı haqqında yanlış məlumat verildi, türk marşlarını oxuyan həkim Bəxtiyar İsmayıllının da
adı səhv söyləndi. Zənnimizcə,
efirdən səslənən
hər bir fikir dürüst və dəqiq olmalıdır.
Başqa birisi televiziyada
çıxış edərək deyirdi ki,
Ü.Hacıbəyov 1918-ci ilin mart hadisələrində
İrana qaçmışdır... Yanlış
fikirdir. Baxmayaraq ki, 1918-ci ildə
Üzeyir bəyin evini ermənilər güllə atəşinə
tutmuşdular, onu məhv etməyə çalışırdılar, lakin millətini canından çox sevən bu böyük
insanın heç yerə getmək fikri olmamışdı. Yalnız Nəriman Nərimanovun təkidindən
sonra (hətta biletləri də alınmışdı) Üzeyir bəy “Hacıbəyov qardaşları”
teatr truppası ilə birlikdə 1918-ci ilin may ayından
sentyabra qədər İranda qastrol səfərində olmuşdu.
Oradan Bakıya döndükdən sonra
Ü.Hacıbəyov “Azərbaycan”
qəzetində 1918-ci ilin
mart soyqırımı
ilə bağlı bir çox məqalələr dərc
etdirmişdi.
Türk ordusunun
Azərbaycana gəlməsini, Bakını erməni
daşnaklarından azad, xalqımızı xilas etməsini
Üzeyir bəy böyük qürurla qələmə
almışdır. 1919-cu ilin 31 mart tarixli “Azərbaycan”
qəzetində çap
etdirdiyi “31 Mart” məqaləsində ustad sənətkar belə yazırdı: “Bundan fəna bir hal
olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü
dəf etməyə heç bir vəsilən olmaya! Bakı müsəlmanları
mart günlərində
bu halda idilər! Və əgər türklər,
osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə
idilər, azəri türkləri Bakı həzimətindən sonra
özlərini yığışdırıb
müdafiəyə hazır
olmağa fürsət
tapınca bir Bakıda, Şamaxıda deyil, bəlkə ümumi Azərbaycanda
daş-daş üstə
qalmazdı...”
- Sizcə, Üzeyir bəyi
özümüzə və dünyaya tanıtmaq
üçün daha nələri etməliyik?
- Çox doğru dediniz,
özümüzə tanıtmaq... Əfsus ki,
Üzeyir bəy Hacıbəyovu hələ
də özümüzə
dərindən tanıda
bilməmişik. Üzeyir
bəy elə bir zirvədir ki, onu fəth etmək çox da asan
məsələ deyildir.
Bunun üçün
illər lazımdır.
Üzeyir bəy hər zaman yenidir. O, zirvəsi görünməyən dağı,
dərinliyi bilinməyən
dəryanı xatırladır.
Ona görə də Ü.Hacıbəyovu
özümüzə və
dünyaya yetərincə
tanıtmaq üçün
çox işlər görülməlidir.
Birinci növbədə,
yuxarıda da qeyd etdiyim kimi,
Üzeyir bəy Hacıbəyov irsinin külliyyatı çap edilməli, həm də yüksək səviyyədə hazırlanmalıdır.
Mütəmadi olaraq Üzeyir Hacıbəyov adına müsabiqələr
və Beynəlxalq festivallar keçirilməlidir.
Əsərləri xarici
dillərə tərcümə
edilməlidir. Bütün
musiqi əsərləri
dünya miqyasında sənətsevərlərə çatdırılmalıdır.
Bu gün həm ölkəmizdə,
həm də dünyada Üzeyir bəyin həmişəyaşar
musiqisinə ehtiyac vardır. Təsadüfi deyil ki, 2006-cı ilin yayında
Kanadadakı Niaqara şəlaləsinin sahilində
Motsartın yubileyinə
həsr edilmiş festival Ü.Hacıbəyovun
xalq çalğı
alətləri (notlu) orkestri üçün
1931-ci ildə yazdığı
“Birinci fantaziya”sı ilə açılmışdır.
Sonda bildirim ki, Üzeyir
bəy Hacıbəyovun dahiliyi, onun əsərlərinin
şahanəliyi zamanın sınağından
çıxmış, dünya miqyasında
təsdiqlənmişdir. Biz belə bir soydaşımızın
qədrini bilməli, onu dərindən tanımağı və tanıtmağı bacarmalıyıq.
Üzeyr bəy xalqımızı dünyada
nişan verən sənət zirvəsidir.
Söhbəti
hazırladı:
Xalq qəzeti.- 2008.- 18 sentyabr.- S. 6.