Bu gün Milli Musiqi
günüdür
Bəs
milli musiqimizin günü necədir?
Peşəkar
musiqi yaradıcılığımızın baniləri
Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum
gününü artıq neçə ildən bəri
peşəkar musiqimizin doğum günü kimi bayram
etməklə həm də milli musiqimizin keçdiyi yola
nəzər salıb uğurlu və ya uğursuz
alınmağından asılı olmayaraq, istənilən
halda inkişafa xidmət edən eksperimentləri xatırlayır,
musiqimizin inkişafına qiymət veririk. Üzeyir bəy və onun dostu, məsləkdaşı
Müslüm Maqomayev
(zövqləri, baxışları
bir-birindən bir qədər fərqlənsə də,
onlar ikisi də Azərbaycan musiqisinin düzgün yolla inkişafından ötrü müstəsna
xidmətlər göstərmiş
şəxsiyyətlərdir) milli musiqi mədəniyyəti
tariximizə ilk peşəkar
musiqi kollektivlərini,
xalq mahnılarımızın
nota salınaraq yaddaşlara daha tutarlı tərzdə həkk edilməsini, pedaqoji fəaliyyətləri
ilə bəstəkarlıq
və ifaçılıq
sənətinə yeni
dəyərli adlar və nəhayət, "Leyli və Məcnun",
"Koroğlu", "Nərgiz",
"Şah İsmayıl",
"Arşın mal alan", "O olmasın,
bu olsun" və digər musiqi şedevrlərini bəxş ediblər. Bu dəfə Milli Musiqi gününün
musiqi ictimaiyyətinin
təmsilçiləri arasında
necə qavranıldığını
müəyyənləşdirməyə cəhd etdik. Həm də ənənəni pozub xanəndə və ya irimiqyaslı əsərləri ilə tanınan bəstəkarlara
üz tutmadıq. Milli Musiqi günü anlayışının əslində
çox geniş olduğunu vurğulamaq məqsədilə müasir
ifaçılıq sənətimizin
ən nüfuzlu nümayəndələrinə müraciət etdik - Mübariz Tağıyev və əfsanəvi "Qaya" kvartetinin solistlərindən biri Rauf Babayevə. Hər ikisindən "Milli Musiqi gününün onlar üçün nə demək olduğunu və musiqi aləminə daxil olmaq istəyən gənclərin təfəkküründə
bu anlamın necə qavranıldığı
barədə düşüncə
və müşahidələrini
bölüşməyi" xahiş etdik. M.Tağıyev: "Musiqi aləminin bir zərrəciyi kimi, təbii ki, Milli Musiqi günü
mənim üçün
sevindirici gündür.
Zənnimcə, 18 sentyabr
tarixi təkcə musiqiçilərin bayram günü olmamalıdır.
Bu gün xalqın varlığına,
daxili aləminə daxil olan bir
gün olmalıdır.
Təəssüf ki, milli musiqimizin dayağı olan muğamlarımızdan başqaları
daha səmərəli
faydalanır, nəinki
biz özümüz. Bu yaxınlarda İngiltərə musiqiçiləri
orkestr üçün
yazılmış əsərdə
Azərbaycan muğamlarından
istifadə ediblər.
Bu da təbiidir.
Musiqimizin mükəmməlliyi
hər kəsi cəlb edir, hər bir zövqlü,
peşəkar musiqiçi
Azərbaycan xalq musiqisinin ladlarından faydalanmağa çalışır.
Amma bizdə bu məqamlara fikir verənlər çox azdır. Fikrət Əmirov kimi bəstəkarların,
musiqi yaradıcılığında
əsl şəxsiyyət
olan insanların yeri görünür. Bu istiqaməti tutmağa çalışanlar
arasında yalnız Cəmil Əmirovla Siyavuş Kəriminin adlarını çəkə
bilərəm. Ümumilikdə
isə bu sahədə durğunluqdu,
yeni nəfəs təsiri bağışlayacaq
əsərlər demək
olar ki, yoxdur. Konservatoriyanın sırf orkestr fəaliyyəti üçün
zəruri olan çalğı alətləri
sinfində təhsil almaq istəyən gənclərin sayı ildən-ilə azalır. Gənclərin əksəriyyəti musiqi
fəaliyyətini toylara
getməkdən başqa
heç nə ilə eyniləşdirmir.
O gün bir nəfər deyir ki, bu Üzeyir
bəy neyləyib axı? Bir dənə
"Leyli və Məcnun" operası bəstələyib, başımızı
bəlaya salıb, ondan sonra hamı
o yolu tutub.
Əlbəttə, həmin
adam bu sözləri
zarafatla deyirdi. Amma təəssüf ki, həqiqətən belə düşünənlər
də var. Belələri anlamırlar ki,
Üzeyir bəyin yaşadığı dövr
çox maraqlı dövr olub. Çünki başda Üzeyir bəyin özü olmaqla xalqın əsl inkişafını düşünən
insanlar yaşayıblar
həmin dövrdə.
Xalqının yüksək
musiqi zövqünə
köklənib opera əsərləri yazıblar,
onları tamaşaya qoyublar, kişilərin qadın rollarında çıxış etməsinə
məhz milli kadrların səhnəyə
gətirilməsi ilə
son qoyublar, millətinin nümayəndələrinə
teatra getməyi öyrədiblər. Buna görə də kiminsə işlərinə
qiymət verəndə
insan gərək özünə kənardan
baxsın, birinci öz işlərinə qiymət versin". Rauf Babayev: "Hesab edirəm ki, milli musiqimizə
ayrılan diqqət ən yüksək səviyyədədir. Mən
bəzi müsabiqələrin
münsiflər heyətində
də olmuşam, televiziya vasitəsilə də seyr etmişəm.
Tam məsuliyyətlə
deyə bilərəm
ki, istər gənc muğam ifaçılarının, istərsə
də ustad sənətkarların repertuarları
və ifa tərzləri yalnız zövqlərin cilalanmasına
xidmət edir. Milli musiqimizin bir qolu olan
estrada janrında isə vəziyyət qətiyyən xoşuma gəlmir. Özlərini estrada ifaçısı kimi təqdim edənlərin oxuduqlarının
adı yoxdur. Başa düşmək olmur ki, hansı
musiqini ifa edirlər. Moldav, hind, İran, ərəb və sairə ladları bir-birinə qarışdırıb müasir
Azərbaycan estradası
kimi təqdim edirlər. Məndən hərdən soruşurlar ki, yeni ifalara
qulaq asırsan? Mən də suala sualla cavab
verirəm ki, nəyə qulaq asmalıyam? Tofiq Quliyevin, Rauf Hacıyevin, Telman Hacıyevin mahnıları
ilə tərbiyələnmiş
insan bugünkü ifalara necə qulaq asa bilər?
Əvvəllər mahnının,
romansın ruhuna uyğun olan ifaçını axtarıb-tapırdılar. Amma indi mahnı adlandırılan nələrsə
sifariş olunur, pulla alınır. Bunu başa düşmək olar. Əvvəllər nə bəstəkar, nə də müğənni çörəkpulu dərdi
çəkmirdi. Sadəcə,
sistem başqa idi. Amma sistemin dəyişməsi
o demək deyil ki musiqi
zövqləri korlayan
bir anlayışa çevrilməlidir, konsert
salonlarımız ya bir-biri ilə rəqabətə girib ucuz şoudan başqa bir şey meydana qoymağa bacarığı
olmayan Faiq Ağayev kimilərinin ixtiyarına verilməlidir,
ya da əcnəbi
müğənnilərin. İmkanlı şəxslər əsl musiqiyə xidmət edən ifaçılara kömək
etməlidirlər". Hər
hansı təqdimata ehtiyacı olmayan bu insanların bunca gileyli olmasının
günahkarlarından biri
də kütləvi informasiya vasitələri,
xüsusən də hər bir evin
çağırılmamış qonağı olan televiziyalardır. Telekanal rəhbərləri peşəkarlığı
heç cür özlərinə yaraşdırmırlar.
Yaraşdırsaydılar, kütlənin dalınca
gedib bir-birinin təkrarı olan maqazin proqramlarını rahat efir vaxtında
bir ucdan nümayişləyib, maarifləndirməyə,
zövqləri oxşamağa
köklənmiş az
sayda verilişləri
isə tamaşaçı
auditoriyasının az
toplandığı saatlarda
efirə verməzdilər.
Həftə içi.- 2008.- 18 sentyabr.- S. 8.