Qaliboğlu E.
123
yaşlı Üzeyir Hacıbəyli
Koroğlu Uvertürası, Sənsiz romansı və
Dövlət Himni onun yaradıcılığının
bənzərsiz zirvəsidir
Bu gün dahi
bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 123-cü ildönümüdür. Hər ilin bu günü artıq neçə ildir
ki, Milli Musiqi Günü kimi də qeyd olunur. İllər
keçəcək, ümumiyyətlə, Hacıbəyovlar
nəslinin mədəniyyətimizin inkişafındakı
əvəzsiz xidmətləri ilə bağlı daha yeni-yeni
soraqlar üzə çıxacaq. Bu
baxımdan Azərbaycan professional musiqisinin
yaradıcısı Üzeyir Hacıbəylinin
gördüyü işlər son dərəcə
heyrətamizdir. Üzeyir bəyin Azərbaycan Xalq
Cümhuriyətinin möhtəşəm himnini yazması, o
dövrdə Cümhuriyyətin yaşaması
üçün xeyli gərəkli sahələrdə
çalışması onun daim millətimiz
üçün yaşamasından xəbər verir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni son
dərəcə möhtəşəmdir: bu gün
sözügedən himn Azərbaycan Respublikasının
dövlət himnidir. Bu himnin sözlərində müəyyən
uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə olması
danılmazdır: himnin əvvəlinin fəlsəfi
mənası haray, ortası ümid, sonu isə inamdır...
Məhz
Hacıbəyovlar nəslinin sözün böyük
mənasında yaradıcılıq təşnəsinin
güclü olmasındandır ki, bu nəsildən olan Ceyhun
Hacıbəylinin gördüyü işlərin qiyməti,
dəyəri bundan sonra daha aydın şəkildə
bilinəcək. Ədəbiyyat
və İncəsənət Arxivinin direktoru Maarif Teymur deyir: "Təəssüf ki, zamanın
gərdişindən, 70 illik Sovet imperiyasının ideoloji
mübarizəsinin nəticəsində Ceyhun Hacıbəyli
kimi şəxsiyyətlərin əməlləri
barədə bilgilər almaq yasaq olunmuşdu. Çünki bu
şəxslər sovet ideologiyasını qətiyyən
qəbul etmir, gec-tez onun süqut edəcəyinə
inanırdılar".
Bu gün Azərbaycanda
ədəbiyyat, musiqi sahələrində yeni
nəfəslərin, orijinallığın tədricən
azalması müşahidə edilməkdədir. Azərbaycan
professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin
gördüyü işlərin qətiyyən inkar
edilməməsi şərtilə indi də yeni-yeni
nəfəslərin meydana çıxmasına, yeni-yeni
sənət zirvələrinin yaranmasına böyük ehtiyac
var. Amma acınacaqlı haldır ki, bu gün belə
zirvələri yox, olanların, yaradılanların
kor-koranə şəkildə
təkrarçılığının, daha çox isə
təqlidçiliyinin şahidi oluruq. Məsələn,
məşhur "O olmasın, bu olsun", "Arşın mal
alan" kimi əsərlər müasirləşdirilir,
obrazlar bugünkü tamaşaçının, gənc
nəslin gözündə
cılızlaşdırılır. Bu cür şoular xalqın
sabahkı yaradıcılıq üfüqlərini
daraldır. Bu, hər şeydən əvvəl o deməkdir
ki, böyük mənada yeni yaradıcılar meydana
çıxmalıdır. Möhtəşəm
sənətkarlar yenə də özünəməxsus
şəkildə fərdiliklərini yaratmalı və
yaddaşlarda bu cür iz qoymalıdırlar.
Yeri gəlmişkən,
100 il qabaq Bakıda səhnələşdirilən "Leyli
və Məcnun" operasının ikinci tamaşasından
etibarən qadın rolunun ifaçısı kimi
tamaşaçıların diqqətini cəlb edən, az
sonra "Əhməd Ağdamski" təxəllüsü
ilə özünü ictimaiyyətə təqdim edən
Əhməd Bədəlbəyov haqqında təəssüf
ki, bugünkü təzə nəsil demək olar, heç
nə bilmir. Sənətkarın oğlu, professor Telman
Ağdamski deyir ki, Əhməd Ağdamskinin Üzeyir
Hacıbəyov və onun qardaşı ilə doğma, ciddi
münasibətləri olub: "Atam xalası
oğlu Üzeyir bəydən bir yaş böyük olub.
20-ci yüzilin əvvəllərində tədricən elm,
mədəniyyət inkişaf etməyə
başlayırdı. Üzeyir bəy yazırdı ki, o
dövrdə Azərbaycanda mədəniyyət axtarmaq minlərlə
buğdanın içində darını axtarıb
tapmaq kimi çətin bir məsələ idi. Məhz
xalqı düşdüyü durumdan qurtarmaq üçün
fədakar insanlar meydana çıxdı. Məhz bu
çabalar Üzeyir bəyin "Leyli və Məcnun"
operası ilə müəyyən bir mərhələnin
yaranmasına və inkişaf etməsinə səbəb oldu.
Hələ 19-cu yüzilin axırlarında Şuşada
Ə.Haqverdiyev "Məcnun Leylinin qəbri
üstündə" adlı bir məqamı
səhnələşdirib. O zaman bu partiyanı məşhur
xanəndə Cabbar Qaryağdıoğlu oxuyub. Üzeyir
bəy bu hadisədən sonra "Leyli və Məcnun"
operasını səhnələşdirmək fikrinə
düşür.
Əslində
böyük çətinliklər operanın
səhnələşdirilməsi zamanı meydana
çıxır. O zaman camaatın opera haqqında
təsəvvürü belə yox idi. Muğam oxuyan hər
hansı bir kəsin birbaşa səhnəyə
çıxarılması mümkün deyildi. Üzeyir
bəy əsərin məşqlərinə
əvvəldən tanıdığı Hüseynqulu Sarabskini
Məcnun roluna dəvət edir. Bu, o çağlar idi ki,
qadınları nəinki səhnəyə, ümumiyyətlə,
teatra qoymazdılar. Belə şəraitdə
qadın rollarını oynamağa bir kəs
tapılmırdı. İmkanlı, intelligent adamların
xanımları teatra gələndə onların lojada
xüsusi yeri olurdu, qabaqlarına da pərdə
çəkilirdi ki, kimsə onların sifətini görə
bilməsin. Çox axtardıqdan sonra Leyli roluna bir
çayxana şagirdini tapırlar. "Leyli və
Məcnun" operasında ilk dəfə Leyli rolunu yaradan
Əbdürrəhim Fərəcov olub. Ə.Fərəcov
rolun öhdəsindən gəlsə də, bundan sonra
hədələr başlayır. Lağ obyekti
olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir,
səhnədən uzaqlaşır. İkinci tamaşanın
aprel ayının 21-də qoyulması
planlaşdırılır. Üzeyir bəyin yadına
düşür ki, "Realni" məktəbdə oxuyan
xalası oğlu Əhməd Bədəlbəyov
məlahəti səsi ilə onları
vəziyyətdən çıxara, Leyli rolunu ifa edə bilər.
Atamla məsləhətləşir, onun
razılığını alır. 1922-ci ilə kimi
Əhməd Ağdamski Üzeyir bəyin yazdığı
bütün opera və operettalarda qadın rollarını ilk
dəfə və böyük məharətlə yaradır.
"Ər və arvad"da Minnət xanım, "Şeyx
Sənan"da Xumar, "O olmasın, bu
olsun"da Gülnaz xanım, "Rüstəm və
Söhrab"da Təhminə, "Əsli və
Kərəm"də Əsli, "Arşın mal alan"da
Gülçöhrə, "Leyla və Harun"da Leyla və
başqa rolları yaradır. 1916-cı ildə Soltan
Hacıbəyov "Aşıq Qərib" operasını
yazır. Atam burada da rolunun öhdəsindən
məharətlə gəlir. Atam olmasaydı, o dövrdə
"Leyli Məcnun", eləcə də digər
tamaşalar bu səviyyədə qarşılanmayacaqdı".
Bir neçə il qabaq
Azərbaycan cəmiyyətində Üzeyir Hacıbəylinin
itmiş, daha doğrusu oğurlanmış
əlyazmalarının, əşyalarının
oğurlanması, tapılması, yenidən muzeyə
qaytarılması ilə bağlı
söz-söhbətlər kulminasiya nöqtəsinə
çatdı. Türk ruhundan
doğulmuş Üzeyir Hacıbəylinin canlı
yaradıcılıq soraqlarının
sübutu, ifadəsi olan əlyazmalarının yoxa
çıxarılması istəyi onu sevməyənlərin
gözündə qaldı. Bu hadisə real mənada
xətasız sovuşsa da, hər halda bizim üçün
sözün əsl mənasında dərs olmalıdır.
Yəni bir xalq olaraq belə
hadisələrdən bundan sonra da
sığortalanmayacağımızı, belə
hadisələrin yenə də baş verə
biləcəyini, daim belə təhlükəli
vəziyyətlərə hazırlıqlı,
ayıq-sayıq olacağımızı dərk etməliyik.
Zaman-zaman Azərbaycanın çoxlu milli-mənəvi
soraqları məhv edilib, başqa millətlərin adına
çıxılıb. Bizi sevməyənlər mümkün
qədər belə nümunələri təhrif ediblər.
Yüzillərlə türkə qarşı həqarət,
hər cür murdarlıq, xəyanətlər edən
köksüz-soysuz, ruhsuz ermənilər xüsusən son bir
əsrdə daha da amansızlaşıblar. Professor
Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin
Azərbaycan tarixində, ictimai fikrində oynadığı
əhəmiyyətli, son dərəcə əvəzsiz
rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli
Azərbaycan tarixində baş verən qalmaqallı,
köklü dəyişiklər şəraitində
dünyaya gəlib və sanki millətinin taleyi onun taleyinə
çevrilib: "O zamankı Azərbaycanın ictimai
həyatında təzadlar üzərində qurulmuş
qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni
həyat tərzi ənənələrinin yaradılmasına
imkan vermirdi. Bir tərəfdən yerli
əhalinin Şərq dünyasına, islam dininə
bağlılığı, digər tərəfdən neft
sənayesi ilə bağlı Avropadan böyük
axının olması Bakıda fəhlə sinfinin
yaranması nəticəsində, Azərbaycanda yeni ictimai
münasibətlərin əmələ gəlməsi ilə
əlaqədar idi. Xalqımızın yüz il
ərzində başına gətirilən
fəlakətlər, sovet dövrünün 30-cu
illərdə, eləcə də başqa dövrlərdə
verdiyi əzablar millətimizin yaddaşına, genlərinə
qara səhifələr kimi daxil olub".
Gülnaz xanım ardıcıl olaraq
fəlakətlər yaşayan xalqın tarixində Üzeyir
Hacıbəyovun oynadığı müstəsna roldan
danışaraq bildirir ki, o, insanların əsrlər boyu
çəkdiyi acınacaqlı həyat və çaşqınlığın
yaddaşlardan silinməsinə, soydaşlarını bir insan,
vətəndaş kimi dirçəltməyə və
yaşatmağa çalışırdı, siyasi, ictimai yolla
bacarmadığı addımlarını sənət
əsərləri vasitəsilə həyata keçirirdi. Onun
dahiliyi də bunda idi. Yaratdığı obrazlar, musiqi
parçaları hər bir insanın ürəyinə yol
tapır və doğmalaşırdı. Üzeyir bəyin
istedadı bu xalqa düşmən olanlar üçün
təhlükə demək idi. Heç də təsadüfi
deyil ki, Üzeyir bəyin zəngin yaradıcılıq
dünyasına vardıqca istər-istəməz vahidlik və
milli ruh yüksəkliyi yaranırdı. Təbiidir ki, bunu
kənardan izləyənlər heç də az deyildi.
Hələ sağlığında bunların arasında
şüurlu şəkildə Üzeyir bəyin bütün
yaradıcılığına təcavüz edənlər az
deyildi. Amma son dövrlər biz Üzeyir bəyə olan
paxıllığın şahidi olduq. Onun
demək olar ki, bütöv şəxsi arxivi - not
əlyazmaları, elmi əsərləri ilə bağlı
qeydləri, əlyazmaları, operaların, operettaların,
kontataların və s. kiçik və böyük
əsərlərin ilk, yaxud yeganə partitura
nüsxələri, o cümlədən "Leyli və
Məcnun", "Arşın mal alan", "Şah Abbas və Xurşudbanu" kimi
əsərlərin, çoxsaylı məktublaşmalar,
eləcə də Qori seminariyası dövründən
nişanlısı, sonralar həyat yoldaşı Məleykə
xanımla, musiqi əsərlərinin quruluşu ilə
bağlı keçmiş SSRİ və digər
ölkələrlə apardığı
sözləşmələr, deputat kimi məktublarında
əks olunan yazışmaları, saysız-hesabsız
afişalar bu qəbildəndir. Həmçinin Üzeyir
bəyin 1912-ci il tarixi ilə qeyd olunmuş "Azərbaycan
xalq musiqisinin əsasları" adlı elmi əsərinin
əlyazma nüsxəsi, bəstəkarın şəxsi
əşyaları, doğum haqqında şəhadətnamə
və s. itmə təhlükəsi qarşısında
idik".
Görəsən,
Üzeyir bəyin yaradıcılıq illərinin yalnız
bir nüsxədən ibarət olan arxiv materiallarının
itirilməsində məqsəd nə idi: "Bu ilk və yeganə
nüsxələri aradan götürməklə, Üzeyir
bəyin varlığını, dahi insan kimi, bəstəkar,
publisist, ictimai xadim kimi fəaliyyətini şübhə
altına almaq və Azərbaycan tarixində onun adını
silmək ən başlıca məqsəd idi. Lakin çirkin niyyətlər baş tutmadı. Bu
əsərlər XX əsr Azərbaycan musiqi,
bəstəkarlıq məktəbinin formalaşması tarixi,
milli musiqi üslubunun, elmi nəzəri fikrinin Üzeyir
Hacıbəyli irsinin bir sıra elmi tarixi
məsələlərinin araşdırılması
baxımından sözügedən sənədlər
xüsusi tarixi elmi, mədəni dəyərlərə malik
soraqlar kimi dəyərləndirilib". Üzeyir bəyin
həyat yoldaşı Məleykə xanımla, dostları,
qohumları ilə məktublaşması onun həyat yolunun,
tərcümeyi-halının daha tam və dolğun
işıqlandırılması üçün qaynaqlardır.
Bu məktublarda Üzeyir bəyin
yaradıcılığı ilə bağlı
məsələlər də (müqavilələr, Moskvada
təhsil illəri, məişəti əks etdirən
yazışmalar, məsləhətləşmələr,
şəxsi münasibətlər) öz əksini tapır.
Üzeyir bəy "Leyli və Məcnun" operası ilə
Azərbaycanın gələcək musiqi dilinin istiqamətini
göstərdi. Operettaları vasitəsilə tipajlar
yaratdı, millətimizin psixoloji özəyini açdı. Bununla
o, kütlənin şüurunu formalaşdırmış
oldu. Heç təsadüfi deyil ki, indiyə qədər
də "Məşədi İbad", "Arşın mal
alan" kimi əsərlərdə səsləndirilən
fikirlər xalq arasında zərb-məsələ
çevrilib
Xalq cəbhəsi.- 2008.- 18 sentyabr.- S. 14.