Heydər Əliyev Fondunun  Üzeyir dünyası və  Azərbaycan muğamı ensiklopediyası layihələrinin təqdimatı olmuşdur

 

Sentyabrın 17-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensiklopediyası” layihələrinin təqdimatı olmuşdur.

Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.
“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən kitabı əsasında hazırlanmışdır. Nəşrin birinci hissəsində Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret faktlarla işıqlandırılmışdır. Burada 60 illik dövrdə müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərdə Üzeyir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər öz əksini tapmışdır. İkinci hissədə dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif materiallar toplanmış, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin tam biblioqrafiyası verilmişdir.

Kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır.

“Bədii və publisistik əsərləri” kitabında Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri toplanmışdır.

“Azərbaycanın muğam ensiklopediyası” layihəsi isə Azərbaycan muğamına həsr olunan xüsusi nəşrdir. İki cilddən ibarət olan bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. “Muğam ensiklopediyası” kitabında, ümumilikdə, 1300-ə yaxın mətn, 200-dən çox şəkil vardır. Kitabın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban xanım Əliyevadır.

Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınan muğamlardan tutmuş 2007-ci il televiziya muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər 260 video və audio materiallar MP3 formatında 125 diskdən ibarət 5 albomda toplanmışdır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, bütün halda qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.
Layihələrin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı MEHRİBAN ƏLİYEVA mərasimi açaraq dedi:

–Hörmətli mərasim iştirakçıları!

Əziz dostlar!

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış iki yeni layihənin təqdimat mərasiminə xoş gəlmisiniz. Sizi görməyə çox şadam.

Bu gün biz “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensiklopediyası” adlı iki yeni layihə təqdim edirik. Layihələr müxtəlif olsa da, onlar birgə təqdim olunur. Çünki onların arasında çox dərin bağlantı var.

Muğam aləmi bütövlükdə Üzeyir bəy adlı böyük bir fenomen yaratdı. Üzeyir bəy isə öz növbəsində muğama yeni həyat verdi, muğamı opera səhnəsinə gətirdi, muğam operası adlı yeni bir möcüzə yaratdı.
“Üzeyir dünyası” layihəsinin əsas məqsədi dahi
bəstəkarın çoxsahəli yaradıcılıq irsini bir araya toplamaq və geniş şəkildə xalqımıza təqdim etməkdir. Bununla yanaşı, layihə çərçivəsində işıq üzü görən araşdırmalar elmi və pedaqoji ictimaiyyət üçün də böyük maraq kəsb edəcəkdir. Mən inanıram ki, “Üzeyir dünyası” layihəsi dahi bəstəkarımızın yaradıcılıq irsinin bütün dünyada daha yaxşı tanınmasına da öz layiqli töhfəsini verəcəkdir.

“Üzeyir dünyası” layihəsi bəstəkarın həyat və yaradıcılıq yoludur. Onun bədii və publisistik əsərlərini, not yazılarını və elektron daşıyıcılarında toplanmış musiqisini özündə cəmləşdirir. Çox geniş biblioqrafiya Üzeyir bəyin elmi əsərləri ilə yanaşı, onun haqqında müxtəlif elmi tədqiqatları, elmi yazıları da əhatə edir.
Üzeyir Hacıbəyli Azərbaycan xalq
ının iftixarıdır. Onun yaradıcılığı, yaradıcılıq irsi olduqca geniş və zəngindir. Üzeyir bəy təkcə Azərbaycan professional musiqisinin banisi kimi yox, həm də çox böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli bir yer tutur. Demək olar, Azərbaycan musiqi sənətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin izi olmasın.
Üzeyir bəy “Leyli və Məcnun” operası və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları ilə ilk dəfə müsəlman Şərqində musiqili teatrın əsasını qoymuşdur.
Onun ölməz romansları “Sənsiz” və “Sevgili canan” Azərbaycan kamera musiqisində yeni bir istiqamət aşkar etmişdir. Onun yaradıcılığının zirvəsi olan, şah əsəri olan “Koroğlu” operası, demək olar ki, Azərbaycan musiqi sənətinin tarixində yeni bir səhifə açmışdır.

Bildiyiniz kimi, müsəlman Şərqinin ilk operası məhz Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasıdır və YUNESKO-nun baş konfransının qərarı ilə bu il Parisdə YUNESKO-nun iqamətgahında “Leyli və Məcnun” operasının 100 illik yubileyi çox təntənəli şəkildə qeyd olunmuşdur.

Üzeyir Hacıbəyli təkcə bəstəkar kimi tanınmır, o, həm də böyük alim, böyük maarifçi kimi tanınır. O, çox ürəkdən sevdiyi və dərindən bildiyi Azərbaycan xalq musiqisinin nəzəri məsələlərinə çox böyük diqqətlə yanaşırdı və bu sahədəki 25 illik araşdırmaları, “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük, sanballı bir elm əsəri ilə nəticələnmişdir.

Üzeyir bəyin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, ölkəmizdə qüdrətli milli bəstəkarlıq məktəbi yaratmışdır. O, ölkəmizin musiqi təhsilinin əsaslarını qoymuşdur. Bu gün bu elə bir məktəbdir ki, dünyanın ən böyük ölkələri, ən böyük xalqları belə məktəblə fəxr edə bilərlər.

Bir sözlə, əziz dostlar, Üzeyir Hacıbəylinin yaradıcılığından, irsindən çox danışmaq olar. Sabah biz dahi bəstəkarın ad gününü qeyd edəcəyik. Mən bir daha vurğulamaq istərdim ki, Üzeyir bəyin musiqi sənətinin böyüklüyü yəqin ondan ibarətdir ki, o, hər zaman xalq musiqisinə əsaslanmışdır. O, öz əsərlərində xalq musiqisindən, xalq musiqisinin zirvəsi olan muğamdan istifadə edirdi və xalqa öz musiqisini onun doğma dilində çatdırırdı. Yəqin məhz buna görə də ölkəmizdə Üzeyir musiqisi istər kiçiyin, istərsə də böyüyün dillər əzbəridir.
Üzeyir Hacıbəyli d
ünyasını dəyişəndə Azərbaycan xalqı onunla “Sənsiz” romansının sədaları altında vidalaşırdı. Amma mən bunu deyə bilərəm ki, o gündən bəri yəqin heç bir gün də olmayıb ki, biz onsuz olaq. Müstəqilliyimizin simvolu olan dövlət himnimiz səslənəndə, “Koroğlu” operasının uvertürasının əzəmətinə heyran qalanda, musiqili komediyalara tamaşa edəndə, o komediyaların ölməz qəhrəmanlarının zarafatlarına, kəlmələrinə güləndə, onun romanslarını dinləyib kədərlənəndə biz deyə bilərik ki, Üzeyir bəy bizimlədir, onun musiqisi yaşayır, onun yaradıcılıq irsi yaşayır və əbədi yaşayacaqdır.
Bu gün biz Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə müraciət etməklə, əslində, onun ruhu qarşısında öz vətəndaşlıq borcumuzu verməyə hazır olduğumuzu nümayiş etdiririk.

Əziz qonaqlar, bu gün sizin diqqətinizə təqdim olunan ikinci layihə “Azərbaycan muğamı ensiklopediyası” adlanır. Bildiyiniz kimi, bu sahədə Heydər Əliyev Fondu tərəfindən son illər bir çox irimiqyaslı layihələr, tədbirlər həyata keçirilibdir. Bu sırada mən “Qarabağ xanəndələri” musiqili albomunun işıq üzü görməsini, “Muğam” jurnalının nəşrini, 2005 və 2007-ci illərdə keçirilmiş və çox böyük əks-səda yaratmış televiziya muğam müsabiqələrini qeyd edə bilərəm. Siz bilirsiniz ki, hazırda paytaxtımızın ən gözəl guşələrindən biri olan dənizkənarı parkda Beynəlxalq Muğam Mərkəzinin inşası davam edir. Bu mərkəzin təməlqoyma mərasimində ölkə başçısı və YUNESKO-nun baş direktoru iştirak etmişlər. Əminəm ki, yaxın gələcəkdə biz birlikdə bu mərkəzin açılış mərasimində iştirak edəcəyik.

İnanıram ki, bu gün sizə təqdim etdiyimiz layihə də ölkəmizin mədəni həyatında çox mühüm bir hadisəyə çevriləcəkdir.

“Muğam ensiklopediyası” iki cilddən ibarətdir. Birinci cild özündə muğama aid ətraflı məlumatı cəmləşdirir. İkinci cild isə 125 diskdən ibarətdir. Burada Azərbaycan muğamı müxtəlif sənətkarların ifası - XX əsrin əvvəlində yazılmış muğamlardan, sonrakı dövrün xanəndələrinin və nəhayət, 2007-ci ilin muğam müsabiqəsinin qaliblərinin ifası bir yerə toplanmışdır. Yəni ilk dəfədir muğam ustadlarının və gənc sənətkarların ifaları bir yerdə toplanıb və bununla bizim gözəl muğam irsimizin, demək olar ki, çox dolğun, geniş mənzərəsi yaradılıbdır.

Qeyd etmək istərdim ki, “Muğam ensiklopediyası” artıq işıq üzü görüb, amma bu istiqamətdə işlər davam edir. Bir sıra ifalar bu ensiklopediyaya daxil olmayıb, çünki XX əsrin əvvəlinə aid olan bəzi yazılar hələ ki, bərpa olunur və təbii ki, gələcəkdə onlar öz yerini bu ensiklopediyada tapacaqdır.

Mənim arzum odur ki, bizim bu gün təqdim etdiyimiz ikicildlik gələcəkdə çoxcildliyə çevrilsin və muğam ifaçılarının sayı ildən-ilə artsın. Bizim gözəl muğam qədim ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla, yeni yanaşmalarla zənginləşsin. Əminəm ki, belə də olacaqdır. Muğam artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir və mən bir də qeyd etmək istəyirəm ki, bizim borcumuz və məqsədimiz muğamı qoruyub saxlamaq, onu inkişaf etdirmək, onun gözəl və dərin fəlsəfəsini gələcək nəsillərə və bütün dünyaya çatdırmaqdır.
Əziz dostlar, bu gün bizim dəvətimizi qəbul edib, bizimlə olduğunuza görə mən sizə təşəkkürümü bildirirəm. Bu işdə əməyi olan hər bir insana - bizim muğam ustalarına, sənətkarlarımıza, alimlərimizə öz dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Sizə gələcək uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Sağ olun.

Sonra Mehriban xanım Azərbaycan incəsənət xadimləri ilə səmimi söhbət etdi, onların qayğıları ilə maraqlandı və xatirə şəkli çəkdirdi.

Təqdimat mərasimi incəsənət ustalarının çıxışı ilə başa çatdı.

 

Xalq qəzeti.- 2008.- 18 sentyabr.- S. 3.