Xəlilzadə F.
Millətin övladı
olmaq şərafəti
18 sentyabr Üzeyir musiqi
günüdür
Maestro Niyazinin
təşəbbüsü, ulu öndər Heydər
Əliyevin sərəncamı ilə 20 ilə dönür ki,
respublikamızda hər ilin 18 sentyabrı Üzeyir musiqi
günü kimi qeyd olunur. Böyük bəstəkar
Üzeyir bəy Hacıbəyovun anadan olduğu gün
Azərbaycanda xüsusi təntənə ilə qeyd edilir.
Musiqi məktəblərində, mədəniyyət ocaqlarında,
Musiqi Akademiyasının qarşısında bu dahi
musiqiçinin şərəfinə onun ölməz
əsərlərindən fraqmentlər səsləndirilir.
Azərbaycan
mədəniyyətinin ilk xadimləri acınacaqlı və
məşəqqətli bir yol keçmişlər. Amansız
zülmün, cəhalətin hökm sürdüyü bir
şəraitdə Azərbaycanda Milli Musiqili Teatrın yaradılması
nadanlığa, cəhalətə meydan oxumaq demək idi. Məhz belə ağır vəziyyətə,
əzablara baxmayaraq, hədsiz çətinliklərə,
təqib və təzyiqlərə məhəl qoymadan bu
şərəfli işin öhdəsindən bacarıqla
gələrək opera yazmaq işini cəsarətlə
başlayan və inamla davam etdirən Üzeyir Hacıbəyov
XX əsr Azərbaycan musiqisinin inkişafında
böyük xidmətlər göstərdi. Üzeyir
Hacıbəyovun kimliyi barəsində
düşünərkən ilk növbədə bu dahi
insanın öz sözləri yada düşür:
"Bəşəriyyət tarixində elə
şəxslər var ki, onlar özləri üçün anadan
olmayıblar, bəlkə bütün xalqa və hətta
ümuminsaniyyətə xeyir gətirmək və
tərəqqisinə səbəb olmaq üçün
yaranıblar. Bu cür adamlar nəinki
sağlığında, bəlkə öləndən sonra da
camaata mənfəət verirlər". Bu müdrik fikrin
ahəngindəki məna çox
düşündürücüdür. Həqiqətən
də elə şəxsiyyətlər var ki,
sağlığında olduğu kimi,
əbədiyyətə qovuşduqdan sonra da
ölümsüzlük qazanaraq müqəddəs
əməlləri, yaradıcılığı ilə
nəinki xalqına, bütün bəşəriyyətə
xidmət edirlər. Üzeyir Hacıbəyov
yaradıcılığa başladığı ilk
gündən sübut etdi ki, o, nəinki bir ailənin,
bir mahalın, bir xalqın, eləcə də bütün
türk dünyasının böyük oğludur.
Qarabağdan pərvazlanan bu parlaq sima millətinə və
ölkəsinə elə bir əbədi şöhrət
gətirdi ki, ziyası Günəş kimi əbədi
işıq saçmaqdadır.
60 ildir ki, Üzeyir
Hacıbəyov haqq dünyasına qovuşub. Amma bu uzun
illər ərzində onun unudulduğu, yaddan
çıxdığı an belə olmayıb. Təkcə Azərbaycanda deyil, dünyanın
çox yerində Üzeyir bəyin musiqisi səslənir,
sevilir, insanlar tərəfindən məhəbbətlə
qarşılanır. Ümummilli lider Heydər Əliyevin
ən çox sevdiyi bəstəkar da məhz Üzeyir bəy
idi.
Üzeyir Hacıbəyov bəstəkar, alim,
yazıçı, publisist, ictimai və siyasi xadim kimi
çoxşaxəli fəaliyyəti ilə yanaşı,
Şərqdə ilk operanın banisi kimi məşhurdur. Məhz onun fədakar əməyi sayəsində
Azərbaycan milli opera sənətinin tarixi Üzeyir
Hacıbəyovun 100 il bundan öncə tamaşaya qoyulan
"Leyli və Məcnun" operası ilə başlandı.
Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev,
rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda
Hüseynqulu Sarabski, Leyli rolunda isə aşbaz şagirdi
Əbdürrəhim Fərəcov çıxış
etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12-də
(25-də) Bakıda H.Z.Tağıyevin teatrında olmuşdur.
Dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin eyni adlı poeması
əsasında yaranmış "Leyli və Məcnun" yalnız
ilk Azərbaycan operası deyil, həm də Şərqin ilk
operasıdır. Bu gün biz fəxr edirik ki, qoca
Şərqin opera tarixi məhz bu gündən başlanıb.
Bu şərəfli salnamədə ilk ad 22 yaşlı
bəstəkar Üzeyir Hacıbəyovun ölməz ismidir.
İlk operanın
uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca
"Şeyx Sənan" (1909), "Rüstəm və
Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu",
"Əsli və Kərəm" (1912), "Harun və
Leyla" (1915) kimi milli operalar yazdı.
Üzeyir
Hacıbəyov yaradıcılığının kulminasiya
mərhələsi "Koroğlu" operası ilə
başladı. "Koroğlu"
təkcə Azərbaycan mədəniyyətində deyil,
dünya operalarının sırasında
əzəmətlə dayanan parlaq nümunələrdən
birinə çevrildi. Beş pərdədən
ibarət olan bu operanın liberetto müəllifləri
H.İsmayılov və Ordubadidir. Burada bir məsələni
də qeyd edək ki, Üzeyir Hacıbəyov yalnız bu
operanın liberettosunu özü yazmamışdır.
"Koroğlu"nun ilk
tamaşası 1937-ci il aprelin 30-da olmuşdur. Bu, elə
bir dövr idi ki, Azərbaycanda repressiyalar qara
caynağını hər tərəfə uzadaraq millətin
ziyasını qapatmaqla məşğul idi. Məşhur
şairlər, yazıçılar, ictimai-siyasi xadimlər,
bir sözlə, millətin xoş sabahları
üçün fəaliyyət göstərən insanlar
həbs edilərək ya uzaq Sibirə göndərilir, ya da
Xəzərdə balıqlara yem olurdu. Belə bir zamanda xalq
qəhrəmanı haqqında opera yazmağın nə
demək olduğu aydındır. Zülm və
işgəncələr içində boy göstərmək,
cəsarətli addım atmaq, millətə və torpağa,
vətənə xidmət etmək Üzeyir Hacıbəyovun
qanında idi. O, ilk qələm təcrübəsindən
başlayaraq nadanlığın, işgəncənin,
ölümün içindən gələcəyə,
ümidli sabahlara boylanırdı. Onu bu yoldan heç nə
sapdıra bilmirdi. Bəzən də bu cəsarəti onu
həqiqətən qara tufanların torundan xilas edirdi. "Koroğlu"
operası Moskva tamaşaçılarını da məftun
etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng
əsər keçmiş sovet respublikalarının opera
və balet teatrlarında dəfələrlə
göstərilmişdir. Bir təzada fikir verin: Üzeyir
Hacıbəyov Stalin rejiminin ən ağır zamanında -
1941-ci ildə onun adını daşıyan mükafata layiq
görülüb.
Üzeyir
Hacıbəyovun "Füruzə" adlı
yarımçıq qalmış bir operası da olub. Xalq
rəvayətləri əsasında hazırlanan bu operanın
musiqi parçaları arasında "Füruzə"nin
ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə
elə buna görədir ki, opera yarımçıq qalsa da,
ariya uzun illər müğənnilər tərəfindən
məharətlə ifa edilib.
Şərqdə ilk
operetta janrının yaranması da Üzeyir Hacıbəyovun
adı ilə bağlıdır. Dahi
bəstəkarın ilk musiqili komediyası üç
pərdədən ibarət "Ər və arvad"dır.
Bu əsər Azərbaycanda musiqili komediyanın ilk
nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu
ildə olmuşdur. Rollarda H.Sarabski (Mərcan bəy),
Ə.Ağdamski (Minnət xanım) və başqaları
çıxış etmişlər.
Müəllifin ikinci
musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin
ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olmuşdur.
Sonralar musiqili komediya müxtəlif dillərə
tərcümə olunaraq Qafqazyanı ölkələrdə,
eləcə də Türkiyədə, Bolqarıstanda,
Yəməndə və digər
məmləkətlərdə tamaşaya qoyulmuşdur.
Dahi bəstəkarın
üçüncü və sonuncu musiqili komediyası
"Arşın mal alan"dır. Sankt-Peterburq
Konservatoriyasında təhsil aldığı ildə (1913)
Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə
yaxın xarici dilə tərcümə edilmiş, 100-dən
çox teatrın səhnəsində oynanılmışdır.
"Arşın mal alan" beş dəfə
ekranlaşdırılmış, dəfələrlə
qrammafon valına yazılmışdır. Bu musiqili komediya
əsasında ilk bədii film 1916-cı ildə
çəkilmişdi. Bu, səssiz film olub.
İkinci dəfə
1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov
"Arşın mal alan"ı yenidən
ekranlaşdırmışdı. Lakin o bu işi
görərkən nə müəllifdən icazə
almış, nə də onunla
məsləhətləşmişdi. Bu
səbəbdən də cəmi iki gün nümayiş
etdirilən film ekrana buraxılmamışdır.
Üçüncü dəfə isə 1937-ci ildə
ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi
"Arşın mal alan"ı Üzeyir Hacıbəyovdan
icazə almadan, ekranlaşdırmış və hətta
filmdə Üzeyir Hacıbəyovun adını belə
göstərməmişdir (ermənilər görün nə
vaxtdan milli və mədəni sərvətlərimizə
göz dikiblər - F.X.).
Dördüncü
dəfə "Arşın mal alan" 1945-ci ildə Bakı
kinostudiyasında ekranlaşdırılmış və bu
musiqili film də dünyada geniş şöhrət qazanmışdır.
Baş rolda Rəşid Behbudov çəkilib.
1965-ci ildə isə "Arşın mal alan" musiqili
komediyası Bakıda yenidən ekranlaşdırıldı.
Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi
redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu
alınmışdı. Baş rolun ifaçısı
Həsən Məmmədov olub.
"Arşın mal
alan"ın taleyi həqiqətən uğurlu olub, bu gün
də həmin musiqili komediyaya böyük maraq
duyulmaqdadır. Bu səbəbdən də teatrların
repertuarından düşməyən "Arşın mal
alan" həmişəki kimi tamaşaçıları
valeh etməkdədir.
Üzeyir
Hacıbəyovun ədəbi irsi çox zəngin və
qiymətlidir. Bütün ömrü boyu Azərbaycan
mədəniyyətinə, musiqisinə xidmət edən bu
unudulmaz şəxsiyyət 300-dən çox xalq
mahnısını nota salmış, marş, kontata, fantaziya,
mahnı və romanslar, kamera və xor əsərlərini
yazmışdır. Maraqlıdır ki, həm Azərbaycan
Xalq Cümhuriyyətinin, həm də sovet
Azərbaycanının himnləri dahi sənətkara
məxsus olmuşdur. Sevinirik ki,
müstəqilliyimizi qazandıqdan sonra millətimizə
azadlıq şərafəti çatdıran o ilk himni biz bu
gün yenə də məhəbbətlə
səsləndiririk.
Üzeyir Hacıbəyov təkcə musiqi
bəstələmirdi, həm də xalq musiqisinin nəzəri
əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər
hazırlayırdı. Onun 1945-ci ildə nəşr edilmiş
"Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi
əsəri Üzeyir Hacıbəyovun musiqişünas-alim
kimi mükəmməl fəaliyyətinin yadigarı kimi bu
gün də musiqi dərsliyi kimi istifadə edilir.
Üzeyir
Hacıbəyov 1948-ci ilin noyabrında 63 yaşında
dünyasını dəyişib. O
hüznlü günlərin şahidləri öz
xatirələrində yazırlar ki, Bakıda o vaxta
qədər elə dəfn mərasimi olmamışdı.
Bütün Azərbaycan böyükdən-uşağa kimi
göz yaşları içərisində millətin
böyük oğlunu son mənzilə yola salırdı.
Sanki o gün millətin hamısı paytaxta
yığışmışdı. İndi dahi
sənətkarın vəfatından 60 il keçsə də,
o, həmişə qəlbimizdə yaşamaqdadır.
Azərbaycan.- 2008.- 18 sentyabr.- S. 6.