Əliyev Z.
Ölüm yatağında çəkilən
rəsm
Haqqında söz açmaq istədiyimiz rəsm 60 il əvvəl çəkilib. Müəllifi mərhum xalq rəssamı Salam Salamzadədir. Bu rəsm əsərində dahi bəstəkarımız, milli musiqimizin bayraqdarı Üzeyir Hacıbəyov ölüm yatağında təsvir edilib. Onu vaxtilə rəssamın qrafik irsini tədqiq edərkən üzə çıxarmışdıq.
1948-ci ildə bəstəkarın 63 yaşında vəfat etməsi bütün ictimaiyyəti kədərləndirmişdi. Onun indiki Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında qoyulan tabutuna üz tutan insan axınının sonu yox idi. Hamı, həmişə sevinc bəxş etməklə ürəklərdə özünə heykəl ucaltmış, məhəbbət qazanmış öz sevimli məşhur soydaşı ilə vidalaşmaq, ona ehtiramını ifadə etmək istəyirdi. Bu vaxt bir neçə rəssam və heykəltəraşın keçirdiyi hissləri isə ölçüyə gətirmək qeyri-mümkündü... Belə ki, onlara görkəmli bəstəkarın ölüm yatağında rəsmini çəkmək, son durumunu tarix üçün əbədiləşdirmək tapşırılmışdı...
Əvvəlcə yaratdığı
Nizaminin heykəli ilə məşhur olan tişə ustası Fuad Əbdürrəhmanov bəstəkarın
üzünün və
əllərinin gipsdən
surətini çıxarır.
Görülən bu işin bu gün
əhəmiyyəti bütün
mənalarda böyükdür,
desək, yanılmarıq.
Bu surətlər hazırda Üzeyir Hacıbəyovun ev-muzeyindədir. Sonra isə rəssamlardan Salam Salamzadə və Kazım Kazımzadə işə
başlayır. Vaxt darlığından təsvirin
karandaşla çəkilməsi tövsiyə
olunur. Buna baxmayaraq, rəssamlara vaxtilə ünsiyyətdə
olduqları bu böyük şəxsiyyəti
həyatda yox, ölüm yatağında
təsvir etmək çox üzüntülü
və çətin idi. Lakin onlar
psixoloji gərginliyə
baxmayaraq, tapşırılan
yaradıcılıq işinin
öhdəsindən layiqincə
gələ bilirlər.
Bu gün artıq tarixləşən
bu rəsmlər Üzeyir Hacıbəyovun
ömür yolunun sonunun bədiiləşdirilməsi
baxımından əhəmiyyətlidir.
Onların hər ikisi adlarını çəkdiyimiz rəssamların
ailələrində qorunur...
Mədəniyyət.- 2008.- 18 sentyabr.- S. 6.